Ziyafət Əsgərov: “Azərbaycan ordusu öz sözünü deyəcək”
15-10-2016, 08:39
Ziyafət Əsgərov: “Serj Sərkisyanın canı bir şey deyil, amma Qarabağ bizimdir”
“Əgər Azərbaycana qarşı münasibət əvvəlki kimi olacaqsa, bu, heç kimə xeyir gətirməyəcək və Azərbaycan bununla barışmayacaq”
“Bizimlə diktə dili ilə danışmaq lazım deyil”
Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin sədri Ziyafət Əsgərov parlament jurnalistlərinin bir qrupunun suallarını cavablandırıb. Qarabağ məsələsi ilə əlaqədar mövcud olan hərbi-siyasi vəziyyət, danışıqların indiki mərhələsi, beynəlxalq təşkilatlarla münasibətlər, həmçinin ölkəmizə yönəlik təhdidlərdən bəhs edən söhbəti diqqətinizə təqdim edirik:
- Ziyafət müəllim, aprel döyüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi aktivləşdi. Lakin son dövrlər sanki danışıqlara fasilə verilib. Siz, vəziyyəti necə qiymətləndirirsiniz?
- İndiki vəziyyəti aktiv qiymətləndirməzdim. Biz daima həmsədrlərdən münaqişəsinin həll edilməsi prosesinin sürətləndirilməsini gözlədiyimizi ifadə etmişik. Sözün doğrusu, bu gün üçün məsələnin həllinə dair vəziyyət məni qane etmir.
- Aprel hadisələrindən sonra beynəlxalq aləm münaqişənin həllinə dair aktiv danışıqlara başlanması, problemin tezliklə həllinə dair çağırışlar etmişdi. Necə düşünürsünüz, aprelin əvvəlində mövcud olan vəziyyət indi dəyişib?
- Həmsədr ölkələr daima bəyanatlarında ifadə edirlər ki, status-kvo dəyişdirilməlidir, vəziyyət bu cür qala bilməz. Amma təəssüf ki, bütün bunlar bəyanatdan o yana keçmir. Ortada əməl və hərəkət yoxdur. Bizi narazı salan da budur. Biz həmsədr ölkələrin rəhbərlərinə və nümayəndələrinə müraciət edirik ki, bu məsələdə aktivliyi artırsınlar.
- ABŞ dövlət katibi Con Kerrinin “münaqişə tərəfi olan liderlər problemin həllinə hazır deyil” bəyanatını necə qiymətləndirmək olar?
- Bu məsələyə cənab prezident münasibət bildirdi. Sözsüz ki, prezidentin fikirləri ilə 100 faiz razıyam. Bilirsinizmi, bu, əslində Ermənistana haqq qazandırmaq deməkdir. Necə yəni hazır deyillər? İşğala məruz qalan ölkə Azərbaycandır. Azərbaycan ərazilərinin işğaldan azad olunmasına necə hazır olmaya bilər? Hazır olmayan tərəf Ermənistandır və çox təəssüf ki, bəraəti ona verirlər. Dəhşət və faciə də bundadır.
- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postu rotasiyaya uyğun olaraq Ermənistana keçəcək. Bunu Azərbaycanı təhdid edəcək fakt hesab etmək olarmı?
- Əgər söhbət silahların satılmasından gedirsə, prezident Yelsinin zamanında, 1998-ci ildə Ermənistana küllü miqdarda silah satılmışdı. O vaxt bizdə də Dövlət Komissiyası yaradıldı və tələb olundu ki, bu məsələyə münasibət bildirilsin. Onda Rusiya tərəfi belə çıxış etdi ki, Ermənistanla müqavilə var. Əlbəttə, mən hesab edirəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının konkret üzv dövlətləri var. Dağlıq Qarabağ isə bu təşkilatın üzvü deyil. Onlar toplaşıb iclas keçirə bilərlər. Lakin Dağlıq Qarabağ həmin təşkilatın üzvü olmadığından burada Azərbaycana qarşı təhdid də ola bilməz.
