Rusiya özünü aldadır, London daha sərt olacaq

28-11-2018, 09:06           
Rusiya özünü aldadır, London daha sərt olacaq
Böyük Britaniyanın Avropa Birliyindən ayrılması hər hansı bir formada London-Moskva yaxınlaşmasına səbəb olmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bunu Skripal olayından sonra Britaniyanın Rusiyaya qarşı daha sərt tədbirlər görməsi və ciddi sanksiya siyasəti yürütməsi ilə əlaqələndirib:

“Buna görə də Böyük Britaniyanın Avropa Birliyindən ayrılması hər hansı bir formada London-Moskva yaxınlaşmasına səbəb olmayacaq. Əksinə, Britaniyanın ABŞ-la birgə çox ciddi siyasi fəaliyyətini nəzərə alsaq, London və Moskva arasında tez bir zamanda isti münasibətlərin yaranacağını söyləmək mümkün deyil. İqtisadi münasibətlərə gəlincə, Britaniya ilə Rusiya arasında ticarət dövriyyəsi o qədər də böyük deyil. Ancaq Rusiyadan Britaniyaya kapital axını kifayət qədər çoxdur. Hətta müxtəlif hesablamalara görə, son 25 ildə Rusiyadan Britaniyaya təqribən 650-700 milyard dollara yaxın kapital axını olub. Ancaq Britaniyada qanunlar getdikcə daha da sərtləşir. Bu üzdən də hesab edirəm ki, Rusiyadan çıxan kapitalın bir qisminin leqallaşmasında problemlər yaranacaq”.

N.Cəfərli Britaniya hökumətinin Rusiyadan gələn pulların mənbəyi ilə bağlı araşdırmalara başlayacağını bildirib:

“Yəni Breksitdən sonra Britaniya Rusiyaya qarşı daha sərt addımlar atacaq. Çünki Britaniya AB-də olduqda bütün ölkələrin razılığı ilə addımlar atmağa məcbur idi. Ancaq AB-dən ayrıldıqdan sonra Britaniya sərbəst şəkildə Rusiyaya istədiyini reallaşdırmaqda sərbəstdir. Bu fonda, zənnimcə, Britaniya-Rusiya münasibətləri getdikcə daha da gərginləşəcək”.

Qeyd edək ki, Rusiyanın Britaniyadakı səfirliyinin nümayəndəsi RİA-ya açıqlamasında Böyük Britaniyanın ABŞ-dan ayrılmasının London və Moskva arasında daha konstruktiv münasibətlərin qurulması üçün başlanğıc ola biləcəyini deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.