“Ağıllı, yaltaq olmayan gənclərdən ehtiyat edirlər” – Xalq artistlərindən ETİRAZ
15-08-2019, 17:30
Yazıçılar Birliyinin 13-cü qurultayı ərəfəsində 3 gənc yazarın sədrlik postuna namizədliyini irəli sürəcəyi ilə bağlı verdiyi bəyanatlar geniş müzakirələrə səbəb oldu. Cəmiyyətin fikri bu məsələdə iki yerə parçalandı. Gənclərin sədr postuna irəli çəkilməsini dəstəkləyənlər və yaşlıların təcrübəsinə əsaslanaraq bu postda qalmasının labüdlüyünü vurğulayanlar. Bu nüans gənclərin yaradıcı sferalarda postlara gəlməsi həmin sahələrin inkişafna nə verə bilər? – sualını ortaya atdı. İstedadlı, bacarıqlı gənclərin yaradıcı sahələrdəki strukturlarda rəhbər vəzifələr tutması yaxşı haldır, yoxsa pis?
Məslənin aktuallığını nəzərə alaraq elə yaradıcı sahələrin korifeylərindən münasibət öyrənməyə çalışdıq. Xalq artistlərinin fikrini öyrəndik.
Xalq artisti Flora Kərimova Modern.az-a açıqlamasında bildirib ki, hər şey hazırlıqdan, gənclərin həmin sahə üzrə bilik səviyyəsindən asılıdır:
“Əgər gənc həmin sahəni bilirsə, obyektiv, professional idarə etməyi bacaracaqsa, təbii ki, böyüklər ona dəstək olmalıdır. Kömək etməlidir. Bacarıqlı gənclər həmin sahəyə xeyir gətirə bilər. Hansı gənc gəlirsə gəlsin, onun dünya görüşü, səriştəsi olan yaşlı insanlara ehtiyacı var”.
Flora Kərimova – hazırkı dövrdə gənclərə inamsızlıq varmı?- sualımızı bu cür cavablayıb:
“Gənclərə inamsızlıq yoxdur. Ağıllı, bacarıqlı, yaltaq olmayan gənclərdən ehtiyat edirlər. Daha doğrusu, qorxurlar. Çünki bu adam yaltaqlığı ilə yox, düşüncəsi, bacarığı ilə hansısa bir yeri tutur. İşləyə-işləyə, işini müsbət apardığı halda ondan qabaq həmin postda işləyənin də faktiki olaraq heç nəyə qadir olmadığını sübut edir. Bax, ondan qorxurlar”.
Xalq artisti Rasim Balayev də yaradıcı sferalarda gənclərin rəhbər vəzifələrə gətirilməsinin, seçilməsinin tərəfdarı olduğunu söylədi:
“Gələcək gənclərin çiynindədir. Gənclərin yaradıcı sahələrə rəhbər vəzifələrə gətirilməsini, seçilməsini alqışlayıram. Amma bacarıqla, istedadla yanaşı, təcrübə də olmalıdır. Çünki həmin qurumlarda yaradıcı insanlarla işləmək çətin olur. Biri xəstədir, biri əsəbidir. Hamı ilə dil tapmağı bacarmaq lazımdır. Buna görə də bir balaca təcrübəli olmaq gərəkdir”.
Xalq artisti Akif İslamzadə isə bildirib ki, yaradıcılıq sahələrində gənclərin önə - rəhbər vəzifələrə çəkilməsinə çox yaxşı baxır:
“Əgər onlar buna layiqdirlərsə, niyə də yox?!Əsas odur ki, hazırlıqlı, bilikli, savadlı və bacarıqlı olsunlar. Məsələ ondadır ki, söhbət şəxsiyyətdən gedir. Əgər gənc şəxsiyyətlidirsə, savadlı və bacarıqlı, istedadlıdırsa, 30, 35, 40 yaşında da rəhbər ola bilər. Elmli olmaq başqa şeydir, bilikli olmaq başqa. Mən belə düşünürəm. Bilik infrmasiya xarakterlidir. Gənclərimiz elmlidirsə, gənc yaşda da bütün məsul işlərin öhdəsindən gələ biləcəklər. Ataların da bir sözü var, ağıl yaşda deyil, başdadır. Ona görə də gənclərin yaradıcılıq sahələrində, eləcə də digər sahələrdə yüksək vəzifələrə çəkilməsinə çox yaxşı baxıram”.
