Rəsmi Bakı rekord sayda siyasi məhbusların fonunda

28-08-2017, 17:46           
Rəsmi Bakı rekord sayda siyasi məhbusların fonunda
Hakimiyyətin zorakılığı Ermənistanın xeyrinə işləyə bilər.
Azərbaycanda siyasi məhbusların sayı son illərdə ən yüksək həddə çatıb. Bu faktı Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupun təqdim etdiyi hesabatdan görmək olar. “Hazırda avqustun 28-də təqdim etdiyimiz siyahıda 158 nəfər siyasi məhbus var. Onlar ən müxtəlif kateqoriyaları əhatə edirlər. Bura jurnalistlər, bloggerlər, şairlər, yazarlar, bir nəfər hüquq müdafiəçisi, inanclı fəallar, ictimai və siyasi fəallar, sosial etirazlarda iştirak etmiş şəxslər, bizim siyasi girov adlandırdığımız şəxslər və Səid Dadaşbəyli və onunla birgə həbs olunmuş şəxslər daxildir”.

Bu açıqlamanı adıçəkilən İşçi Qrupun üzvü, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov verib. Xaıtırladaq ki, Azərbaycanda sonuncu belə rekord siyasi məhbus sayı 2015-ci ildə qeydə alınıb. Həmin vaxt Azərbaycanda siyasi təqibə məruz qalıb həbs edilənlərlə bağlı beynəlxalq hüquq müdafiə təşkilatlarına iki siyahı təqdim olunmuşdu. Həmin siyahılardan birində Azərbaycanda 130, digərində isə 96 nəfər vicdan məhbusunun olduğu bildirilirdi. Ona görə də ABŞ-ın Helsinki Komissiyasının sədri Kristofer Smit “Azərbaycanda Demokratiya Aktı-2015” adlı hesabat hazırlamışdı. O, həmin hesabatı Senata təqdim edərək Azərbaycan hakimiyyətinə sanksiya tətbiq olunmasını təklif etmişdi. Lakin Azərbaycan iqtidarı 2016-cı ildə siyasi məhbusların 25 nəfərini əfv və şərti cəza ilə azadlığa buraxmaqla Qərbin sanksiyalarından yayına bildi.

İndi isə vəziyyət 2015-ci ildəkindən daha acınacaqlıdlr. Siyasi məhbusların sayı artıq 158 nəfərə çatıb və “Turan” İnformasiya Agentliyinə qarşı həyata keçirilən təzyiqlər bu siyahının artması riskinin yüksək olaraq qaldığını deməyə əsas verir. ( Agentlik Mehman bəyin həbsindən sonra fəaliyyətini dayandırdı!) YAP rejimi siyasi repressiyaları davam etdirməklə vicdan məhbuslarını sərbəst buraxmaq niyyətində olmadığını nümayiş etdirir. Bir ildən sonra Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, siyasi motivli həbslərin artacağı gözlənilir. Əslində, hakimiyyət zorakılıq hesabına müxalifətin fəal kəsimi, vətəndaş cəmiyyəti və media üzərində nəzarəti kifayət qədər təmin edə bilib. Bu baxımdan, təzyiqlərin davam etməsi daha çox daxili ictimai rəyə hesablanıb. Rejim seçkilər öncəsi həm siyasi, həm də sosial etirazların qarşısını almaq üçün cəmiyyətdə qorxu mühiti formalaşdırmağa çalışır. Seçkilər yaxınlaşdıqca ölkə rəhbərliyi demokratik Qərb dünyası ilə qarşıdurmaya getmək hesabına olsa belə, avtoritar üsullardan istifadəni davam etdirməyə çalışacaq. Ona görə hüquq-müdafiəçiləri siyasi məhbusların azadlığa buraxılması üçün hakimiyyətin siyasi iradə göstərəcəyini real hesab etmir. Əgər əvvəlki illərdə sözügedən problemin aradan qaldırılmasında Siyasi Məhbuslarla İş üzrə İşçi Qrupun və Qərbin demokratik dairələrinin apardığı müzakirələr həlledici təsir göstərirdisə, indi situasiya tam əksinə dəyişib. Azərbaycanda siyasi zorakılıq kütləvi hal alıb və iqtidar bu məsələdə heç bir güzəştə getmək istəmir.

