Kreml rəhbəri daha prezident olmaq istəmir, yoxsa...
23-11-2018, 08:46
Rusiyada prezident Vladimir Putinin populyarlığının azalmaqda olduğu barədə məlumatlar yayılmaqdadır. Rus siyasi təhlilçilər yazır ki, Putinin populyarlığına pensiya islahatları, ölkədə əhalinin sosial-iqtisadi vəziyyətinin getdikçə pisləşməsi mənfi təsir edib. Bəzi ekspertlər isə prezident Putinin populyarlığının aşağı düşməsini həmçinin vətəndaşların uzunmüddətli Putin hakimiyyətindən “doyduqları” ilə izah edirlər.
Hazırda politoloqlar post-Putin dövrünü analiz etməklə Rusiya liderinin varisinin kimliyini tapmağa cəhd göstərirlər.
Azpolitika.info-nun yazdığına görə, siyasi texnologiyalar mərkəzinin eksperti Aleksey Makarkin bildirib ki, mümkün ssenarilərdən biri 2021-ci ildə Dövlət Dumasına seçkilər öncəsi varisin yeni baş nazir təyin edilməsi və tədricən ona səlahiyyətlər verilməsidir. Makarkinin sözlərinə görə, Tula vilayətinin qubernatoru Aleksey Dyumin Putinin varisi olmağa ən şanslıı fiqurdur.
Aleksandr Dyumin 1972-ci ilin avqustunda anadan olub, Federal Mühafizə Xidmətində işləyib. O, Putinin birinci və ikinci hakimiyyəti müddətində prezident mühafizəsində işləyib. Bundan sonra müdafiə nazirinin müavini vəzifəsində çalışıb. Nəticədə Putin onu Tula vilayəti qubernatoru təyin edib.
Siyasi İnformasiya Mərkəzinin direktoru Aleksey Muxin isə bildirib ki, Aleksandr Dyumindən başqa daha namizəd var: Bunlar Yaroslavl vilayətinin qubernatoru Dmitri Mironov, mülkü müdafiə işləri və fövqəladə vəziyyət üzrə nazir Yevgeni Ziniçevdir. Muxinin sözlərinə görə, bu üç namizəd beynəlxalq arenada tanınmır, amma Rusiya KİV-ləri onları uğurlu siyasətçilər kimi reklam etməyə başlayıb.
Politoloq Elşən Mustafayev bildirdi ki, Putinin özünə varis axtarması ilə bağlı deyilənlər inandırıcı deyil: “Putin varislə bağlı düşünə bilər, amma bu o demək deyil ki, ölkəyə rəhbərliyi kiməsə ötürmək istəyir. Görünən odur ki, Putinin həm yaşı, həm də sağlamlığı imkan verir ki, Rusiyanı hələ bir müddət idarə etsin. Lakin ağılsız adamlar özündən sonrakı varis barədə düşünmürlər. Yeni gələn adamın ölkənin siyasi kursuna yanaşmasından başlamış, özündən öncəkinin ailəsinə, yaxınlarına, bizneslərinə münasibəti Putin kimi dövlət başçılarını həmişə narahat edib.
Odur ki, gələcəkdə belə problemlərin olmaması məqsədilə adətən bütün Putin tipli liderlər gizli şəkildə varislə bağlı planlar qurmağa çalışırlar. Belə planlar isə çox gizli şəkildə qurulur və çox vaxt heç kimin bundan xəbəri olmur və ya ən uzağı məhdud saylı insanlar məlumatlı olurlar. Belə fikirlərin blef kimi ortaya atılması iddiaları da ola bilər. Amma bu da inandırıcı deyil. Çünki bu blef Qərb dairələrinə hesablanmış addımdırsa belə, fikirlərə Qərb heç vaxt inanmaz. Qərbdə hamı yaxşı bilir ki, sağlamlığı imkan verənə qədər Putin Rusiyaya rəhbərliyi istənilən statusda həyata keçirdəcəkdir. Qərbi gələcəkdə varisin kim olacağı düşündürə bilər. Amma bu gün kimlərin adları bu yöndə çəkiləcəksə onlar birmənalı varis deyillər. Dediyim kimi, fiziki problemlərlə bağlı səbəblər ortada olmayacaqsa, Putin sonuna qədər Rusiyada liderliyi əlində saxlamağa çalışacaq. Zamanı gələndə ola bilsin ki, bu gün heç kimin ağlına belə, gəlməyən birisi üzə cıxacaq”.
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiyanın iqtisadiyyatı ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində getdikcə ağır nəticələrə səbəb olur. Bu da ölkədə siyasi vəziyyətə ciddi mənfi təsir edən əsas amildir: “Putinin reytinqi əvvəlki illərə nisbətən aşağı düşüb. Bunun əsas səbəbi məhz sosial problemlərin getdikcə ağırlaşmasıdır. Bu da növbəti seçkilərdə Putini qayğılandıran əsas məsələdir. İqtisadi vəziyyətin ağırlaşması, rublun dollar nisbətində dəyərdən düşməsi seçkilər yaxınlaşdıqca, Rusiyada kütləvi narazılıqlar yarada bilər. Hesab edirəm ki, ABŞ başda olmaqla Qərb ölkələri Putinin növbəti dəfə hakimiyyətdə qalmasına imkan tanımamaq üçün sanksiyaları ağırlaşdıra bilər. Düşünürəm ki, Putin növbəti dəfə hakimiyyətdə qalması üçün çalışacaq. Varisə həqiqətən də ehtiyac olacaqsa, Yuri Uşakov, yaxud müdafiə naziri Sergey Şoyqu Putinin əsas varisləri sırasındadır”.