“Lenin qələbəni rus xalqının əlindən aldı…Arvad paltarında qaçmamışam” – Çar Nikolayı yıxan Kerenskinin SSRİ-ni qəzəbləndirən MÜSAHİBƏSİ VİDEO
14-03-2021, 12:50
1917-c ilin fevralında bütün dünyanı heyrətə salan bir hadisə baş verdi. Rusiyada 300 illik mütləqiyyət devrildi, imperator 2-ci Nikolay taxt-tacdan imtina etdi, Romanovlar sülələsi tarixə qovuşdu.
Tarixə fevral burjua inqilabı kimə düşən bu hadisə bəşər tarxini kökündən dəyişəcək hadisələrin proloqu oldu. Həmin günlər bütün köhnə imperiya sərhədlərində baş verənləri imperilaist dövlətlərin başçıları qorxu və dəhşətlə izləyirdilər.
Rusiyada hakimiyyəti Müvəqqəti Hökumət əlinə aldı. Aleksandr Kerenski bu hökumətin başçısı seçildi. Sovet tarixşünaslığının ştampları altında yetişən nəsil üçün bu ad daha çox istehzalı təbəssüm yaradır. Tarix dərsliklərində onun Oktyabr inqilabı gecəsi qadın paltarında qaçdığı iddia olunur, Müvəqqəti Hökumətin isə dikatutra yaratmaq cəhdi vurğulanırdı.
Azpost.info oxucularına tarixin həmin dövrününün qaranlıq səhifələrinə işıq sala biləcək bir müsahibəni təqdim edir.
Kanada radiosunun rus redaksiyasının əməkdaşı, knyaz Aleksandr Andereyeviç Liven 1964-cü ildə Nyu-Yorkda Rusiya Müvəqqəti Hökumətinin başçısı olmuş Aleksandr Kerenski ilə bu müsahibəni yazıb. Müsahibə 1967-ci ildə radionun qısa dalğasında təkrarən səsləndirilib. Həmin il Monrealda Ekspo-67 sərgisi keçirilirdi, SSRİ isə Böyük Oktyabr Sosialist İnqilabının 50 illik yubileyini qeyd etməyə hazırlaşırdı.
Bu müsahibə SSRİ hakimiyyətinin etirazı ilə qarşılaşıb. Bu, Kerenskinin indiyə qədər mühafizə olunmuş ən uzun müsahibəsidir.
Müsahibədə Kerenski o vaxta qədər məxfi qalmış bəzi məqamlara aydınlıq gətirir. Müsahibədə fevral inqilabından sonra qurulan Müvəqqəti Hökumət, onun fəaliyyəti, qarşısına çıxan problemlər haqqında maraqlı faktlar var. Kerenskinin rus inqilabı, xüsusən bolşevik partiyası və onun rəhbəri Vladimir Leninin fəaliyyəti brədə dedikləri kifayət qədər maraqlıdır. Kerenski Leninin Almaniya imperiyası ilə iddia olunan qaranlıq əlaqələrinə toxunur, bolşevik çevrilişinin səbəblərini izah etməyə çalışır.
“Ağlımıza da gəlmirdi ki, Rusiya inqilab ərəfəsindədir”
Kerenski müsahibənin əvvəlində 1914-1917-ci illər ərzində Rusiya imperiyasındakı siyasi vəziyyətə toxunur və birinci dünya müharibəsinin başlandığı zaman ölkədəki ab-havanı xatırladır.
