Novella Cəfərova: “Qapını açan sənin qızın olacaq...”

17-08-2019, 00:00           
Novella Cəfərova: “Qapını açan sənin qızın olacaq...”
Müsahibimiz Dilarə Əliyeva adına AQHMC-nın sədri, tanınmış hüquq müdafiəçisi Novella Cəfərovadır.
-Novella xanım, ömrünüzün böyük bir hissəsini sovet dönəmində yaşamısınız. Necə düşünürsünüz, sovet dövründəki və indiki qadın haqlarının qorunmasında və gender bərabərliyində hansısa fərqlər varmı?

-Fərqlər əlbəttə ki, çoxdur. Ən əsası dövr, quruluş, sistem fərqi var. Lakin o dövrün müsbət cəhətləri də var idi. Sovet dövründə pozitiv ayrı-seçkilik, yəni iş yerlərində kvota var idi. Məsələn, on kişi işçi var idisə, on qadın işçi də olmalı idi. Müəssisədə kişilərlə yanaşı, qadınlar da işləməli idi. Ona görə istəsələr də, istəməsələr də, süni şəkildə olsa da, qadınlara vəzifə verilirdi. Qadın millət vəkillərimiz, qadın polislərimiz var idi. Ancaq təbii ki, onlar sərbəst şəkildə işləyə bilmirdilər. Sistemdən, dövrdən irəli gələn mədudiyyətlər var idi. Sovet dönəmində qanunlar qadınları irəli çəkirdisə, indi artıq qadınlar özləri inkişaf edir və müxtəlif sahələrdə uğur qazanırlar. İndiki dövrdə qadınların inkişafının qarşısıalinmazdır. Qadınlarda özlərinə inam yaranıb, özlərinə hörmət etməyə başlayıblar, gənc qızlarımız öz təhsillərini daha yüksək səviyyəyə çatdırırlar. Artiq öz güclərinin fərqindədirlər və potensiallarını hər sahədə göstərirlər.

Bu dövrün ən gözəl xüsusiyyətlərindən biri də odur ki, gender bərabərliyi haqqında, zorakılıq haqqında qanun qüvvəyə minib. Sovet dönəmində də qanunlar var idi, amma icra olunmurdu. Qadınlar, demək olar ki, polisə həyat yoldaşının onu döydüyü barəsində şikayət etmirdi. Ancaq indi qadınlar polisə gedir, zorakılıq haqqında şıkayət edir, bizə gəlir, kömək istəyirlər. Bunlar böyük addımdır. İndi qadınlar öz üzərində işləyir. Mən qadınlar tanıyıram ki, bələdiyyələrdə işləyir və çox gözəl işlər görürlər. Təəssüf ki, bütün bunlar çox azdır, gender bərabərliyi bizdə aşağı səviyyədir.

-Sizin bir çox uğurlu layihələriniz olub. Bu layihələr həm də dövlət idarə olunma orqanlarında qadınların iştirakı ilə bağlıdır. Sizcə, hazırda dövlət idarə olunma müəssisələrində vəziyyət necədir, arzu olunan səviyyədədirmi? Layihələrə ehtiyac varmı?

- Sözsüz ki, vəziyyət arzu olunan səviyyədə deyil. Layihələrə gəlincə, həmişə ehtiyac var. Yenidən qadınların maarifləndirilməsinə ehtiyac var. Çünki rayonlara gedirik, sanki sovet işğalından qurtulduğumuz o dövrə qayıtmışıq. Sovet hakimiyyəti dövründə qızlara məcburi təhsil verilirdi. Valideyn istəsə də, istəməsə də, qızlar 8-ci sinfi bitirməli idi. Ancaq indi qızlarını 3-cü sinfə qədər oxudan valideynlər var. Onlar düşünür ki, qız uşaqları ad-soyadını yazmağı öyrəndisə, artıq oxumağına ehtiyac yoxdur. Bu, çox mənfi cəhətdir. Bununla mübarizə aparmaq lazımdır.

