Şeyxin erməni katalikosla görüşünə ehtiyac varmı?

28-08-2017, 19:35           
Şeyxin erməni katalikosla görüşünə ehtiyac varmı?
Sentyabrın ilk günlərində Ermənistan katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə görüşəcəklər. Artıq qarşı tərəf görüşün keçiriləcəyi yer haqqında da məlumat yayıb. Qareginin mətbuat katibi Vahram Məlikyanın açıqlamasına görə, görüşün təxminən sentyabrın 8-də baş tutacağı ehtimal olunur. O da qeyd olunub ki, dini liderlərin görüşünü Rusiya patriarxı Kirill təşkil edir.

Görüşdə Qarabağ münaqişəsinin həllində və insanlar arasında düşmənçiliyin yox edilməsində din nümayəndələrinin rolu müzakirə ediləcək.

Bəs hazırki şəraitdə Azərbaycan və Ermənistanın dini liderlərinin belə bir görüşünün baş tutmasına ehtiyac duyulurmu?

Millət vəkili Musa Quliyev hafta.az-a açıqlamasında deyib ki, belə görüşlərin keçirilməsinə həmişə ehtiyac var. Din xadimləri həmişə belə məsələlərdə öz missiyalarını yerinə yetirir. Bu missiya müharibənin aradan qaldırılması, problemin sülh yolu ilə çözülməsi və onun ədalətli həllinə yönələn məsələlərdir:

“Bizim şeyximizin istər müsəlman, istərsə də xristian dünyasında böyük nüfuzu var. Şübhəsiz ki, bu cür görüşlərin müsbət əhəmiyyəti var, zərəri yoxdur. Hacı Allahşükür Paşazadə ilə II Qaregin arasında keçirilən görüş öz müsbət təsirini göstərə bilər. Ən azından erməni cəmiyyətinə bir mesaj göndərmək olar ki, ədalətli mövqe Allahın da xoşuna gələn bir mövqedir. Ədalətli işi yaradan da bəndələrinə buyurur. Ədalət də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır. Ondan sonra da status məsələsinə baxılmalıdır. Azərbaycanın bu mövqeyi tamamilə ədalətlidir. Həmin görüşdə imkan olarsa, Kəlbəcərə - öz ata-baba torpaqlarına gedərkən girov götürülmüş, qeyri-qanuni olaraq həbsdə yatan iki soydaşımızın da məsələsi həll oluna bilər. Ən azından müzakirə olunar. Bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıla bilər. Eyni zamanda, son vaxtlar ermənilər tərəfindən intensivləşən Azərbaycan yaşayış məntəqələrinin, mülki əhalinin atəşə tutulması həm Qareginin, həm də Krillin diqqətinə çatıdırılması yaxşı olar. Bu məsələ də gözləniləndir. Hər halda bizim şeyximiz bu sahədə kifayət qədər təcrübəli və nüfuzlu adamdır. O nə deyəcəyini hamıdan gözəl bilir. Hesab edirəm ki, belə bir görüşün keçirilməsinin əhəmiyyəti var”.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadənin sözlərinə görə əslində ictimai fiqurlar arasında bu cür görüşlərin keçirilməsinin lehinədir:

“Qoy görüşsünlər, burada heç nə yoxdur. Müharibə şəraitindəyik, sabah əsirlərin dəyişdirilməsi məsələsi gündəmə gələ bilər. Hər iki tərəfin rəhbərliyi bir-biri ilə danışmaq istəmir. Hərbçilər daim qarşıdurma vəziyyətindədirlər. Bəs o zaman əsirlərin, girovların, meyidlərin dəyişdirilməsi məsələsini kim həll edəcək?! Bu cür məsələlərin həlli üçün tərəflərin ictimai fiqurları qabağa düşməlidir. Rabitəni tam kəsmək olmaz, bu cür əlaqələr həmişə lazımdır. Hətta müharibənin qızğın zamanında belə bu cür görüşlərin keçirilməsinin əleyhinə deyiləm. Bu görüşdə nələrin müzakirə edilməsindən asılı olmayaraq, köklü şəkildə heç nə dəyişməyəcək. Görüşərək münasibətlər qurmaqla, bir –birini tanımaqla hər hansı böhran şəraitində tərəflərdən birinin digərinə müraciət etməsi praktikada görünən haldır. Belə şeylər olub. Məktub yollamaq, əsirlərin dəyişdirilməsi məsələsində vasitəçilik baxımından bu cür görüşlərin əleyhinə deyiləm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.