Onun sözlərinə görə, 1914-cü ildə birinci dünya müharibəsi başlananda rus fəhlələri arasında milli hiss çox böyük idi. Rusiya tarixində ilk dəfə olaraq səfəbərliyi yüksək səviyyədə təşkil olunub. Kerenski deyir ki, o zaman Rusiya özünün iqtisadi və sosial vəziyyətinə görə irəlidə idi. Daha sonra həmin illərdə Rusiyadakı liberal –demokratik hərəkatla bağlı danışan Kerenski bildirir ki, Dövlət Dumasının təşkili bu baxımdan çox böyük hadisə sayılır. Daha sonra dövlət xadimi inqilab ərəfəsindəki siyasi böhranı xarakterizə edərək qeyd edir ki, çar və ətrafı liberalların təsir gücünün artmasından qorxuya düşmüşdülər: “2-ci Nikolay liberal qüvvələrin ona uzatdığı yarım əlini anlaya bilmədi. Onun ətrafındakılar elə bildilər ki, liberal qüvvələr situasiyaya nəzarət etməyə başlayıb. 1915-ci ildə müharibədə ciddi problemlər daxili təlatümləri artırdı. Saray daxilində siyasi intiriqalar artmağa başladı. Rasputinin siyasi təsiri və bu intiraqlarda əsas tərəf olması hamını qəzəbləndiridi.
1917-ci ilin yanvar-fevral aylarında müxtəlif siyasi qüvvələr məxfi toplaşaraq vəziyyəti müzakirə edirdilər. Amma onların heç birinin ağlına da gəlmirdi ki, Rusiya inqilab ərəfəsindədir”-deyə Kerenski vurğulayıb.
“Ağıldankəm daxili işlər naziri dövlət çevrilşi hazırlamağa başladı”
Onun sözlərinə görə, çarın yaxın ətrafı və saray məmurları bunun qarşısını almaq üçün liberal kəsimi cəzalandırmaq qərarını veriblər: “Rusiyanın kəmağıl daxili işlər naziri Protokopov dövlət çevrilşi hazırlamağa başladı. Ordunu, polisi, jandarmeriyanı hazır vəziyyətə gətirdilər. Peterburqda törədəcəkləri süni iğtişaşlardan sonra Dövlət Duması başda olmaqla vətənpərvər qüvvələri, müdafiə sahəsində çalışanları darmadağın etmək planı cızılmışdı. Dövlət Duması 1916-17-ci illərdə cəmiyyətdə böyük rol oynayırdı. Duma ölkədəki vəziyyəti xalqa açıq deyə bilən yeganə azad məkan, azad mənbə idi. Dövlət Dumasının ölkədə və orduda nufuzu çox böyük idi”.
Lakin çarın və ətrafının bu planı uğursuz olur: “Daxili işlər naziri Protokopov və ətrafı son anda Rusiyanın konstitusiyon sisteminə zərbə vurmağa və müharibədə qələbə naminə mütləqiyyətin qeyri-məhdud hakimiyyətini saxlamağa cəhd etdi. Dumanın fevralın 27-nə çağrılmış iclası ləğv olunanda möcüzə baş verdi. Möcüzə o oldu ki, buna qədər qiyam qaldırmış əsgərlər hər tərəfdən Dövlət Dumasına doğru gələrək bəyan etdilər ki, xalqın təmsilçiləri ilə bir yerdə olacaqlar. Çar 2-ci Nikolay görəndə ki, mütləqiyyəti bərpa etmək planı vətəndaş müharibəsi təhlükəsi yaradır, alicənablıq nümayiş etdirərək müqaviməti dayandırdı və taxt-tacdan imtina etdi”.
“Rusiya burjua inqilabı 72 saata başa çatdı”
Kerenskinin sözlərinə görə, o zaman Dövlət Dumasının çoxluq təşkil edən və “proqressiv blok” adlandırılan liberal qüvvələr bloku Azad Rusiya Respublikasının Müvəqqəti Hökumətinin yaradıldığını elan etdi: “Rusiya burjua inqilabı 72 saata başa çatdı. Fevralın 27-də Dumanın iclasının dayandırılması ilə başlanan bu proses martın 2-də 2-ci Nikolayın taxtdan əl çəkdiyi barədə manifestin verilməsi ilə bitdi”.
Kerenskinin fikrincə, bu Rusiyanın təkcə siyasi yox, sosial tarixini alt-üst etdi.
