Gəlinini hamamda başqa kişi ilə tutan qayınata qatil oldu — TƏFƏRRÜATLAR
31-05-2018, 19:31
Bakı Ağır Cinayətlər Məhkəməsində gəlinini hamamda yad kişi ilə tutan Maştağa sakininin məhkəməsi başlayır.
“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən Məmmədov Seyidmalik Məzahir oğlunun məhkəmə prosesinin hazırlıq iclası iyun ayının 8-də hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək.
Belə ki, ittiham aktına görə, Bakıda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Ötən ilin dekabr ayının ortalarında oğlunun 24 yaşlı həyat yoldaşı Məmmədova Aysel Xanağa qızını güllələyərək öldürən 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu polisə təslim olub.
İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq zəminində öldürüb. Belə ki, S.Məmmədovun oğlu Aysellə 5 il əvvəl ailə həyatı qurub və onların bir oğlu dünyaya gəlib. S.Məmmədovun həyəti geniş olduğundan orada oğlu üçün ayrı ev tikib. Lakin ailələrin hamam-tualeti bir olub.
Hadisədən bir neçə gün əvvəl 59 yaşlı kişi həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan, ailəli və 4 uşaq atası olan 37 yaşlı Təhmasiblə tutub. Kişi həm gəlinindən, həm də Təhmasibdən Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.
Həmin hadisədən sonra Təhmasib Bakını tərk edib və Zaqatalada məskunlaşıb. Aysel isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi dekabr ayının 11-də tüfənglə gəlinini güllələyərək öldürüb.
İlkin araşdırmalar zamanı o da məlum olub ki, 24 yaşlı gəlinlə qonşuluqda yaşayan kişi arasında aylar ərzində gizli sevgi münasibəti olub və onlar müntəzəm olaraq yazışıblar, hətta Aygün Təhmasibə çılpaq fotolar da yollayıb.