İlhamənin bacısı bütün SİRLƏRİN ÜSTÜNÜ AÇDI: “O, ölməmişdən qabaq Orxanı…”

13-07-2016, 19:31           

Mərhum Xalq artisti İlhamə Quliyevanın mirasının bacılarına qalması ilə bağlı dayısı oğlu Eldar İsmayılov açıqlama yayıb.

Vəkil Yasamal Rayon Məhkəməsinin qərarına əsasən müğənninin mirasının bacıları Gülbahar və İradə arasında bölünəcəyini bildirib. O, həmçinin İ.Quliyevanın oğlu kimi özünü təqdim edən Orxan Nadirovun övladlıq iddiasının təmin olunmalığını deyib.

Varislərdən biri, İ.Qulyevanın bacısı Gülbahar Quliyeva bu məsələlərlə bağlı Publika.az-a müsahibə verib.

- Vəkiliniz varis olmağınız barədə məlumat yayıb. Doğrudurmu?
- Neçə gündür ki, telefonlarım susmur, çox əsəbiyəm. Təəssüf edirəm ki, bacım İlhamənin ölümündən sonra onun ruhunu rahat qoymurlar. Vəkil gedib öz işi ilə məşğul olsun, İlhamənin qohum-əqrəbasının adını hallandırmasın. Digər tərəfdən, varis olmuşuqsa, burada nə var axı? Biz İlhamənin bacılarıyıq, biz olmayanda bəs kim varis olmalıdır?

- İlhamə Quliyevanın oğlu kimi təqdim olunan Orxan Nadirovun da varisliklə bağlı məhkəməyə müraciətindən yəqin xəbərdarsınız?
- Özü bilər, biz onun işinə qarışmırıq. Orxan İlhamənin xalası nəvəsidir, onu yaxşı oğlan kimi də tanıyırıq. Hara müraciət edib, özü bilər. İlhamənin 40 mərasimindən sonra onun üzünü görməmişəm, elə səsi-sorağı məhkəmələrdən gəlir.

- Onun varis olmasını istəmirsiniz ki?
- Mən kiməm ki, qanun var…

- Əgər varis olsanız, Orxana mirasdan pay verəcəksiniz?
- Mən ona vaxtında, hələ İlhamənin sağlığında dedim ki, otur bacımla danış. Günah özündə oldu.

- Yəni?
- İlhamə ruhi xəstə deyildi, ağlı başında qadın idi. O, yalnız şəkər xəstəliyindən əziyyət çəkib. Bir də ayaqları ağrıyırdı. Mən dəfələrlə onun yanında bu varislik söhbətini eləmişəm. Ölməmişdən qabaq da onunla danışdım. Amma bu söhbətə yaxşı reaksiya vermədi.

- Nə dedi ki?
- O çox qürurlu qadın idi, şəxsi həyatını gizli saxlamağı xoşlayırdı.

- Sizcə, Orxanın varis olmağını istəyirdi?
- Elə onu deyirəm də, istəsəydi, hər halda, sağlığında bu işi rəsmiləşdirərdi. Demək ki, istəməyib. Bunu Orxan da gözəl bilir.

- Niyə istəmirdi ki?
- Ağlı başında olan qadın idi, biz ona məsləhət verəsi deyildik ki. Özü camaata məsləhət verirdi. Demək ki, belə məsləhət bilib, rəsmiləşdirməyib. İndi də camaat düşüb üstümüzə ki, İlhamənin var-dövləti yetim-yesirə qalsın. Elə İlhamənin qohum-əqrəbasının yarısı yetim-yesirdir də. İlhamənin ən çox sevdiyi bacısı Erlana öldü, qızları qaldı evsiz-eşiksiz, küçələrdə. Şəhid olan qardaşı Çingizin evi-eşiyi yoxdur, uşaqları kirayələrdə çürüyür.

- Bəs siz?
- Mən özüm səsimi çıxarmıram, amma həyat yoldaşım dünyasını dəyişib, uşaqlarıma baxıram. Elə düşüblər İradəylə mənim üstümə. Ay balam, açın qulağınızı eşidin, İlhamənin mirası yalnız İradəylə mənə düşməyəcək, onun beş varisi var. Biz sevinmirik ki, bacımız öldü, arzu-kam almırıq. Allahın işidir, dünyasını dəyişdi, amma onun bir dəstə yetim-yesiri var. Dədə-babadan belə olub, kimsə dünyasını dəyişibsə, olan-qalanı da onun yaxınlarına çatır. Bunun şişirtməyin nə mənası var axı.

- Əli Mirəliyevlə qızı ortaya düşüb, sizcə niyə?
- Mən onları heç tanımıram da. Allah bilir nə məqsədləri var.

- Yəqin eşitmisiniz, deyirlər ki, İlhaməni oğlu Orxan öldürüb?
- Mən kriminalist deyiləm ki, bunu müəyyən edəm. Xəstə adamam, 7 dəfə əməliyyat olunmuşam. Çox adam çox şey danışır.

- Ata-bala iddia edirlər ki, sağlığında İlhamə xanımla əlaqəniz olmayıb, ən çətin vaxtlarında ona qayğı göstərməmisiniz…
- Danışırlar da. İlhamənin anası Tükəzban İsmayılova vəfat edəndə bacım İradə öz evində yas mərasimini təşkil elədi. İlhaməyə xəstə olanda mən baxmışam. Bəs bunları niyə deyən yoxdur. İndi hamısı öləndən sonra İlhamənin qədrini bilən olublar. Bəs İlhamə sağ olanda Əli Mirəliyev belə yuxarıdan niyə getmirdi? Heç izi-tozu ad yox idi. Bacım öləndən sonra əl-qol açıblar. Utanmırlar ağızlarına gələni danışırlar. Barı bacımın ruhuna hörmət eləsinlər. Axırıncı dəfə deyirəm, çox xahiş edirəm, bizim ailə məsələmizə qarışmayın. Varis biz olmalıyıq, başqa kim olmalıdır ki? Bunun üçün də qanunlar var, qanun kimi məsləhət görəcəksə, onu da varis edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.