Rus jurnalist – Bakıda könüllülərin yürüşündə
7-04-2016, 00:57
“Azərbaycanın paytaxtı döyüş əməliyyatları xəttindən uzaqda yerləşir. Lakin burada vətənpərvərlik əhval-ruhiyyəsi ölkənin münaqişə zonası ilə həmsərhəd rayonları ilə müqayisədə heç də aşağı səviyyədə deyil. Bakıya gəldim və Dağlıq Qarabağ uğrunda müharibəyə getmək arzusunda olan könüllülərin yürüşünə qoşuldum”.
Bu sözləri Rusiyada çıxan “Kommersant” qəzetinin Bakıya ezam edilən müxbiri Kirill Krivoşeyev yazır.
Rusiyalı jurnalist Azərbaycan paytaxtında gördüklərini belə təsvir edir: “Qarabağda döyüşlər getdiyini yerli kafelərdə göstərilən telereportajlara, avtomobillərin arxa şüşələrinə yaxın yerləşdirilmiş və ya balkonlarda asılmış bayraqlara görə başa düşmək olar. Bu günlərdə kişilər inzibati binaların yaxınlığında toplaşaraq cəbhəyə çağırılmalarını tələb edirdilər. Hakimiyyət bu tələblərə rədd cavabı verib. Orduda könüllülərə ehtiyac yoxdur – kifayət qədər şəxsi heyət var”.
Qəzet yazır ki, həm tələbələr, həm də yaşlı Bakı sakinləri “Ali Baş Komandan əmr verən kimi” dərhal müharibəyə getməyə hazır olduqlarını deyirlər. Nərimanov rayon icra hakimiyyətinin yaxınlığında keçirilən aksiyada təxminən 100 nəfər toplaşmışdı. Bakı sakinləri bu vətənpərvər ruhdan imtina etməyə hazırlaşmır.
“Kommersant”ın müxbiri tələbələrin keçirdiyi aksiyalarda iştirak edib: “Münaqişə zonasında döyüş əməliyyatları yenidən başlandığı gündən bu cür aksiyalar keçirilir. Gənclər kiçik qruplar halında şəhərdə gəzir, sonra Azərbaycan xalqının qəhrəman övladlarının, o cümlədən Qarabağ uğrunda müharibədə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanındakı əbədi məşəlin yanında toplaşırlar. Belə qrupların birində təxminən 25 nəfər vardır. Onlardan biri rus dilində yaxşı danışır. Soruşuram ki, bu gənclər haçansa ermənilərlə görüşüblərmi? Cavab verirlər ki, görüşməyiblər. Maraqlanıram: əgər Dağlıq Qarabağ Azərbaycana keçərsə, onların fikrincə, ermənilərlə necə rəftar etmək lazımdır. Deyirlər ki, dinc sakinlərlə yola getməyə hazırdırlar.
Gənclər Əbədi Məşəlin yaxınlığındakı baxış meydançasına qalxaraq yenə şəhərə dağılışır. Onlar uca səslə şüarlar söyləmir, mahnı oxumur, sadəcə gəzirlər, hərdən fotoşəkil çəkirlər. Aksiya iştirakçıları tərəddüd etmədən, günü sabah cəbhəyə getməyə hazır olduqlarını bildirirlər.
1990-cı illər müharibəsinin veteranı, hərbi ekspert İlham Ağalarov deyir: “Heyfsilənirəm ki, 1994-cü ildə biz bu münaqişəni dondurduq, indi bu yük övladlarımızın çiyinlərinə düşüb. İndi kim müharibəyə getmək istəyir? Hər kəs!” – deyən İlham çayxanada qonşu masanın arxasında əyləşən oğlanı göstərir. O razılaşır: hazıram…. İlhamın oğlu artıq ordudadır. Hazırda təmas xəttindədir. Döyüşlər gedən günlərdə İlham özü döyüş əməliyyatları zonası ilə həmsərhəd rayonda olub. O deyir: “Orada çoxları müstəqil şəkildə cəbhəyə düşməyə çalışır, lakin polis blok-postlarında onları buraxmırlar. Yerli hərbi komissarlıqda da eyni sözləri deyirlər: müharibədə sizə ehtiyac yoxdur, ordu özü onların öhdəsindən gələcək.
Müsahibim döyüş əməliyyatlarının yenidən başlanması barədə fikirlərini bildirir: “Biz bunu 22 il gözləmişik və yaxşıca hazırlaşmışıq. Ordumuzun hər şeyi var. Hətta yaralılar üçün qana da ehtiyac yoxdur – kifayət qədər qan ehtiyatı var, amma qan vermək istəyənlər çoxdur”.
Qarabağın gələcəyi məsələsinə gəldikdə isə, İlhamın fikrincə, Qarabağda Azərbaycan bayrağı dalğalanmalı, amma bu bölgəyə geniş muxtariyyət statusu verilməlidir.
İlham ən ülvi duyğularını bölüşür: “Mənim ən böyük arzum son döyüşdə ölməkdir. Əgər biz torpağımızı sülh yolu ilə qaytara bilməsək, onu hərbi yolla qaytaracağıq. Lakin indiki döyüş sonuncu deyil, bu bir qığılcımdır. Bu qığılcım problemi həll etməyəcək, amma bizim qəti əzmimizi Yerevana göstərəcək”.
Azərtac.az