İrəvan Ankara və Bakını dəstəklədi – kritik gəlişmə

23-12-2017, 10:24           
İrəvan Ankara və Bakını dəstəklədi – kritik gəlişmə
Türkiyə və Azərbaycanın ortaq diplomatik uğuru; BMT-də Qüdslə bağlı sənəd işğalçı ölkəni mürəkkəb duruma saldı, Ermənistan Türkiyənin mövqeyini müdafiə eləməli oldu – arqumentlər; erməni şərhçi: “İrəvan ABŞ və İsrailə yaxınlaşmaq şansını qaçırdı...”

BMT Baş Məclisində ötən cümə axşamı Qüdsün statusu ilə bağlı keçirilən kritik səsvermə bəzi mühüm nəticələri ortaya çıxardı. Məlum oldu ki, dünyanın 1 nömrəli superdövləti ABŞ-ın iradəsi heç də həmişə bütün iradələrdən yüksəkdə deyil, beynəlxalq birliyin iradəsi deyilən anlayış da var və Ağ Ev enində-sonunda onu hesaba almaq zorundadır.

Təsadüfi deyil ki, ABŞ-ın, daha doğrusu, prezident Donald Trampın Qüdslə bağlı naşı qərarını Ağ Evin açıq-aşkar hədələrinə rəğmən, İsraildən savayı, cəmi bir neçə xırda ölkə - Honduras, Qvatemala, Marşal adaları, Mikroneziya, Nauru, Palaqo və Toqo (cəmi 9 ölkə) müdafiə edib. 35 dövlət, o cümlədən qonşu Gürcüstan bitərəf qalıb. 128 dövlət, yəni mütləq əksəriyyət, o sırada Azərbaycan, Avropa Birliyi ölkələrinin əksəriyyəti, Rusiya isə sənədi dəstəkləyib. Yəni Amerika faktiki şəkildə məsələdə tək qalıb.

Maraqlı məqamlardan biri də Qüdslə bağlı İstanbul zirvəsinin ardınca Türkiyənin müəllifi olduğu bu qətnamə layihəsinə işğalçı Ermənistanın da səs verməsi, beləliklə, beynəlxalq hüquqa özü də bilmədən sayğı sərgiləməsi olub. Deyilə bilər ki, satellit Ermənistan həm də Rusiyanın mövqeyini ciddiyə alıb. Lakin bu, məhz elə məsələ idi ki, İrəvan fərqli mövqe sərgiləyə, bu zaman Ermənistan-Rusiya münasibətləri zərər görməyə bilərdi.


Yaxud Ermənistan ABŞ-ın yanında yer almaqla yanaşı, həm də İsrailə yaxşı bir reverans edə bilərdi - ələlxüsus da Türkiyə və Azərbaycanın anti-ABŞ, anti-İsrail sənədinə səs verməsi fonunda. Lakin maraqlıdır ki, Ermənistan buna getmədi və beynəlxalq hüququn yanında yer almaqla, doyisıyla həm də BMT-nin Dağlıq Qarabağa dair 4 məlum qətnaməsinin legitimliyini öz səsi ilə təsdiqləmiş oldu.

Ayrı sözlə, rəsmi İrəvan faktiki şəkildə Dağlıq Qarabağ məsələsində öz maraqları əleyhinə getməli oldu. Hər halda, Qarabağ məsələsində də beynəlxalq ictimaiyyətin mövqeyi məlumdur. Görəsən, niyə?

*****

Erməni siyasi şərhçi Sarkis Arsruni bu suala cavab tapmağa çalışıb. “Yeni Müsavat”ın məlumatına görə, onun 1 in.am saytındakı “Ermənistan Türkiyə ilə birgə ABŞ və İsrail əleyhinə səs verdi” sərlövhəli şərhində deyilir: “Türkiyə və Yəmənin hazırladığı qətnamə mətnində qeyd olunur ki, Qüdsün yekun statusu yalnız danışıqlar yolu ilə müəyyən edilə bilər və vurun dövlətlər müqəddəs şəhərdə öz səfirliklərini yerləşdirməməyə çağırılır. Ermənistanın bu sənədə səs verəcəyini bir neçə səbəbdən təxmin eləmək olardı. Əvvəla, aydın idi ki, ABŞ məsələdə azlıqda qalacaq və Ermənistan da belə görünür, beynəlxalq birliklə həmrəy olmağı üstün tutub. Bundan əlavə, Qüdsdəki erməni kilsəsinin mövqeyi də yəqin ki, nəzərə alınıb - hansı ki, daha çox öz təhlükəsizliyini Fələstin hakimiyyəti altında görür. Başqa yandan, BMT-dəki bütün prinsipial səsvermələrdə Ermənistan Rusiyanın ardınca gedib. Qüds məsələsində də Moskvanın yanaşması Vladimir Pütin səviyyəsində səslənib. Ancaq medalın arxa tərəfi də var”.


