“Əli və Nino” heykəli bərpa ediləcək - FOTO
27-08-2015, 20:42
“Gürcüstanın Batumi şəhərində dağıdılan “Əli və Nino” heykəli bərpa olunacaq”.
Bu barədə AzVision.az-a Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov deyib.
O, bildirib ki, Batumidə sel təhlükəsi olduğundan dövlət “Əli və Nino” heykəlini başqa yerə köçürmək istəyirdi.
“Güclü yağışlar nəticəsində Batumidə sel təhlükəsi yaranıb. Ona görə də heykəli köçürmək istəyirdilər. Amma heykəllərdən biri istəməndən sınıb. Lakin qeyd edək ki, həmin heykəl bərpa olunacaq.
Heykəllərin harada yerləşdiriləcəyi hələlik məlum deyil. Ola bilər ki, “Əli və Nino” heykəlinin yeri dəyişdirilsin. Hətta heykəl Batumidə dəniz sahilindən bir neçə metr aralı köçürülə bilər.
Yəqin ki, müəyyən plan var ona uyğun heykəl yerləşdiriləcək”-deyə Əli Məmmədov bildirib.
2010-cü ilin sonlarında ucaldılan abidə sevgiyə həsr edilib. Əvvəllər heykəlin adı “Kişi və qadın” olsa da sonradan “Sevgi” ilə əvəz edilib. Qeyri-adi əsərin müəllifi isə heykəltaraş Tamara Kvesitadzedir.
Abidə hərəkət edən iki insan heykəlindən ibarətdir. Bütün konstruksiya metaldan ibarətdir. Abidənin hündürlüyü 7 metrdir (platformasız). Bir-birindən aralı olan metal konstruksiyalı qadın və kişi heykəli hər 8-10 dəqiqədən bir birləşir. Heykəllər spiralvari quruluş sayəsində asanlıqla qovuşaraq bir tam əmələ gətirirlər.
Heykəlin müəllifinin sözlərinə görə, onun ilham mənbəyi azərbaycanlı yazıçı Qurban Səidin “Əli və Nino” əsəri olub. Heykəllər əsərdə bəhs edilən azərbaycanlı Əli adlı gənclə gürcü qızı Ninonun simvoludur.
Qeyd edək ki, heykəltaraş Tamara Kvesitadze 1968-ci ildə Tiflisdə doğulub. Dünya miqyasında məşhur olan heykəltaraş əsərlərində yeni materiallardan istifadə etməsi ilə tanınır.