- “İsgəndər-M” raket komplekslərinin Ermənistana verilməsini necə dəyərləndirmək olar? Hesab olunur ki, işğalçı ölkə Azərbaycanı bu raketlə hədəfə alarsa, Naxşıvandakı mövqelərimizdən İrəvana zərbələr endirilə və avtomatik KTMT-nin müdaxiləsinə zəmin yarana bilər...
- Əvvəla, müəyyən etmək lazımdır ki, bu silah Ermənistandakı Rusiya hərbi bazasına gətirilib, yoxsa ermənilərə verilib? Ermənistan son zamanlar bu məsələ ilə bağlı çox spekulyasiya edir. Guya ki, hərbi sahədə üstünlüklərini göstərmək istəyirlər. Mən bununla tamamilə razı deyiləm. Nəzərə alın ki, Ermənistanı yerində oturtmaq üçün Azərbaycan ordusunda kifayət qədər müasir silahlar var. Digər tərəfdən, onlar silahlarını Azərbaycanın hansı ərazisinə yönəldibsə, Azərbaycanın da buna cavab vermək üçün kifayət qədər silahları var. Bu mənada narahatçılığa əsas yoxdur. Bir daha vurğulayıram ki, “İsgəndər” raketlərinə görə Ermənistanın sevinməsinə heç bir əsas görmürəm. Çünki bu silahın onlara, yoxsa Ermənistandakı Rusiya hərbi bazasına verildiyi haqda məlumat yoxdur.
- Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu dedi ki, 5 rayonun Azərbaycana qaytarılması barədə danışıqlar gedir. Rusiya-Türkiyə yaxınlaşmasının Qarabağ probleminin həllinə təsiri ola bilərmi?
- Rusiya ilə Türkiyə arasında olan məlum hadisəyə qədər bu iki ölkənin münasibətləri yaxşı vəziyyətdə idi. Sonra insidentə görə müvəqqəti problem yaşandı, hazırda bu dövlətlər arasında münasibətlər yaxşıdır. Biz bu münasibətlərin yaxşı olmasını alqışlayırıq. Konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, ilk növbədə həmsədr dövlətlər bu məsələdə aktiv rol oynamalıdır. Təəssüflər olsun ki, biz bu fəallığı görmürük.
- 5 rayon məsələsi...
- Biz daima bəyan etmişik ki, məsələnin mərhələli yolla həllinin tərəfdarıyıq. İndi 5 rayon, 6 rayon, ya 7 rayonun olacağını proses göstərəcək.
- Hazırda danışıqlar prosesində hansısa rayonların geri qaytarılması müzakirə olunurmu?
- Mən danışıqlar prosesinin iştirakçısı deyiləm. Onu deyə bilmərəm.
- Parlamentdə Qarabağ komitəsinin yaradılması və yaxud vitse-prezidentlərdən birinin Qarabağ məsələsi ilə məşğul olması barədə təkliflər eşidilir. Bu barədə nə deyə bilərsiniz?
- Bu, cənab prezidentin səlahiyyətinə aid olan məsələdir.
- Avropa Parlamenti-Azərbaycan münasibətlərinin hazırkı durumunu necə qiymətləndirmək olar? Qurumun üzvləri də açıqlama verdilər ki, biz Azərbaycanla danışıqlar mərhələsindəyik. Perspektivlər barədə nə deyə bilərsiniz?