Bir dönəm qızlarını 12 yaşında, 13 yaşında ərə verən valideynlər vardı. Sonra bununla bağlı qanun qüvvəyə mindi, proseslər bir az səngidi. Ancaq yenə də həmin hadisələr baş verir.

- Novella xanım, mətbuatda, sosial şəbəkələrdə yayılan məlumatlarda belə təsəvvür yaranır ki, qadınlara qarşı zorakılıq artmağa başlayıb. İstər fiziki, istər cinsi, istər psixoloji zorakılıq. Bunu nə ilə əlaqələndirirsiniz? Qarşısının alınması üçün nə etmək lazımdır?

-Bilirsiniz, ailə standartları itib. Bizim vaxtımızda az qazanırdıq, ancaq o azı ailə ilə birgə yeyirdik. Şorba da olsa, pendir-çörək də olsa, ailə birgə süfrəyə otururdu. Bizim atamız bizə nə alsa, biz onu geyinərdik. İndi qızlar gedir məktəbə, baxır ki, digərləri daha qəşəng geyinir.

İndiki gənclər iqtisadi cəhətdən təmin olunmur. Televiziyalar çox pis işləyir. Kanallarda tərbiyəvi əhəmiyyətli, ailə ənənələrini əks etdirən verilişlər göstərilmir. Şəhər televiziyaları rayon televiziyaları var, efirə xırda-xırda şoular verirlər. Baxırsan ki bir balaca səsi olan xanım çıxır efirə. Kiminsə hesabına, pul hesabına. Bütün bunlar gənc qızlara pis örnək olur.
Düzünü demək lazımdır ki, ailədə kişi evə məvacib gətirməyəndə çox söz-söhbətlər olur. O vaxtlar hamı bilirdi ki, məndə yoxdursa, qonşuda da yoxdur. Ancaq indi ailələr arasında fərq çoxdur. Bütün bunlar ailədə münaqişələr yaradır. Uşaqlar da bu münaqişələrə məruz qalır. Ailədə qadın və kişi dil tapa bilməyəndə bu uşaqlara da təsir edir.

Zaman var idi ki, kəndlərdə məktəb arzusunda olan uşaqlar var idi. Maddi imkansızlığa baxmayaraq, onlar məktəbə getməyə can atırdılar. Parçadan çantalar tikir, dəftər kitablarını bu çantalara qoyub məktəbə gedirdilər. Oxumağa həvəs var idi. İndi o həvəsi öldürülüb. Regionlarda da, Bakıda da.

-Bildiyimiz kimi, milli azadlıq hərəkatında qadın hərəkatının önündə gedən tarix yazan qadınlardan biri olmusunuz. Necə oldu ki, sovet dövründə qadınlar Azadlıq hərəkatında öndə getdilər.

- Onlar azadlıq istədilər. Nə qədər desək ki, evin böyüyü kişilərdir, ancaq evdə həmişə aparıcı qadınlar olub.

Qadın o zaman da, bu zaman da evin həm prezidenti, həm daxili işlər naziri, həm xarici işlər naziri, həm də iqtisadiyyat naziri olub. Bütün bu işləri evdə qadın həll edir. Kişi evə pul gətirir, qadın hər şeyi tənzimləyir. Qadın evi idarə edirdi, indi isə istəyir ki, cəmiyyətdə də bunu etsin. Artıq kişilərin əksəriyyəti onlara mane olmur. Kişilər şüuraltı bilirlər ki, evi qadınlar idarə edir. Ona görə də qadın irəli çıxanda kişi də fəxr edirdi ki, bizim xanımlarımız bizlə bərabər gedir.