O, daha sonra Müvəqqəti Hökumətin tərkibinə necə daxil olduğunu və rəhbərliyə gəldiyini açıqlayıb: “”Proqressiv blok” bu vaxta qədər əllərində olan ölkənin siyasi idarəçilik planının artıq dövrə yaramadığını anlayaraq mənə və Dumada sosial-demokrat menşevik qrupunun sədri Çxeidzeyə müraciət etdilər. Mən Dumada “Əmək” qrupunun rəhbəri idim. Onlar bizə hökümətə daxil olmağı təklif etdilər. Mənə ədliyyə naziri, Çxeidzeyə isə Əmək naziri postu təklif olundu. Heç vaxt ağlıma da gətirməzdim ki, Müvəqqəti Hökümətin tərkibində olacağam”.
A.Kerenski bildirir ki, bu zaman Peterburqda fəhlələrin siyasi təsisatları da nufuz qazanmağa başlayırdı: “Peterburq fəhlə deputatları Soveti tez bir zamanda böyüyərək gücə çevrildi. Öz ətrafına fəhlələri və kazarmadakı əsgərləri toplaya bildi. İki gün içində kazarmadakı əsgələr zabitlərsiz qaldı. Bu, rus tarixinin faciəvi saatı oldu. Müvəqqəti Hökumət fəhlə deputatları soveti ilə danışıqlar apararaq onların yeni Hökumətdə birgə təmsil olunmasını təklif etdi. Lakin fəhlə sovetlərinin radikal solçu rəhbərləri böyük iclas keçirərək qərar qəbul etdilər ki, zəhməteklərin demokratiyasını təmsil edənlərdən heç kim Müvəqqəti Hökumətin tərkibinə daxil olmasın. Bu qərarı alandan sonra mən hər şeyi ataraq birdəfəlik proseslərdən uzaqlaşaraq getmək qərarına gəldim. Gecə fikirləşdim əgər deputat sovetləri ilə Rusiyanın digər qüvvələri arasında qarşıdurma baş verərsə ümumi dövlət mərkəzi sistemi dağıla bilər. Mən qayıtmaq qərarına gəldim və Müvəqqəti Hökumətin tərkibinə daxil olmağa razılıq verdim. O vaxtdan –martın 2-dən oktyabrın 25-nə qədər bütün bu proseslərin “nevroloji nöqtələrində” oldum”.
“Lev Trotski məhz knyaz Milyukovun tələbindən sonra azad edildi”
Kerenski deyir ki, Müvəqqəti Hökumətin ilk addımı böyük siyasi Aministiyanın verilməsi oldu: “Ədliyyə naziri kimi Sibir qubernatoruna teleqram vuraraq ora sürgün edilmiş 2-ci Dövlət Dumasının beş bolşevik deputatının azad olunması barədə göstəriş verdim. Bu, burja hökuməti deyildi, Rusiya xalqını təmsil edən hökumət idi. Xalq da belə addımlardan bunu başa düşdü. İlk qərarlardan biri də milliyətindən və dinindən, siyasi baxışlarından asılı olmayaraq bütün Rusiya əhalisi üzərində qoyulan məhdudiyyətlərin ləğv edilməsi oldu”.
Kerenski qeyd edir ki, bolşevik partiyasına olan münasibət digər partiyalara olan münasibət kimi olub: “Mühacirətdə olan Lenin Stokholmdan emiqrantlar vasitəsilə göndərdiyi müraciətində Müvəqqəti Hökumətə heç bir etimad göstəriməməsini tələb etmişdi. Lenin ilk gündən azad Rusiya Hökumətinə qarşı düşmən mövqe tutdu. Hələ çar dövründə Lenin yazırdı ki, mütləqiyyət ən böyük və əsas şər qüvvədir. Axı daha bu şər qüvvə yox idi. Bütün bunlara baxmayaraq bizim tərəfdən Leninin Rusiyaya qayıtmasına qarşı heç bir əngəl törədilmədi”.
Kerenski bildirir ki, Lenindən başqa bütün rus emiqrantları mart-aprel aylarında müttəfiq ölkələrin sərhədlərindən hərəkət edərək İsveçrə vasitəsilə ilə ölkəyə qayıtdılar: “Mən bu məsələnin pərdəarxası olan proseslərini yaxşı bilirəm, amma indi bu barədə danışmaq istəmirəm. Lenin və Martovun rəhbərik etdiyi qrup alman sosial-demokratlarının vasitəçiliyi ilə Berlinlə əlaqəyə girərək bizimlə müharibə aparan düşmən Almaniya vasitəsilə Rusiyaya qayıtmaq imkanı üçün danışıqlar apardılar”.