Digər tərəfdən, rəsmi Bakının yaxınlaşmaqda olan prezident seçkiləri ərəfəsində insan hüququları və demokratikləşmə sahəsində Qərbin tələbləri qarşısında geri çəkilməsi Rusiyanı narazı sala bilər. Azərbaycan hakimiyyəti isə seçkilərdə daha çox Kremlin dəstəyinə bel bağlayır. 2008-ci ildən etibarən Azərbaycanda keçirilən prezident və parlament seçkilərinin heç biri Avropa Şurası, Avropa Birliyi, ATƏT, ABŞ dövlət Departamenti və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən legitim hesab edilməyib. Yəni seçkilərin kobud şəkildə saxtalaşdırıldığını demokratik Qərb dünyası da təsdiq edib. Amma ötən illərin təcrübəsi Azərbaycan hakimiyyətinin belə vəziyyətdə Rusiyanın mövqeyinə üstünlük verdiyini göstərir. ABŞ-ın və Avropa qurumlarının rəyi isə rəsmi Bakı üçün ikinci dərəcəli, bəlkə də ümumiyyətlə heç bir əhəmiyyət kəsb etmir. Qeyd edilən səbəbdən, növbəti bir il Azərbaycan hakimiyyəti daxilində Rusiyanın dəstəklədiyi “5-ci kalon”un fəallaşması ilə müşahidə olunacaq. Bu da öz növbəsində, yalnız daxili proseslərə deyil, eyni zamanda xarici siyasətə ciddi təsir göstərəcək. Rəsmi Bakının Qərblə münasibətlərində ziddiyyətlərin artması qaçılmaz görünür. Son aylar Gürcüstan-Azərbaycan sərhəddində nəzarətin gücləndirilməsi, jurnalistlərin və fəalların həbsi əslində Qərbə qarşı sözügedən siyasi hücumların elementləridir.

ABŞ-Rusiya münasibətlərində artan gərginlik diplomatik böhran həddinə çatıb. Birləşmiş Ştatların 755 nəfər diplomatının xaric edilməsinə cavab olaraq, prezident Donald Tramp Rusiyanın San-Fransisko şəhərindəki konsulluğunun bağlanılmasına dair fərman verib. Rusiya ilə münasibətlərdə sərt xətt tərəfdarı olan konqresmenlər Tramp administrasiyası üzərində ciddi təsir imkanı əldə edib. Almaniyadakı seçkilərdən sonra qələbəsi qaçılmaz görünən Merkel hökumətinin Rusiyaya qarşı daha barışmaz mövqe tutacağı istisna olunmur. Bütün bu geopolitik qarşıdurmanın Cənubi Qafqazdakı proseslərə, o cümlədən Azərbaycana təsirsiz ötüşməyəcəyi proqnozlaşdılır. Trampın prezident seçilməsindən və 2017-ci ilin əvvəlində Avropada sağ-mühafizəkar cərəyanların fəallaşmasından sonra siyasi manevr imkanı genişlənən Azərbaycan hakimiyyəti balanslı diplomatiya kursunu itirə bilər. YAP rejimi seçkilər ərəfəsində Qərb və Rusiya arasında seçim etmək məcburiyyətində qalacaq. Qərb artıq rəsmi Bakıya ciddi təzyiq vasitəsi əldə edib. Azərbaycan seçkilərdə Rusiyanın təsir çevrəsinə keçməsi Qərbdən siyasi məhbus probleminə görə hakimiyyətə sanksiyalar tətbiq edilməsi məsələsini gündəmə gətirə blər. Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Azərbaycanda siyasi məhbus məsələsi, eyni zamanda insan haqları probleminin gizlədilməsi məqsədilə qalmaqallı “kürü diplomatiyası” müzakirəyə çıxarılacaq. Bu da iqtidara beynəlxalq təzyiqlərin artması üçün ciddi arqument yaradır...

Rəsmi Bakının siyasi repressiyalardan əl çəkməməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində də Azərbaycanın ziyanına işləyəcək həddə çatıb. Belə ki, Ermənistan noyabr ayında Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında saziş imzalayacaq. Dekabr ayında isə prezident Serj Sarkisyanın siyasi məhbusların da azad edilməsini nəzərdə tutan amnistiya aktı verəcəyi gözlənilir. Belə bir addımın atılması Qərbdə Ermənistana siyasi dəstəyin artmasına gətirib çıxara bilər. Təbii ki, 18 nəfər jurnalist, bloqqer də daxil olmaqla 158 siyasi məhbusun mövcud olduğu Azərbaycanda siyasi zorakılıqların davam etməsi düşmən dövlətin xeyrinə işləyən amildir.
Elvin












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.