«Kaş ki, Azərbaycan da türkmən qaçqınların bir hissəsini qəbul edəydi» - MÜSAHİBƏ
21-08-2015, 20:16
Uzun müddətdir İŞİD-in hücumları və təbii ki, amansızcasına törətdiyi qətllərlə sarsılan İraqda, nəhayət, ürəkaçan bir xəbərin işartısı duyuldu. Məlum oldu ki, baş nazir İbadi hökumətdə islahatlar aparmağa, ardıyla da milli birliyə nail olaraq İraq torpaqlarını qada-bəladan qurtarmaq niyyətindədir. Amma üzərindən bir-iki gün keçəndən sonra bəlli oldu ki, Səddam və Maliki dönəmində olduğu kimi, İbadinin milli birlik yapratma ideyası da türkmənlərin milli maraqlarını ayaqlar altına atıb. Yəni bu xalqın hökumətdə cəmi bir naziri vardı, onu da ixtisara salıblar. Olsun amma o, milli birlik naminə başqa nazirliyə rəhbərlik etməli idi…
Yeri gəlmişkən, dünən tamamilə fərqli bir xəbərdə isə qədim türkmən şəhəri olan Kərkükdə ermənilər üçün kilsənin açıldığını eşitdik. Hətta açılış tədbirinə Bağdaddan nazir müavinlərindən biri də qatılıb. Elə xəbərləri toplayıb, cavab almaq üçün sualları yönəltdim İraqın keçmiş millət vəkili, türkmən xalqının milli lideri, Türkməneli Partiyasının sədri Riyaz Sarıkahyaya. Elə əvvəlcə erməni kilsəsi məsələsinə aydınlıq gətirdi.
- Şəhərdə əvvəldən bir erməni kilsəsi var. Çünki burada ermənilər elə çox deyillər – cəmi 20 nəfərdirlər. Onlar da yüz il əvvəl Türkiyədən gələnlərdən qalmadır. Qalanları daha yaxşı yaşayış ardınca Amerika və Avstraliyaya köçüblər. Yenə təkrar edirəm: Kərkükdə bircə dənə erməni kilsəsi var, heç bir yenisi açılmayıb.
- Müharibənin, qalmaqalların içində bu xəbər məni də bir qədər təəccübləndirmişdi. Yeri gəlmişkən, orada vəziyyət necədir, İŞİD-in hücumları davam edirmi?
- Türkməneli torpaqlarının yarısı bu gün İŞİD-in nəzarətindədir. Həmin ərazilərdə yaşayan türkmənlərin əksəriyyəti canlarını götürüb ölkənin dörd bir yanına köçüb. Hətta Türkiyəyə köçənlər də az deyil. Bu gün də İŞİD tərəfindən qətlə yetirilən türkmənlərin xəbərlərini almaqdayıq. Bu azmış kimi, kürd partiyalar Kərkük və Duz Xurmatu bölgələrinə nəzarət edirlər. Mütəmadi olaraq bu ərazilərdə türkmənlər girov götürülür, böyük pullar müqabilində azad edilir, bir çoxları isə öldürülür. Məsələn, dünən axşam Kərkükdəki «Mərcan Hotel»in sahibi olan əslən türkmən Emin Fiter qaçırılıb, oğlu isə öldürülüb. Onu azad etmələri üçün yarım milyon dollar istəyirlər. Özü də onu bizim partiyadan iki tin arxada yerləşən küçədəki evinin qabağında qaçırıblar. Beş gün əvvəl də bir gəncimizi, ondan bir həftə əvvəl isə başqa bir türkmən qətlə yetirilmişdi. Biz kürd mənşəli qatillərdən şübhələnirik. Türkmənlər bu gün çox narahatdır. Xüsusilə də Türkiyəyə PKK-ya qarşı əməliyyatlara start verəndən sonra terrorçuları dəstəkləyən kürd qruplar hərəkətə keçib. Biz də türkmən partiyalar olaraq kürd partiyalarının liderləri ilə danışıqlar aparmağa başlamışıq. Təbii ki, kimsə bu cinayətlərin məsuliyyətini öz üzərinə almır. Qısası, Kərkükdə türkmənlərin həyatı qorunmur, cinayətkarların tutulması üçün heç bir iş görülmür.
