Sağlam vərdişlər və sağlam gənclik
13-11-2015, 15:05
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VII qrant müsabiqəsinin qalibi Ayaz Əhmədzadənin rəhbərliyi ilə “Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır” adlı layihə icra olunur.
Layihə haqqında məlumat verən Ayaz Əhmədzadə bildirmişdir ki, gənclər arasında zərərli vərdişlərin qarşısının alınması və sağlam həyat tərzi keçirmələri məqsədilə müəyyən edilmiş prioritet tədbirlər sistemi dövlətin gənclər siyasətinin strateji fəaliyyət istiqamətlərindəndir. Bir çox gənclər dövlətin və ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilsə də, rəsmi statistikalardan aydın olur ki, zərəli vərdişlərə aludə olan, bunun nəticəsində cinayət törədən gənclərın sayı çoxluq təşkil edir. Cəza çəkən gənclərin əksəriyyəti narkotik maddələrin istifadəsinə və sərxoş vəziyyətdə cinayət törətdiklərinə görə azadlıqdan məhrum edilirlər. Bəzi hallarda gənclərin qaydaları və qanunu pozmaqları qanunvericilikdə təsbit olunmuş hüquq və vəzifələrdən xəbərsiz olmaqları səbəbindən baş verir, nəticədə ciddi cəzalarla üzləşirlər. Hər bir problemin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulmasının böyük önəm daşıdığını nəzərə alaraq, biz gənclər arasında zərərli vərdişlərin qarşısının alınması, sağlam həyat tərzinin təbliq olunması məqsədilə bu layihəni icra edirik. Biz layihə çərçivəsində həm də, zərərli vərdişləri inkar edən, gələcəyin zəkalı gəncləri ilə dialoqun, maariflənmənin, şəbəkələşmənin və əməkdaşlığın gücləndirilməsini nəzərdə tutmuşuq. Çünki, hazırkı gənclər zərərli vərdişlərdən uzaq olmaqda, xoşbəxt və sağlam bir gələcəyin təməlini qurmaqla, gələcək nəsil üçün yarana biləcək təhlükələrin qarşısını ala bilərlər. Təbii ki, sağlam vərdişlər sağlam gəncliyin əsası olduğundan, bu problemin həllində ölkənin dövlət siyasətini həyata keçirən nazirliklərlə yanaşı bütün cəmiyyətin, xüsusilə aparıcı qüvvə olan gənclərin özlərinin fəal iştirakı vacibdir.