Marketlərdə təhlükəyə dəvət... -Çalışın uşağınızı alış-veriş səbətində oturtmayın
Bu gün, 11:18

Alış-verişə övladları ilə gələnlərin əksəriyyəti uşaqlarını market səbətinin oturacağında otuzdurur. Mütəxəssislər xəbərdarlıq edir ki, bu, çox təhlükəlidir, həm gigiyenik baxımdan, həm də fiziki xəsarət ala bilmək baxımından. Və məsələhət görürlər ki, uşaqları marketdə alış-veriş arabalarına oturtmayın. Uşaqlarını ayaqqabıları ilə səbətdə oturmasına icazə verənlər, bilmədən sağlamlıqlarını riskə atırlar. Belə hal həm sağlamlıq, həm də təhlükəsizlik üçün risk yaradır.
Ayaqqabıların altı bakteriya, göbələk və zərərli patogenlərlə doludur. Ayaqqabı ilə alış-veriş arabasında əyləşildiyi halda bakteriya və mikroblar birbaşa uşağın geyiminə, bu vasitə ilə əl və ayaqlarına – dərisinə nüfuz edib orqanizmə düşə bilər. Üstəlik, uşağın ayaqqabı ilə əyləşdiyi alış-veriş arabasına marketdən alınacaq ərzaqlar, qida məhsulları, digər mallar da yığılır. Evə gətirilən bu məhsullar bakteriya və mikrobların da evə “ayaq açmasına” səbəb olacaq. Gigiyena problemindən başqa, alış-veriş arabalarında oturan uşaqlar üçün fiziki təhlükəsizlik riskləri də gözardı edilə bilməz. Qraz Universiteti Xəstəxanasından verilən məlumata görə, təkcə 1990-1998-ci illər arasında arabalardan yıxılaraq yaralanan 138 uşaq müalicə olunub. Üstəlik, bu xəsarətlərin bəzilərinin kəllə-beyin travması kimi ciddi nəticələri də olub. Səlahiyyətlilər ailələrə xəbərdarlıq edir ki, həm gigiyena, həm də təhlükəsizlik baxımından uşaqların ayaqqabıları ilə alış-veriş arabalarında oturmasına icazə verilməməlidir və mümkünsə, ümumiyyətlə, uşaqların alış-veriş arabasına əyləşməsinə qadağa qoyulmalıdır.
Təhlükə həqiqətən də bu dərəcədə realdırmı?
Pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamasında qeyd etdi ki, gigiyena və təhlükəsizlik baxımından, bəli, realdır. Amma uşaqlar üçün təhlükə təkcə market arabalarında deyil, bir çox yerdədir:
- Uşaqlar əllərini bir çox səthlərə sürtür, metroda sürahiyə sürtürlər, küçədə divarlara, mənzildə natəmiz sayıla biləcək yerlərə və sair. Uşaq nəzarətsizdirsə, valideyn məsulliyyət hissini itiribsə, uşaq üçün hər yerdə təhlükə var. Ərzaqların qoyulduğu arabanın içində uşaq ayaqqabı ilə əyləşməməlidir. Bu, təkcə uşaq üçün deyil, böyüklər üçün də təhlükə mənbəyidir. Uşaqları niyə arabanın içində əyləşdirirlər, çünki uşaq ana-atasının sözünə baxmır, marketə gətirilən uşaqları görmüşük, anası buraxır marketin içinə, elə bil market əyləncə mərkəzidir, uşaqlar da o tərəf bu tərəfə qaçırlar, hər yerə əl uzadırlar, rəflərdəki məhsulları dağıdırlar, ayaqlarını yerə döyüb valideyni istədiyi məhsulu almağa məcbur edirlər. Bu, bizim uşaqlardır. Yaponları da görürük. Analar övladlarını bellərinə bağlayıb qucaqlarında saxlayır, kassa aparatının qarşısında bu vəziyyətdə növbədə dayanırlar, uşaqlara marketdə satılan ərzaqlar, məhsullar barədə məlumat da verir, nə olar, nə olmaz. İndi nə edək ki, bizim uşaqlar sözə baxmayandı, şuluqdular?!. Bunun günahı valideyndədir. Dindirəndə isə etiraz edirlər, “bütün uşaqlar belədir”, sözü bunların məsuliyyətdən yayınma vasitəsidir. Bütün uşaqlar elə deyil e, valideynlərin çoxu elədir.
V.Qarayev qeyd etdi ki, təhlükə hər yerdə ola bilər:
- Uşaq nəinki market arabasına, istənilən hündürlüyə çıxsa, yıxılıb xəsarət ala bilər. Nəzarət olmayacaqsa, əlbəttə, həyatı risk daşıyacaq. Amma məncə, bu məlumat marketlərin maraqlarına daha çox xidmət edir, nəinki müştərilərin. Market rəhbərliyi müşahidə edir ki, uşaqlar rəfləri dağıdır, bəzən məhsullara ziyan vurur, bunun qarşısını almaq üçün deyirlər, uşaqları arabalara mindirməyin, yəni uşağı marketə gətirməyin. Ola bilsin, uşaqların yıxılıb xəsarət alması market rəhbərliyini polislə üz-üzə qoyub, onlar da belə problemlərlə qarşılaşmaq istəmirlər. Amma müştəri inciməsin, müştəri itirməsinlər deyə, həkimləri önə veriblər ki, siz təhlükə barədə danışın. Bir də ki, həqiqətən də uşaq niyə arabaya minməlidir, səbətdə əyləşib marketin içində o tərəf bu tərəfə hərəkət etməlidir? Onun adı səbətdi, ərzaq səbəti. Market də əyləncə yeri deyil. Əlbəttə, təhlükəli olacaq. Döşəmə sürüşkən ola bilər, uşaq əlini uzadar, rəfdəki hansısa məhsul başına düşər, xəsarət alar. Yenə də əsas məsələ valideyn nəzarətidir, nəzarət olsa, belə hadisələr baş verməz.