- Valiyə şikayət etdinizmi türkmən partiyaların rəhbərləri olaraq?
- Telefonla danışırıq, bu şənbə yenidən bir araya gəlmək fikrimiz var. Amma əminik ki, o da «sıradan cinayətdir, siyasi mənası yoxdur» deyəcək. Əsas məsələ odur ki, İraq dövləti xaos içindədir…
- Xaosdan söz düşmüşkən, islahatların nəticəsi nə yerdə qaldı?
- Baş nazir İbadi rüşvət və korrupsiyaya qarşı mübarizə aparır. Nazirlər Şurasının üzvlərinin sayı azaldılaraq 33-dən 22-yə endirilib. Amma ən qəribəsi budur ki, haqqında heç bir korrupsiya faktı olmayan türkmən nazirimiz Məhmət Mehdi də vəzifəsindən alınıb. Hansı ki, o, əslində şiələri təmsil edirdi və İnsan Haqları Nazirliyinə başçılıq edirdi. Artıq Nazirlər Şurasında bir nəfər də olsun türkmən nazir qalmadı. Ona görə də buna etiraz edən bir qrup türkmən Bağdadda aksiya keçirib. Bu gün isə Kərkükdə türkmənlərin etiraz aksiyaları baş tutub. Məqsəd ictimai diqqəti üzərimizə yönləndirməkdir. Bu böyük haqsızlıqdır. Təsəvvür edin ki, bəyənmədiyimiz Malikinin dönəmində türkmənlərin 3 naziri vardı, İbadi isə onların hamısını kənara atdı. Biz xalq olaraq islahatları dəstəkləyirik, amma türkmənlərin hökumətdə təmsilçiliyinin aradan qaldırılmasını qəbul edə bilmərik.
- Yeri gəlmişkən, kürdlərin neçə naziri var?
- Kürdlərin nazirlərinə toxunmayıblar. Çünki Bərzani onları hədələdi. Üstəlik, nəzərə alın ki, prezident də kürddür. Parlamentin sədri sünni ərəb, baş nazir isə şiə ərəbdir, amma türkmənlərə heç nə çatmır. Hansı ki, İraq konstitusiyada yazılır: İraq xalqı ərəb, kürd, türkmən, sünni və şiəsi ilə qardaşdır. İbadini ABŞ, İngiltərə, eləcə də şiə qruplar dəstəkləyir. İraq xalqı isə əvvəlki hökumətlərin uğursuz siyasətindən bezdikləri üçün İbadinin islahat proqramını dəstəkləyir. İbadi də bu dəstəkdən istifadə edərək ənənəvi şiə siyasətçilərə arxalandı.
- Amma 3 milyondan artıq sayı olan türkmənlər ayağa qalxmalı və milli haqlarını küçələrdə etiraz aksiyaları keçirməklə tələb etməlidirlər. O zaman Bağdad hökuməti də türkmənlərin varlığını diqqətə alar…
- Bütün türkmən təşkilatları, o cümlədən, Türkməneli Partiyası etiraz etməkdədir. Yenə deyirəm, diqqət çəkmək istəyirik. İnşallah sonda Nazirlər Şurasında bir nazir postu türkmənlərə verilər. İraq ciddi çalxantılarla üz-üzədir. Şiələr arasında ixtilaf yaranıb. Şimalda isə Bərzaninin növbəti dəfə hakimiyyət müddətini uzatma problemi var. Puk Goran və islamçı partiyalar onun vəzifədə qalma müddətinin uzadılmasına qarşıdırlar. Amma türkmən və xristianların güclü dəstəyi sayəsində onu vəzifəsindən ata bilmədilər. Bu gün Kürdüstan muxtariyyəti daxildən parçalanma prosesinə girib. Yəni bölgəmizdə ciddi dəyişiklik gözlənilir. Biz də öz adımızdan çalışırıq ki, ölkəmizdə sülh, sabitlik yaransın, insanlar azad və təhlükəsiz yaşasınlar.
