Azərbaycan “5+2 formulu”nu gerçəkləşdirmək qərarında
7-04-2016, 09:58
Deputatdan və siyasi ekspertdən mühüm açıqlamalar
Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov “Anadolu” agentliyinə açıqlamasında deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri öz mandatlarından istifadə edərək Ermənistandan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasını tələb etməlidir. Qalib İsrafilov Azərbaycanın şərtini də açıqlayıb.
O deyib ki, öncədən 5 bölgə boşalmalı, həmin bölgəyə azərbaycanlı məcburi köçkünlər qayıtmalı, onlar üçün normal şərait yaranmalı, ərazilər və nəqliyyat-kommunikasiya bərpa edilməlidir. İkinci mərhələdə digər iki region - Laçın və Kəlbəcər qayıtmalıdır və bunun əsasında Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkibində statusunun müəyyən edilməsi baş tuta bilər. Bunun üçün də Qarabağdan qovulmuş azərbaycanlı icması oraya qayıtmalı və erməni icması ilə bərabər hüquqlarla prosesdə iştirak etməli, onlar üçün həyat qurmağa eyni imkanlar yaradılmalıdır.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın irəli sürdüyü həll formulu ədalətlidir. Azərbaycan əvvəllər də bu həll formuluna razı olduğunu bəyan edirdi, lakin Ermənistan buna da razı olmayıb: “Aprelin 2-də Azərbaycan ordusunun cəbhədə irəliləməsi vəziyyətə xeyli dərəcədə təsir göstərə bilər. Ermənistan danışıqlarda öz xoşuna 5 rayonu azad etməsə, atəşkəs yaxın günlərdə yenidən pozulacaq və ordumuz bir az da irəliləyəcək. İlk mərhələdə 5 rayonun azad edilməsi artıq gündəmdədir. Cəbhədəki vəziyyəti prezident və müdafiə nazirindən yaxşı bilən yoxdur. Ona görə də əgər prezident atəşkəsə razılaşıbsa, həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə bu qərarı verib. Bütün iplər Moskvanın əlindədir. Əgər Kreml müharibənin davamını istəmirsə, Ermənistan prezidenti Serj Sərkisyanı ilkin şərt irəli sürmədən 5 rayonu azad etməyə məcbur etməlidir. Əks halda, yəni danışıqlar yenə uzanacaqsa, bunun davamının nə olacağını artıq ermənilər yaxşıca anladılar”.
Deputat Zahid Oruc hesab edir ki, dörd günlük müharibə və verdiyimiz şəhidlər əslində Qarabağa yeni bir yol açıb (axar.az): “Azad edilən 2 kənd və 8 yüksəklik gələcəkdə Qarabağ prosesində mühüm bir səbəb, aralıq mərhələ, dönüş nöqtəsidir. 7 rayonun hətta beşi qaytarılsa belə, çox arzulayırıq ki, bu, müharibə yolu ilə azad olunsun. Asanlıqla qayıtsa, xalqı çaşdıracaq. Bu gün faktiki olaraq Laçın dəhlizinə bizi aparan yolun üstündə olsaq da, qazanılmış ilk uğurlar ermənilərin bir neçə istiqamətdə mühasirəsinə səbəb olacaq və onların nəfəslikləri daralacaq. Bu dəqiqdir. İndi dünya 1990-cı illər reallığından fərqlidir. Hamını düşündürən bir sual var: niyə atəşkəs oldu? Prosesin əslini və bütün sirləri bilən Ali Baş Komandandır. Prezident bugünlərdə beynəlxalq dairələrlə aparılan danışıqların əsas məğzini cəmiyyətə açmadan göstərir ki, çoxları üçün kiçik görünsə də, əldə edilən uğur Qarabağ prosesinin bütün gələcəyini dəyişəcək. Bu siyasi və olduqca mühüm mesajı artıq ölkə rəhbəri verib. Azərbaycan yeni bir tarixin başlanğıcındadır”.