London oliqarxları küncə sıxışdırır - Böyük Britaniya investisiya vizalarından imtina edir
8-12-2018, 10:35
Londonda sərtləşən qaydaların onlarla azərbaycanlı məmur-oliqarxın da rahatlığını pozacağı şübhəsizdir
Böyük Britaniyada mənbəyi izah edilməyən pul və əmlaka qarşı mübarizə tədbirləri getdikcə sərtləşdirilir. Belə ki, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın istintaqa cəlb edilməsinə səbəb olan qanunun ardınca Birləşmiş Krallıq dekabrın 7-dən etibarən zəngin əcnəbilərə investisiya vizalarının verilməsini dayandırıb. Yeni vizaların təqdim olunması qaydaları isə olduqca sərtləşdirilir. Viza proqramı öz işini hələ 2019-cu ildən sonra bərpa edəcək.
Onu da qeyd edək ki, investisiya vizası dünyanın əksər inkişaf etmiş ölkələrində tətbiq olunan investisiya cəlbi yollarından biri hesab olunur. Belə vizalar hər hansı ölkəyə iri həcmdə vəsait yatıran şəxslərə verilir. Müxtəlif ölkələrdə investisiya vizalarının verilməsi şərtləri, bu vizaların yaratdığı üstünlüklər fərqlidir. Böyük Britaniya və tətbiq olunan 1-ci dərəcəli investisiya vizaları (Tier 1) ölkə iqtisadiyyatına 1 milyon funt-sterlinq qoyan şəxslərə verilirdi. Bu vəsait daşınmaz əmlak sahəsindən kənara, əsasən dövlət qiymətli kağızlarına, özəl şirkətlərdə müəyyən payın alınmasına yatırılmalıydı. Həmin vizaların sahiblərinə Böyük Birtaniyada yaşamaq izni verilirdi. Beş ildən sonra investisiya vizasının sahibləri ilin ardıcıl olaraq Böyük Britaniyada yaşadıqları təqdirdə ölkənin vətəndaşlığını almaq iddiası qaldırmaq hüququna malik olurdular.
Xarici iş adamları 2, 5 və ya 10 milyon funt sterlinq qoyaraq ölkədə 3 və ya 5 illik yaşamaq hüququnu qazana bilirdilər. Statistikaya görə 2017-ci ilin sentyabrından, 2018-ci ilə qədər 361 şəxs bu vizanın sahibi olub ki, onlardan 115-i Çin, 68-i isə Rusiya vətəndaşıdır(Musavat.com).
Yeni ildən etibarən investisiya vizası almaq istəyən şəxslər Birtaniyada biznes maraqlarını özləri təmsil etmək məcburiyyətində qalacaqlar. Bundan başqa, investorların auditi məcburi qaydada həyata keçiriləcək. Həmçinin viza ilə bağlı ərizə verənlər əllərindəki investisiya vasitələrinin 2 illik hesabatını təqdim etməli olacaqlar. Üstəlik yeni viza sahiblərinə Böyük Britaniya dövlət istiqrazlarına sərmayə qoymaq qadağan olunur.
Onu da qeyd edək ki, Böyük Britaniyada investisiya vizaları ilə bağlı bu addımın atılması bu ilin əvvəlindən müzakirə olunurdu. Skripal olayından sonra Londonun öz ərazisində sığınacaq tapan rus milyarderləri ilə bağlı sərt tədbirlərin görəcəyi barədə məlumatlar mətbuata sızdırılırdı. Eyni zamanda çirkli pulların dövriyyəsi ilə bağlı adı ön yerlərdə hallandırılan Böyük Britaniya üçün bu vəziyyəti dəyişmək üçün real addımlar atmaq zərurətə çevrilmişdi.
Dünyada investisiya vizalarının tətbiqi sahəsində lider olan 3 ölkədən biri Böyük Britaniya, digər ikisi isə ABŞ və Honqkonqdur. ABŞ-da investisiya vizalarını bir neçə növü tətbiq olunur.Bunlar arasında ikisi xüsusilə investorlar üçün əlverişli şərtlər təklif edir. EB-5 adlı birinci vizanı alan şəxsin həm özü, həm də ailə üzvlərinə ABŞ-da yaşamaq və bizneslə məşğul olmaq imkanı yaranır - yaşıl kart verilir. 1990-cı ildə yaradılan bu viza ondan bəri investorların ölkəyə mcəlb olunmasında xüsusi rol oynamağa davam edir. Vizanı almaq üçün əsas şərt iş adamının ölkəyə yatırmaq üçün hesabında 500 min-1 milyon dollarının olmasıdır. Bu vəsait elə sahəyə yatırılmalıdır ki, minimum 2 il müddətində 10-dan yuxarı iş yerinin yaradılmasını təmin etsin.
E-2 adlı ikinci investisiya vizası yaşıl kart verməsə belə, yenə də investora ABŞ ərazisində yaşamaq və biznes fəaliyyətini genişləndirmək imkanı verir. Bu vizanı alan şəxs biznesini genişləndirməklə EB-5-i də əldə edə bilər.
Honqkonqda isə işçi vizası olmadan ölkədə biznes qurmağa imkan verən şərtlər tətbiq olunur. Bu zaman investor Honqkonq müəssisələrinə 10 milyon yerli dollardan az olmayaraq investisiya qoymağa hazır olmalıdır. Onun şəxsi hesabında 6,5 milyon Honqkonq dollarından az olmayan məbləğ olmalıdır. Bu və digr bir neçə şərti ödəyən şəxslər tədricən Honkonqda daimi yaşayış izni ala bilirlər.
Maraqlıdır ki, biznes mühiti Böyük Britaniyadan heç də geri qalmayan ABŞ və Honqkonqun tətbiq etdiyi investisiya vizaları Birləşmiş Krallığın analoji vizasından daha az cəlbediciliyi ilə seçilir. Dünyanın hər yerindən olan pul sahibləri daha çox Böyük Britaniyada yaşamağa, biznes qurmağa meyl edirlər. Bunun isə əsas səbəbi bu ölkə və onun offşor ərazilərində çirkli pulları yumaq, vergiləri daha az ödəmək imkanları genişdir. Daha doğrusu, bu ilədək geniş idi. Bu ildən isə Böyük Britaniyada tətbiq edilən məhdudiyyətlər minlərlə insana problem yaratmaqdadır. Belələri arasında Azərbaycandan Z.Hacıyevadan başqa şəxslərin də olacağı istisna deyil. Çünki Azərbaycanın hətta orta ranqlı məmurlarını belə araşdırdıqda yaxınlarının Böyük Britaniyada şirkətə, əmlaka sahib olduğu üzə çıxır. Onların ölkə daxilində əldə etdikləri pullar hesabına yaradılan şirkətlərin, alınan əmlakın mənbəyi barədə əsaslandırılmış izahat təqdim edə biləcəkləri isə böyük sual altındadır. Bu baxımdan, Londonda sərtləşən qaydaların onlarla azərbaycanlı məmur-oliqarxın da rahatlığını pozacağı şübhəsizdir...