- Biz əslində buna çox normal baxırıq. Bəzi media orqanları Avropa İttifaqı ilə Avropa Parlamentini qarışdırır. Amma söhbət Avropa Parlamenti və Avronestdən gedir. Avropa Parlamenti ilə bir il idi ki, münasibət yox idi və bu da onların günahı ucbatından baş vermişdi. Çünki onlar 1 il əvvəl Azərbaycana qarşı heç bir ədalət normalarına sığmayan bir qətnamə qəbul etmişdi. Azərbaycan parlamenti də buna qarşı qətnamə qəbul etdi. Bundan sonra münasibətlərdə xeyli pauza əmələ gəldi. Amma indi onların səlahiyyətləri nümayəndələri Azərbaycana səfər etdilər, cənab prezidentlə görüşdülər, Milli Məclisdə oldular. Sonda da qərara alındı ki, münasibətlər bərpa olunsun. Mən bunun tərəfdarıyam. Çünki Avropa Parlamenti və Avronest elə meydandır ki, biz burdan istifadə etməliyik, münasibətlərimiz davam etməlidir. Biz artıq o qətnamənin 11 və 12-ci maddələrini qüvvədən saldıq. Yəni bu, o deməkdir ki, biz artıq münasibətlərin irəliləməsinin tərəfdarıyıq, münasibətlərdə maraqlıyıq. Amma əgər Azərbaycana qarşı münasibət əvvəlki kimi olacaqsa, bu, heç kimə xeyir gətirməyəcək və Azərbaycan bununla barışmayacaq. Bizimlə diktə dili ilə danışmaq lazım deyil. Biz normal və sivil əməkdaşlığın tərəfdarıyıq. Kim bu əməkdaşlığı istəyirsə, buyursun.
- “Türk axını” layihəsi faktiki olaraq imzalandı. Bu, Azərbaycanın da yer aldığıl TANAP layihəsinə necə təsir göstərəcək?
- Azərbaycanın nəzərdə tutulan layihələri var. Siz dediyiniz müqavilənin bağlanması Azərbaycanın bu proyektlərinə heç bir mənfi təsir göstərmir.
- Siz həm də NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərisiniz. Azərbaycan-NATO münasibətləri hansı vəziyyətdədir?
- Normal münasibətlər var. Biz noyabrda NATO Parlament Assambleyasının payız sessiyasına gedəcəyik. Tədbir İstanbulda olacaq. Həm Parlament Assambleyası çərçivəsində, həm də NATO çərçivəsində normal münasibətlər var.
- Belə iddialar var ki, referendumdan sonra parlament və prezident seçkiləri keçirilə bilər. Bu, nə dərəcədə ciddi iddiadır?
- Mənim bu haqda məlumatım yoxdur.
- Yayılan məlumatlardan biri budur ki, ölkədə Qarabağ məsələsi ilə bağlı ümumxalq səsverməsi keçirilə bilər…
- (gülərək) Bəzən elə suallar verirsiniz ki…
- Hər halda cəmiyyət arasında yayılan məlumatlardan biridir.
- Ola bilər kimlərsə mətbuatda belə məsələləri yayır, ondan sonra bunu dövriyəyə çıxarır. Şəxsən mən hesab edirəm ki, bu məsələ, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mərhələli yolla, yaxud hansı formatda həll olunacaqsa, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
- Rusiya-Ermənistan əlaqələri bəllidir və yuxarıda bəzi faktlar sadalandı. ABŞ də Qarabağ separatçılarına hətta müşahidə qurğuları verib. Üstəlik, işğal zonasında ASALA terror təşkilatının bayraqları belə görünməkdədir. Bu, onu deməyə əsas vermirmi ki, artıq hərbi yol yeganə həll vasitəsidir?
- Biz həmişə demişik, yenə də deyirəm: hərbi yol həmişə var. Biz bunu istisna etmirik. Amma son ana qədər, o yerə qədər ki, orada sülh danışıqlarını aparmaq mümkündür, biz onu edirik və edəcəyik. Amma həqiqətən də yüz faiz əmin olsaq ki, Ermənistan doğrudan da imitasiya edir - düzdür, Ermənistan danışıqlar prosesində çox imitasiya edib - görsək ki, bu danışıqların əhəmiyyəti yoxdur, onda Azərbaycan ordusu öz sözünü deyəcək.
- Serj Sərkisyan dedi ki, “canımı verərəm, Qarabağı vermərəm”. Bundan sonra danışıqların mənası qalırmı?
- Serj Sərkisyanın canı bir şey deyil, amma Qarabağ bizimdir.