Sovet basqısından qurtulmaq üçün biz qadınlar da mübarizə aparırdıq. Kişilərdə istəyirdi ki, xanımları onlarla birlikdə mübarizəyə qatılsın. Ailə birlikdə mitinqə gəlirdi. Evdə bulka, kökə bişirib, getirirdilər, camaata paylayırdılar. Bizim nəsildən heç kəs o zamanı unuda bilməz. Qadınlar çox böyük həvəslə azadlıq uğrunda mübarizə aparırdılar. Türk qadınları hər zaman müharibələrdə öndə olublar.

-Bizim qadınların tarixi rolunu necə izah edırdiniz?

-Bir söz var, deyirlər ki, türklərin əlinə bir ağac ver, üstünə bir bayraq as, hara desəniz, sizinlə savaşa gedər. Türklər tarix boyu böyük ərazilər fəth edib. Tarixə baxsanız görərsiniz ki, türk savaşçıların yanında həmişə qadınlar var. Türk qadını həmişə savaşan kişinin yanında olub. Bizim qadınlarda olan savaşçı ruh qandan gəlir.

- Necə düşünürsünüz, sizcə, kişilərin qadına qarşı yalnış davranışında qadınların, valideyn tərbiyəsinin rolu varmı?

-Sözsüz ki, övladın tərbiyəsində valideyn böyük rol oynayır. Bizim cəmiyyətdə valideynin oğlan övladı olduqda bunu özünə şöhrət bilir. Bax, elə qadınların hüquqlarının pozulmağı buradan başlayır. Bu düşüncələri aradan qaldırmalıyıq. Qadının hüquqları pozulmağa ailədən başlayır. Valideynlər fəxrlə deyilir ki 3 dənə oğlum var. Oğlan və qızı evdə bərabər hüquqlu olmalıdır. Ana da ata da bilməlidir ki, ən sonda qapını acan sizin qızınız olacaq. Ana da, ata da bilməlidir ki, qocaldıqda valideynə baxan da, onun yükünü öz üzərinə götürən qız övladlar olur.

-Azərbaycan qadınlarına nə arzu edirsiniz?

-Mənim nənəm ziyalı qadın idi. Özü ziyalı ailədə anadan olmuşdu. Həmişə deyirdi ki, nə olur olsun qıza bir sənət verməlisiniz. Oğlanlar daşda daşıya bilər, ancaq qadınların mütləq sənəti olmalıdır.

Qadınlara tövsiyə edirəm ki, qız və oğlan övladları arasında fərq yaratmasınlar. Özləri güclü olsunlar, əyilməsinlər, sınmasınlar.

Mən gücümü anamdan almışam. Atam 42 yaşında rəhmətə getdi. Onda anamın 36 yaşı var idi. 4 övladını, birdə bibimin qızını təkbaşına böyütdü. Hər birimizə ali təhsil verdi. Güclü qadın idi, gecə-gündüz işləyirdi. Hər şənbə günü naxçıvanlı və ucarlı tələbə qohumları başına yığırdı və bizə deyirdi ki, bir-birinizlə ünsiyyətdə olun, bir-birinizə kömək olun. İndi bütün qohumlarım anama rəhmət oxuyur. Onların hər birinin oxumağında onun əli olub.

Anam 42 yaşlı həyat yoldaşını, 47 yaşlı oğlunu, 21 yaşlı nəvəsini itirdi, ancaq yenə də sınmadı, heç kimə baş əymədi. Mən belə qadınlar görmək istəyirəm. Nə qədər çətinlik də olsa, nə qədər əzab-əziyyətlər də olsa, bizim qadınlarımıza öz ayaqları üzərində durmağı tövsiyə edirəm. Türk qadınları hər zaman güclü olub. Dünya da heç bir millətin xanımları bizim xanımlarımıza bərabər ola bilməz

Yazı “Qadın haqları və Gender Bərabərliyi “ İctimai Birliyinin “Qadın hüquqlarının qorunması və gender bərabərliyi“ mövzusunda həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə həyata keçirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.