“G-4” tipli qaz sayğacları “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ödənişsiz təmin olunur - rəsmi
11-11-2015, 20:17
Bu ilin noyabr ayının əvvəlindən başlayaraq fərdi yaşayış evlərinin (mənzillərin) və qeyri yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılmasında layihə-smeta sənədlərinin hazırlanması məqsədi ilə verilən Texniki şərtlərdə qoyulan mövcud şəbəkənin gücləndirilməsi tələbi və həmin işlərin icrası üçün nəzərdə tutulan müvafiq ödənişlər ləğv olunub. “Azəriqaz” İtsehsalat Birliyinin mətbuat xidmətindən DİA.AZ-a verilən məlumata görə, 2016-cı ilin yanvar ayının 1-dən başlayaraq texniki şərtlərin veriliməsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “Asan xidmət” mərkəzlərində həyata keçiriləcək. Bu məqsədlə hazırda Birliyin müvafiq şöbələri ilə “Asan xidmət” tərəfindən artıq lazımi işlərin görülməsinə başlanılıb. Texniki şərtin hazırlanması və “Asan xidmət” mərkəzləri tərəfindən verilməsi qaydaları barədə vətəndaşlara əlavə məlumat veriləcək.
Qeyd edək ki, yeni qaydalara əsasən, fərdi yaşayış evlərinin (mənzillərinin) qaz qurğularının ümumi saatlıq qaz sərfi 10 m3-ə qədər olduqda texniki şərtlərin verilməsi nəzərdə tutulmur.
Həmçinin, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi vətəndaşların düzgün məlumatlandırılması məqsədi ilə diqqətə çatdırır ki, Dövlət proqramında qazlaşdırılması nəzərdə tutulmayan yaşayış ərazilərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması üçün layihə sənədlərinin hazırlanması, tikinti-quraşdırma işlərinin icrası vətəndaşların öz vəsaiti hesabına xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə Qaydaları”nın, Tikinti Norma və Qaydalarının tələblərinə uyğun olaraq vətəndaşların öz vəsaiti hesabına aparılmış qazlaşdırılma işlərinin texniki-icra və layihə sənədləri tikinti təşkilatları tərəfindən “Аzəriqаz” İstеhsаlаt Birliyinə təqdim оlunduqdan, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа yaşayış sahələrinə təbii qаzın verilməsi təmin edilir.
Fərdi yaşayış evlərində quraşdırılan “G-4” tipli qaz sayğacları “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ödənişsiz təmin olunur.
Abonentlərin keyfiyyətli, təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunması, eləcə də abonentlərin məmnuniyyətinin qazanılması məqsədi ilə Birlik tərəfindən bundan sonra da yeniliklər həyata keçiriləcəkdir.