Erməni ekspert fikrini belə izah edir: “İş ondadır ki, Ermənistan İsraildən sonra xaricdən ikinci ən böyük maliyyə yardımı alan ölkədir. Bu mənada biz ayrı mövqe də sərgiləyə bilərdik. Çünki bu, ABŞ-la yaxınlaşmaq və əlaqələr qurmaq üçün əla şans olardı. Məsələn, Ermənistan səsvermə zamanı bitərəf də qala bilərdi - xüsusən də nəzərə alsaq ki, sənədin əsas müəllifi Türkiyə idi. Təbii ki, belə mövqe İsrail-erməni münasibətlərinin inkişafına təkan verər, Bakının Təl-Əvivlə sıx əməkdaşlığına isə zərbə vurardı. Heç də az önəm kəsb eləməyən bir kontur-arqument də odur ki, Tramp Qüdsü İsrailin paytaxtı elan eləməklə konfliktlərin nizama salınmasında presedent yaradıb - mövcud faktlara söykənməklə. Bu insident Qarabağ konfliktinin gələcək nizamlanması üçün də müsbət nümunə ola bilər. Bununla belə, Ermənistan ABŞ-I öz qərarından imtinaya çağıran qətnaməyə səs verdi. Bu, məhz o haldır ki, Ermənistanın istənilən mövqeyini bir neçə sanballı arqumentlə izah eləmək olar. Ümid edək ki, İrəvanın verdiyi qərar müstəqil və ölçülü-biçili olub”.

*****

Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan AzadlıqRadiosunun erməni redaksiyasına açıqlamasında İrəvanın Türkiyəni müdafiə etməsinə şərh verib.

Musavat.com-un məlumatına görə, XİN sözçüsü Ermənistanın mövqeyinə belə haqq qazandırıb: “Qüdsün statusu beynəlxalq gündəliyin ən mühüm mövzusudur və o, Fələstin-İsrail münaqişəsinin tərəfləri üçün məqbul nizamlama kontekstində, danışıqlar yolu ilə həllini tapa bilər. Bu - uzunmüddətli sülh və təhlükəsizlik üçün yol açardı. Qüdsdə həmçinin çoxəsrlik erməni tarixi-mədəni irsi təmsil olunub. Erməni Apostol Kilsəsi müqəddəs yerlərin hüququ varislərindən biri kimi çıxış edir (Eçmiədzin də Trampın Qüds qərarını pisləyib - A.X.). Təbii ki, Qüds ətrafında situasiyanı diqqətlə izləyirik. Bir daha qeyd edirik ki, yekun status danışıqlar yolu ilə müəyyən edilməlidir”.

*****

O ki qaldı Azərbaycanın BMT-də Trampın məlum qərarı və İsrail maraqları əleyhinə səs verməsinə, bu da kifayət qədər arqumentlidir və ən əvvəl Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüquqa sayğılı olmağımızın vacibliyindən irəli gəlir, dünya birliyinin yanında yer almaq istəyindən qaynaqlanır. Bakı təbii ki, həm də qardaş Türkiyə ilə strateji müttəfiqliyin fərqindədir və Ermənistanı işğalçı kimi tanıyan müsəlman dünyasını, həmçinin İƏT-i görməzlikdən gələ bilməzdi. Rusiya ilə əlaqələri normalda saxlamaq imperativi də öz yerində (BMT səs verməsində Azərbaycan Rusiya ilə eyni mövqe sərgiləyib).

Yəqin ki, sadalanan gerçəklikləri Azərbaycanla strateji tərəfdaşlığı davam etdirməkdə maraqlı olan İsrail dövləti də yaxşı anlayır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.