O, bu məsələ ilə bağlı qeyd olunan “Leninin başqa çıxış yolu yox idi” sualına “imkan var idi. Digər emiqirantlar qayıtmışdılar” cavabını verib: “Hamının az qala barışmaz və amansız elan etdikləri knyaz Milyukov müttəfiq dövlətlər qarşısında məsələ qaldıraraq müharibəyə olan münasibətindən, tutduğu mövqeyindən asılı olmayaraq bütün mühacirlərin qeyd-şərtsiz vətənə dönüşünün təmin olunmasını tələb etdi və buna nail oldu. ABŞ-dan Britaniyaya qayıdarkən həbs olunan Lev Trotski məhz Milyukovun tələbindən sonra azad edildi. Lenin və onun partiyasının Almaniya ərazisindən bu qayıdışını həmin sazişləri, danışıqları, təşkilatçılığı bilmədən başa düşmək olmaz. O zaman bu artıq hərəkətə gətirilmək üçün hazır edilmişdi”.
Kerenski daha sonra bolşeviklərin 3 iyul qiyamının və avqustda çar generalı Kornilovun qiyamının yatırılmasından danışır və bunu Müvəqqəti Hökumətin mühüm uğuru kimi qeyd edir.
Sabiq hökumət başçısı bildirir ki, Rusiyada parlament seçkilərinin keçriliməsi üçün hazırlıq gedirdi.
“Noyabrn 12-də Rusiya Müəssislər Məclisinə seçkilər keçirilməli idi”
Kerenskinin sözlərinə görə, Lenin buna görə ciddi narahat idi: “Noyabrn 12-də Rusiya Müəssislər Məclisinə seçkilər keçirilməli idi. Bolşevik partiyasının Mərkəzi Komitəsi Leninə sual verəndə ki, “noyabrın 28-də Müəssislər Məclisinin iclası olacaq, buna qarşı çevriliş etməyin nə mənası var?” Lenin cavabında “Müəssəilər Məclisinin bizim əleyhimizə olmayacağını düşünmək üçün gərək axmaq olasan. Biz hakimiyyəti onlar yığışmamışdan əvvəl ələ keçirməliyik”-cavabını vermişdi”.
Kerenski çar generalı Kornilovun qiyamı ilə bağlı maraqlı məqamlara toxunub. Onun fikrincə, qiyama qarşı xalqın mənfi reaksiyası və müqaviməti bir sıra psixoloji amillərdən qaynaqlanırdı: “Kornilov qiyamından sonra xalq sabiq çar vəzifələrinin, generallarının yenidən qayıdacağı, əldə olunan azadlıq, sosial hüquqların və digər naliyyətlərin əlindən alınması təhlükəsini hiss etdi. Oktyabr ayında Rusiyada psixoloji cəhətdən 1917-ci ilin mart ayının havası yarandı”.
Kerenskinin fikrincə, bolşeviklərin həmin dövrdə oynadığı oyun bu psixoloji momentin əsasında idi: “Çar generallarının tör-töküntüləri “Obşaya Qazeta” adlı qəzet çap edərək burada guya Kornilovun istintaqında şahid ifadələri əks olunan materialları dərc edirdirlər. Bunlar ya general Kornilova məxsus olmayan saxta ifadələr, ya da tam təhrif olunmuş fikirlər olurdu. Bolşevik qəzeti olan “Fəhlə yolu” qəzeti bunları Trotskinin, Leninin, Stalinin imzaları ilə yenidən təkrar çap edirdi”.
Fevral burjua inqilabdan sonra Rusiyanın birinci dünya müharibəsinə münasibətinə toxunan Kerenski bildirir ki, müttəfiqlik sazişinə sadiq olublar: “Rusiya müharibədə iştirak edirdi. ABŞ prezidenti Vudro Vilsonun “14 prinsipinə” görə müharibə demokratik sülhlə, xalqların öz müqəddəratını həll etməsi, dünya üçün sülhlə və müharibə münaqişələri dinc yolla həll edəcək beynəlxalq təsisatın yaradılması ilə bitməli idi.