Xalq artisti Ramiz Novruz isə hesab edir ki, gənclərə inanmaq, etibar etmək lazımdır:
“İnancsızlığın, etibarsızlığın ucbatından, vaxtında şəait yaradılmadığından, meydan verilmədiyindən o qədər gənclərimiz itib-batıb ki... Ona görə də bir çox istedadlı cavanlarımız gənclikdə etmək istədiklərini edə bilmirlər. Gənclərə mütləq şərait yaratmaq lazımdır. 15, 20, 25 il eyni postda oturan adamlar olur. Bu cür adamlar üçün uzun müddətdən sonra işdən çıxmaq əzaba çevrilir. Düşünürlər ki, qıraqdan baxan deyəcək ki, işdən çıxıb. Bunu özlərinə ayıb sayırlar. Onun xatirinə kürsülərini tərk etmək istəmirlər. Belə adamlar çoxdur. Bütün idarə və müəssisələrdə gəncliyə imkan vermək, irəli çəkmək lazımdır. Elə işlər var ki, enerji, yeni fantaziya, zövq, yeni innovasiyaları bilməyi tələb edir. Ona görə də gənclərə böyük meydan vermək lazımdır. Layiqli, bacarıqlı gənclər irəli çəkilməlidir. Yaradıcı sahələrə də nisbətən gənc kadırların gəlməsi vacibdir. Məsələn, akademik teatra Adil İsgəndərov baş rejissor təyin ediləndə 27-28 yaşında idi. Tofiq Kazımovun özü də baş rejissor təyin ediləndə çox gənc oğlan olub. Yazıçılar Birliyinə namizədliyini irəli sürən gənclər də bacarıqlıdırlarsa, yeni nəsə edə biləcəklərsə, niyə də olmasınlar?!
Görkəmli sənətkarımız, Xalq artisti İlham Namiq Kamal da yaradıcı gənclərin yaradıcılıq sektorlarında rəhbər vəzifələrə, sədr postlarına önə çəkilməsi məsələsinə çox müsbət baxdığını bildirib:
“Bu çox yaxşı haldır. Amma yaradıcı gənclər ilk olaraq təcrübəli sənətkarların yanında məktəb keçməlidirlər. Təcrübə toplamalıdırlar. Sələflərini bir məktəb kimi tanımalıdırlar. Eyni zamanda, özlərinin də məktəbləri, cığırları olmalıdır. İstedadlı və bacarıqlı gənclər önə çəkilməlidir”.
Xalq artisti Mübariz Tağıyev hesab edir ki, əgər gənc istedadlıdırsa olsun, burada heç bir problem yoxdur, istedadsızdırsa, bəla buradadır:
“Əgər həqiqətən istedadlı gənclərdirsə, olsunlar. İstedadla yanaşı, idarəçilik də olmalıdır. Bunun üçün məktəb lazımdır. Birdən-birə istedadla da bir şey etmək olmaz. Əgər gənclər də bu cür məsuliyyətli işlərin öhdəsindən gələ bilməyəcəksə, bəs kim gəlməlidir, kim eləməlidir. Bilirsiniz, zövqlər müxtəlifdir və onun nəbzi dəyişib. Müəyyən insanlar var ki, öz gənclik yaşlarına gördüklərini hazırkı praktikaya tətbiq etmək istəyirlər. Amma bu gün, indiki dövr, əvvəlki vaxt deyil. Elə püxtələşmiş gənclər görmşük ki, istedadı və zövqü var. Belələrini tapmaq lazımdır. Zövq, bacarıq, istedad bir yerdə harmoniya təşkil etməlidir. Əgər belə gənclər varsa, imkan yaratmaq lazımdır ki, gəlib idarə etsinlər. Mənim yaşıdlarım olan insanlar gördüklərini təkrar edirlər. Amma indi zaman dəyişib. Bu günün sürəti ayrıdır. Yaşlı qurum rəhbərlərinin bu sürətlə irəliləməsi onlarlıq deyil”.