Türkiyə PKK-nın maliyyə qaynaqlarını qurudur
26-08-2015, 23:08
Ankara PKK-ya edilən maliyyə yardımı mənbəyini kəsmək üçün hərəkətə keçib. APA TV-nin Türkiyə saytlarına istinadən verdiyi məlumata görə, ilk olaraq hədəf Avropadan Van, Hakkari və Şırnak üzərindən Şimali İraqa göndərilən pul yardımının qarşısını almaqdır.
MİT və polis təşkilatının birgə çalışmaları ilə artıq müəyyənləşdirilən yardım trafiki ciddi təqibə alınacaq. Bildirilir ki, ayrı-ayrı kuryerlər vasitəsilə terrorçulara hər il 300 milyon, Avropa və Türkiyədəki bank sistemləri vasitəsilə isə daha 50 milyon avro ötürülür. Bununla yanaşı PKK-nın Avropada yaşayan kürdlərdən hər il təxminən 200 milyon avronun xərac kimi yığıldığı da bildirilir. Terror təşkilatının topladığı pulların Avropanın 14 ölkəsində banklarda və bəzi adamlarda saxlanıldığı deyilir. Ankaranın bu dövriyyənin qarşısını alacağı təqdirdə terrorçular daha bir ağır zərbə alacaqlar.
Türkiyə hüquq-mühafizə orqanlarının çamadanla daşınan maliyyə yardımının önünü kəsməsi bəzi Avropa ölkələrində də həyata keçiriləcək. Bununla yanaşı həmin ölkələrdə PKK dəstəkçisi olan vəqflərin və dərnəklərin fəaliyyətinin dayandırılması üçün diplomatik tədbirlər görüləcək.
İstər ölkə içində, istərsə də Şimali İraqda zərbə üstünə zərbə alan PKK, bu çətinlikdən qurtulmağa cəhd edərkən terror təşkilatının Avropa qanadında da sıxıntılar artır. Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatlara başlamasından sonra PKK xüsusilə özlərinə yaxın olan alman siyasiləri bu əməliyyatlara qarşı çıxmağa və Almaniya hökumətinin Türkiyəyə təzyiq göstərməsinə çalışır. Terror təşkilatı bu istiqamətdə Brüssel, Paris və Strasburqda da cəhdlər edib. PKK Avropada onları dəstəkləmək üçün ictimai rəy formalaşdırmağa çalışdığı bir zamanda Ankaranın təşkilatın maliyyə qaynaqlarını qurudacaq bir plan hazırlaması terrorçuların arasında təşvişə səbəb olub.
Türkiyənin qısa vaxt ərzində həyata keçirəcəyi planı nəticəsində terror təşkilatının Şimali İraq və Suriyadan silah qaçaqçılığı vasitəsilə güclənməsinin qarşısı da alınacaq.