- Mən ilin əvvəlində Kərkükdə olanda türkmən könüllülərdən ibarət hərbi bölmələr yaradılırdı. Həmin qüvvələr indi də var?
- Bəli. Kərkükdə qurulan xalq könüllülərindən ibarət 16-cı briqadanın digər adı Türkmən təhlükəsizlik qüvvələridir. Türkmən qardaşımız Yılmaz Nəccarın rəhbərlik etdiyi briqada İŞİD-ə qarşı mübarizə aparır və insanlarımızın təhlükəsizliyini qoruyur. Yeri gəlmişkən, açıqlamaq istəmədiyim layihələrimiz də var ki, bunları həyata keçirməklə torpaqlarımızı İŞİD-dən qurtaracağıq.
- Bir dəfə demişdiniz ki, Türkmən Məclisi qurursunuz, nə oldu onun aqibəti?
- Bu layihəyə dostlarımız tərəfindən sırf İraq Türkmən Cəbhəsi ayaqda qalsın deyə təxribat olundu. Mən də hərəkatımızın içində ciddi çat yaranmasın deyə layihənin icrasını təxirə saldım. İŞİD təhlükəsi var, köç kimi problemlər mövcuddur. Buna baxmayaraq, türkmən partiyaları hər həftə bir araya gəlirlər və belə çıxır ki, bir siyasi mərkəz şəklində çalışırıq. İnşallah, zamanında Məclis də qurulacaq.
- Köçdən söz düşmüşkən, türkmənlər ölkənin dörd yanına səpələnəndə, niyə Türkmənelinə yerləşdirilmədi, xüsusilə də Kərkükə…
- Kərkükdə 5 min türkmən ailə yerləşdirilib, bu imkan məsələsidir. 30 min ailə isə ölkənin cənubuna köçüb. Amma onlar o yerlərdə duruş gətirə bilmirlər, mədəniyyət uyğunsuzluğu var və bu səbəbdən də geri qayıtmaq istəyirlər. Bundan əlavə, Kərkükdə idarəetmə kürdlərin əlindədir, onlar isə türkmənlərin vilayətə yerləşdirilməsinə isti yanaşmır. Axı bu halda türkmənlərin sayı artacaq Kərkükdə. Amma bir qism Telafer camaatı da Ərbil və Duhokdakı düşərgələrə yerləşib. Kaş ki, Azərbaycan da türkmən qaçqınların bir hissəsini qəbul edəydi, bu milli və humanitar vəzifədir.
- Məncə İraqın güneyinə getməkdənsə, türkmənlərin Kürdüstana köçməsi daha yaxşı olardı siyasi mənada…
- Əvvəl kürdlər icazə vermədilər. Onlar da məcburən Nəcəf və kərbəla tərəflərə yönəldilər. Biz həmişə ən çox zərər görən tərəf olmuşuq ölkədə və bu gün də eyni aqibəti yaşayırıq. Nəticədə də minlərcə ölümüz var…
- Son olaraq deyin lütfən: türkmənlərin və türkmən partiyalarının Kürdistan muxtariyyətinin rəhbərliyi ilə əlaqələri nə yerdədir? Yəni Bağdaddan umduğunu, amma ala bilmədiyiniz köməyi onlardan ala bilərsinizmi?
- Kürdlərlə əlaqələrimiz də demək olar ki, dondurulub. Tarixi torpaqlarımızda belə hər şeyi əllərində cəmləşdiriblər, hər şey onların inhisarındadır. Üstəlik, son vaxtlar küdlər arasında alovlanan ixtilafa qarışmaq istəmirik. Kərkükdə Tələbaninin tərəfdarları, Ərbildə isə Bərzani qrupu mövqe sahibidir. Hər iki tərəflə də yaxşı əlaqələr qurmaq istəyirik. İnşallah, bu münaqişə toqquşma ilə nəticələnməz. Kaş ki, Kərkükdə tam sağlam ruhlu, məqbul kürd-türkmən idarəetməsi yaradılaydı…