Bu, bizim müttəfiqlər üçün xoş olmayan bir məsələ idi. Çünki təkcə Almaniya və Rusiyadakı kimi Lüdendorf və Lenin misalında radikal imperialistlərlə radikal sosialistlər arasında ittifaq mövcud deyildi. Qərbin qüdrətli dövlətləri də barışmaz imperialist dövlətiəri idi. Onlar bizim müharibənin məqsədinə yenidən baxılması barədə müttəfiqlərin konfransını çağırmaq təklifimizi eşitmək istəmirdilər”.
Kerenski qeyd edir ki, proseslər mürəkkəb çalar almışdı: “Bizim hakimiyyətin son iki ayında Rusiyada proseslər bu üçbucaqda gedirdi: Xalqla bir yerdə olan Müvəqqəti Hökumət, digər tərəfdən almanlarla bir yerdə olan Lenin və müttəfiqlərin dəstəklədikləri general Kornilov və tərəfdarları. Müttəfiqlər mənə qarşı olan Kornilovu açıq-aşkar dəstəkləyirdilər. Eyni zamanda general Ludendorf ( Almaniya ordusunun Baş Qərargah rəisi-red)) Leninin qələbəsi üçün bütün mümkün olanı edirdi”.
Rusiyanın müharibədən qalib kimi çıxması üçün yaranan şansı isə bolşevik lideri Lenin dağıdır. Kerenskinin sözlərinə görə, 1917-ci ilin oktyabrında artıq düşmən cəbhədə olan ölkələrdən biri Rusiyaya danışıqlar üçün müraciət etmişdi: “Bolşeviklərin hərbi çevrilişinə bir neçə gün qalmış biz İsveç vasitəsilə Avstriya –Macarıstan imperatoru Karlın bəyanatını aldıq. İmperator bəyan edirdi ki, onlar Almaniyanın razılığı olmadan birtərəfli qaydada Rusiya və müttəfiqləri ilə sülh bağlamağa hazırdırlar. Hökumətdə bu məxfi məlumatı bizdən başqa heç kim bilmiridi. Amma Lenin bilirdi. O bunu hardan bilə bilərdi? Lenin Finlandiyada yaşayırdı. Onun İsveçrədə alman hökumətinə bağlı olan iş adamı Parvusla, Berlində, Ludendorfun agentləri ilə əlaqələri vardı. Lenin oktyabrın 4-də isterik şəkildə məktub yazır: “Nəyin bahasına olursa olsun, çevrilişə başlamaq lazımdır. Əgər indi qalib gəlməsək hər şeyi itirəcəyik. İndi bizim qalib gəlməyimiz üçün yeganə andır ”.
Lenin Avstriya-Macarıstanın Rusiyaya sülh təklif etməsini bildikdən sonra oktyabırn 24-də üsyana başlamağa təhrik etdi. Çünki oktyabrın 28-də bizim nümayəndə heyəti general Qovorinin rəhbərliyi altında Parisə və Londona, müttəfiqlərin noyabrın 3-nə təyin etdikləri konfransa getməli idi. Əgər Lenin müharibə əleyhdarı olsaydı müharibənin sonunu gözləyərdi. Bir rus vətənpərvəri kimi başa düşməli idi ki, bu dəhşətli müharibə Rusiyanın gözlədiyi qaydada başa çatır. O bütün bu prosesi dağıtdı. Çörçill sonralar demişdi ki, “bolşeviklər artıq rus xalqının əlində olan qələbəni onun əlindən dartıb aldılar””.
