Libermandan Bakı və Ankaraya şifrəli mesajlar
20-12-2017, 09:22
Elçin Mirzəbəyli: “Yəhudidən daha çox yəhudi olmağa cəhd göstərənləri də başa düşə bilmirəm
Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair keçirilən fövqəladə Zirvə toplantısı və orada qəbul olunan qərar, gözlənildiyi kimi, İsraili narazı salıb.
Amma məsələnin narahatlıq doğuran tərəfi odur ki, rəsmi Təl-Əvivi daha çox Türkiyənin mövqeyi və Qüds məsələsindəki prinsipial mövqeyi, davamlı siyasəti qıcıqlandırıb.
Mövcud situasiyada İsrailin Qüdsün qisasını Türkiyə və Azərbaycandan ala biləcəyi barədə narahatlıqlar da mövcuddur. Xüsusilə də İsrail zəngin neft ehtiyatlarını istismara verməsi nəticəsində TANAP layihəsinə qoşulmağı planlaşdırırdı. Əvvəlcədən məlumat verilmişdi ki, 2017-ci ilin sonunadək Türkiyə və İsrail Avropaya qaz nəqlini nəzərdə tutan boru kəmərinin tikintisinə dair hökumətlərarası sazişi imzalamağı planlaşdırır. Lakin indi İsraildən gələn ilkin reaksiyalar göstərir ki, onlar neft kəmərinin “açarını” Türkiyəyə etibar etmək istəmirlər. Üstəlik, Türkiyəyə qarşı saxta “soyqırım” kartından istifadə oluna biləcəyi də ehtimal olunur.
“İsrail erməni soyqırımını Azərbaycana görə tanımır”. Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman RTV1 telekanalına müsahibəsi zamanı bildirib. (azvision.az) Aparıcının “Bəzi beynəlxalq təşkilatlar Türkiyəyə təzyiq etmək məqsədilə İsraili ”erməni soyqırımını" tanımağa çağırırlar, siz buna necə baxırsınız" sualına cavab olaraq, baş nazir bildirib ki, “Bu, hər şeydən əvvəl, tarixi, həm də, mübahisəli məsələdir. ”Erməni soyqırımı" ilə bağlı İsrailin mövqeyi dəyişməzdir". Nazir xüsusilə qeyd edib ki, İsrailin qondarma “erməni soyqırımı”nı tanımaması birbaşa olaraq ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlıdır. “Sözsüz ki, Azərbaycanla əlaqələrimiz bizim üçün daha vacibdir”,- deyə, Aviqdor Lerman bəyan edib. Hesab olunur ki, İsrailin müdafiə nazirinin bu bəyanatı son zamanlar “Azərbaycan və İsrail əlaqələrinin sonunun çatdığı” barədə məlumatlar dərc edən rus və erməni mətbuatına da tutarlı cavabdır.
“Qüds məsələsi kifayət qədər həssas məsələdir və baş verənlərə dini təəssübkeşlik, yaxud hansısa digər emosional müstəvidə yanaşılmasını doğru hesab etmirəm”.
Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı söylədi. Ekspertin fikrincə, İsraillə münasibətlər şübhəsiz ki, Azərbaycan üçün önəmlidir: “Amma qardaş Türkiyə, həmçinin Pakistan kimi Azərbaycana birmənalı şəkildə dəstək verən dövlətlərlə münasibətlərin qorunması ölkəmiz üçün heç də az önəmli deyil. Bu baxımdan, mən Fələstinlə bağlı ”ərəbdən daha artıq ərəb olmağa" çalışanları başa düşmədiyim kimi, “yəhudidən daha çox yəhudi olmağa” cəhd göstərənləri də başa düşə bilmirəm. Fələstin ərazisi BMT Baş Assambleyasının 1947-ci ildə qəbul etdiyi qətnaməyə əsasən müəyyənləşib və bu qətnaməyə görə Şərqi Qüds Fələstin ərazisi hesab olunur, Qərbi Qüds isə İsrail ərazisi sayılır. Bu baxımdan Qüdsün bütövlükdə İsrailin paytaxtı kimi tanınması nə dərəcədə beynəlxalq hüquqa və BMT qətnamələrinə ziddirsə, 3 böyük dinin mərkəzi olan bu şəhərin tam şəkildə Fələstinin paytaxtı kimi tanınması da adıçəkilən qətnamələrə ziddir". E.Mirzəbəyli hesab edir ki, yaranmış vəziyyətdə ən doğru seçim BMT qətnamələrinin, xüsusilə də BMT Baş Assambleyasının 29 noyabr 1947-ci il tarixli, 181 saylı qətnaməsinin dəstəklənməsidir: “Rəsmi Bakı da məhz bu müstəvidən hərəkət edir və ölkəmizin mövqeyi kifayət qədər aydın və anlaşılandır. İsrail qazının "Transanadolu" kəməri ilə Türkiyə ərazisindən keçərək Avropaya çatdırılmasına gəldikdə isə indiki şəraitdə bu Tel-Əviv üçün ən əlverişli, iqtisadi cəhətdən səmərəli və təhlükəsiz marşrutdur. İsrail bu marşrutdan imtina edərsə, bu, TAP-TANAP layihəsinə ciddi təsir göstərməyəcək. Mən bütövlükdə hansı tərəfi təmsil etməsindən asılı olmayaraq ritorikanın tərəfdarı deyiləm. Türkiyənin dövlət başçısına qarşı sərgilənən və bəzi hallarda daha çox şəxsiyyətə münasibətdən qaynaqlanan yanaşmaları da təhlükəli hesab edirəm. Bu ritorikanın qarşılıqlı şəkildə aradan qaldırılmasına ehtiyac var. İsrail Türkiyənin islam dünyasındakı yerini və mövqeyini, strateji hədəflərini başa düşməli və qəbul etməlidir. Türkiyə bu günə qədər həyata keçirdiyi, yaxud iştirak etdiyi bütün layihələrdə öz öhdəliklərinə sadiq qalıb və bu layihələrdən heç vaxt siyasi təzyiq vasitəsi kimi istifadə etməyib. Çünki bu ilk növbədə Türkiyənin özünün maraqlarına ziddir. Bu baxımdan Türkiyəyə etimad göstərilməməsi üçün heç bir əsas yoxdur”.
“Erməni soyqırımı”nın tanınmamasında Azərbaycan amilinin rol oynadığı barədə Libermanın fikirlərinə gəldikdə isə E.Mirzəbəyli bildirdi ki, bu yanaşmanı ölkəmizə verilən dəyər müstəvisindən qiymətləndirmək daha çox yerinə düşər: “Amma unutmaq lazım deyil ki, Azərbaycan-İsrail münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə söykənir və bizim də bu müstəvidə nümunə gətirəcəyimiz misalların sayı yetərincədir. Ən azı nəzərə almaq lazımdır ki, Azərbaycan uzun illərdir İsraillə əməkdaşlığını ən yüksək səviyyədə qoruyub saxlayır və bu münasibətlərlə bağlı üçüncü dövlətlərin, yumşaq desək, mövqeyini nəzərə almır. Qondarma ”soyqırım"ın tanınmamasının səbəbləri isə təkcə Azərbaycanla olan münasibətlərlə bağlı deyil. Belə bir addımın atılması ilk növbədə İsrailin və yəhud lobbisinin öz maraqlarına uyğun gəlmir".
Müşahidələr göstərir ki, Ermənistan İsrailin Türkiyə və Azərbaycanla əlaqələrinin korlanmasını çox arzulayır. Hər halda, aprel döyüşlərində İsrail istehsalı olan silahların ardınca münasibətlərimizi pozmağa çalışan düşmən üçün bu, göydəndüşmə fürsət olardı...