Kerenski vurğulayır ki, indi kommunistlər Böyük Vətən Müharibəsini əziz tuturlar: “Bu doğurdan da çox möhtəşəm qələbədir. Amma axı, 1914- 18-ci ildəki də Vətən Müharibəsi idi. Rus cəbhəsində Almaniyanın ən çox ordusu yığılmışdı və döyüşürdü. Bizim sərhədlərdə 190 diviziya yığılmışdı. Dənizdən alman esminesləri, krayserləri üstümüzə gəlirdi. Buna qarşı qüvvəmiz az idi. Mən Britaniyanın baş naziri Lloyd Corcdan xahiş etdim ki, alman qüvvələrinin bir hissəsinin buradan çıxarması üçün Baltik dənizində bir diversiya əməliyyatı keçrisin. Amma o bu məktuba cavab vermədi. Lenin və Lüdendorfun planı belə idi ki, Rusiyanı iflic altında saxlamaqla ABŞ ordusu köməyə gələnə qədər Qərbin müttəfiq qoşunlarına qəti zərbə endirmək…”
“Qadın paltarında qaçmamışam”
Kerenskinin sözlərinə görə, bolşeviklərin çevriliş günü, səhər –oktyabrın 24-də Respublika Şurasının iclasında çıxış edərək bütün qüvvələrin çevrilişə qarşı vahid mövqeyini əks etdirən sənədin qəbulu edilməsinə çağırıb: “Daha sonra bu sənədin qəbul olunacağına ümid edərək qoşunların hərəkət yerlərinə getdim. Amma məlum oldu ki, Şurada ikitirəlik yaranıb və gecəyə qədər mübahisə açılıb. Mənə sosial demokratların, eserlərin, digər qüvvələrin imzaladığı qətnamə gətirdilər. Orada Müvəqqəti Hökumətə dəstək əvəzinə tənqid var idi və məndən bu çevrilişin qarşısını almaq üçün danışıq aparanlara mane olmamaq tələb olunurdu.
25-nə keçən gecə mən Qərargaha gəldim. Səhər belə qərara gəldik ki, mən şəxsən Qatçinaya gedim. Orada ordu hissələrinin gəlməsinin qarşısını almaq üçün iş aparılmışdı.
İndi Rusiyada deyirlər ki, guya mən tibb bacısı paltarında qaçmışam. Bu yalandır. Mən Peterburqdan avtomobillə çıxmışam. Yarım hərbi formada olmuşam”.
Kerenski deyir ki, adyutantı ilə Moskvaya, Sarskoye Seloya getmək sərəncamı verib: “Orada artıq bütün teleqraf və poct qiyamçılar tərəfindən ələ keçirilimişdi. Biz zastavaya tərəf gedəndə gülləbarana tuş gəldik. Qatçinadakı dayanacağa gəldik. Başa düşdük ki, vəziyyət pisdir. Mən həmin gecə Pskovda olmuşam. Şimal cəbhəsinin komandanı Şeremetyevi yanıma çağırdım. O məndən buranı tərk etməyi xahiş etdi və dedi ki, qərargahı artıq üsyançıların əlindədir. Heç bir qoşun verə bilməyəcək. O artıq Peterburqa gedən qatarları dayandırmaq barədə sərəncam vermişdi”.
Kerenski bildirir ki, artıq əlində heç bir hakimiyyət olmasa da irəli cəbhə xəttinə gedərək orada 3-cü Kazak kavaler korpusunu gətirmək qərarına gəlib: “Bu zaman general Krasnov gəldi və dedi ki, burada mənim həyat yoldaşımın qardaşının qulluq etdiyini bilir, onun yanına gəlir. Krasnov dedi ki, bir yerdə gedəcəyik. Oradan bir gə çıxdıq və geriyə qayıtdıq”.
Aleksandr Kerenski 22 aprel (4 may) 1881-ci ildə Simbirskdə anadan olub. Rus siyasi və dövlət xadimidir. 1917-ci ildə Rusiya Müvəqqəti Hökumətinin sədr naziri olub. Sosial-inqilabçılar (eserlər) partiyasının üzvü, Rusiya respublikasının yaradıcılarındandır. 1917-ci ildək bolşeviklərin oktyabr çevrilişindən sonra səlahiyyətlərini yerə qoyduğunu bəyan edib. 1918-ci ilin iyununda mühacirətdə yaşayıb.
A.Kerenski 11 iyun 1970-ci ildə Nyu-York xəstəxanasında vəfat edib.