Elm, din, fəlsəfə: Kainatın yaranışı üç baxış bucağından - ARAŞDIRMA
Bu gün, 08:34

Hər birimizin beynində zaman – zaman bu sual dolaşıb: “Görəsən, yaşadığımız dünya və içindəki hər şey necə yaranıb?” “Gördüyümüz səma, aldığımız hava, içdiyimiz su haradan gəlib?”
Bu sualla bağlı astronomlar, filosoflar və din adamları fərqli fikirlər irəli sürürlər. Hələ elm və kosmologiya formalaşmamışdan əvvəl bəşəriyyət kainatın yaranmasını mifoloji hekayələrlə izah etməyə çalışırdı.
Misirlilər kaiantın ilkin sular “Nun” içindən doğulduğunu, Yunanlar isə Gaia və Uranusun Yer və Göy Tanrılarının yaranmasını təsvir edirdilər. Kainatın yaranması həm astoronimiya, həm fəlsəfi, həm də dini baxımdan müxtəlif şəkildə izah edilir.
İbtidai insan səmadakı ulduzları tanrıların gözü, Ayı bir qadın, Günəşi isə ilahi güc hesab edirdi. Hər sivilizasiya öz kainat nağılını yazırdı.
Patrulaz.az məsələ ilə bağlı etdiyi araşdırmanı təqdim edir:
İlk olaraq elm adamlarının, xüsusilə astronomların bu mövzuya yanaşmasına nəzər salaq. Gəlin, 13,8 milyard il əvvələ – kainatın alov topu kimi mövcud olduğu, hər şeyin bir nöqtədən başladığı ana səyahət edək…
Kainat Böyük Partlayışdanmı yaranıb?
Kainat təxminən 13.8 milyard il bundan əvvəl son dərəcə isti “təklik” nöqtəsindən yaranıb. Bu nöqtədə nə məkan, nə zaman, nə də maddə var idi. Partlayışdan sonra genişlənmə başladı, zaman keçdikcə kosmos soyudu, atomlar formalaşdı və nəticədə ulduzlar, qalaktikalar, planetlər əmələ gəldi. Bu proseslər də Yer kürəsini və insanları formalaşdırdı.
Əksər alimlər kainatın yaranmasını “Böyük Partlayış” (Big Bang) nəzəriyyəsi ilə izah edirlər. Bu nəzəriyyəyə görə, kainat səbəbi tam məlum olmayan güclü bir partlayış nəticəsində yaranıb. Bu partlayışdan sonra kainat genişlənməyə başlayıb və ilk maddələr olan hidrogen və helium qazları meydana çıxıb. Genişlənən qazlar zamanla soyuyaraq cazibə qüvvəsi yaradıb. Bu cazibə qüvvəsi qaz və tozu bir yerə toplayaraq ulduzları, qalaktikaları və səmadakı digər cisimləri əmələ gətirib.
Bu nəzəriyyəni 1920-ci illərdə amerikalı astronom Edvin Hubble irəli sürüb. Onun müşahidələrinə əsasən, kainat daim genişlənir və bu, onun bir vaxtlar tək bir nöqtədən, zaman və məkanın başlanğıcı sayılan hissədən başladığını göstərir.
Elm adamlarına görə, kainatın quruluşunda əsas rol oynayan cazibə qüvvəsi olmasaydı, nə planetlər formalaşar, nə də ki, həyat mümkün olardı. Yer kürəsində bizi ayaqda saxlayan, obyektləri yerə çəkən görünməz cazibə qüvvəsi olmasa idi, biz havada süzər, kosmosa doğru uçardıq.
“Böyük Partlayış” nəzəriyyəsi kainatın necə yarandığını izah etsə də, bəzi sualların ortaya çıxmasına səbəb olub. Kosmosun uzaq hissələri necə eyni temperaturda ola bilər? Kainat niyə bu qədər düzdür?
Bu suallar əsasında alimlər infilyasiya nəzəriyyəsi adlanan yeni modellər ortaya qoydu. 1980-ci illərdə fizik Alan Qut tərəfindən irəli sürülən “Kosmik İnflyasiya” nəzəriyyəsi kainatın yaradılış anını izah edən bir modeldir. Bu nəzəriyyəyə görə, böyük partlayışdan sonra kainat eksponensial sürətlə genişlənib. İnfilyasiya zamanı kvant dalğalanmaları nəticəsində yaranan kiçik fərqlər sonradan cazibə qüvvəsi təsiri ilə böyüyən qalaktikaların və digər strukturların formalaşmasına səbəb olub.
Elm yanlız başlanğıcla deyil, kainatın gələcəyi ilə də maraqlanır. Gələcəkdə “Böyük Donma” nəzəriyyəsinə görə, qalaktikalar bir-birlərindən uzaqlaşacaq və kainat sonsuz soyuqluğa qərq olacaq. Elm kainatın necə yarandığını zaman keçdikcə daha aydın izah edir. Kosmologiya kainatın yaranışı və təkamülü haqqında bir çox suallara cavab tapıb. Lakin qarşıda hələ açılmamış sirlər və cavabsız suallar da qalıb.
Dinlər kainatın yaradılışını necə izah edir?
Kainatın yaranışı ilə bağlı təkcə elm adamları deyil, din adamları da müxtəlif fikirlər irəli sürürlər. Əsas səmavi dinlər olan İslam, Xristianlıq və Yəhudilik kainatın Allah tərəfindən yaradıldığı fikirini irəli sürürlər. İslamda kainatın yaradılışı müqqədəs Quran kitabının bir ayəsində belə izah edilir: “Göyləri və Yeri yoxdan yaradan Odur” (Ənam Surəsi, 101-ci Ayə). Yəni, islam dininə görə, dünyanı yaradanın Allah olduğu göstərilir. Bu dinə mənsub olan xadimlər bildirirlər ki, hər bir varlığın yaranışı və mövcudluğu İlahi iradəyə bağlıdır. Hətta, Quranda kainatın mərhələli şəkildə yarandığı da qeyd edilib.
Xristianlıqda isə Bibliyada kainatın yaradılışı “Yaradılış kitabı”nda izah edilir. Orada da qeyd olunub ki, Tarnrı 6 gün içində dünya və onun içindəkilərini yaradıb.
Yəhudilikdə də bu dinlərə oxşar yaradılış fikirləri mövcuddur. Bir sözlə, hər üç səmavi din kainatın təsadüfi deyil, ali bir güc olan Allah tərəfindən yaradıldığını və idarə edildiyini qəbul edir.
Fəlsəfi düşüncələrə görə kainat necə yaranıb?
Fəlsəfi baxımdan isə, kainatın yaranışı məsələsinə müxtəlif prizmalardan yanaşılır. Qədim yunan filosofu Aristotel kainatın əzəli və əbədi olacağını iddia edib. Yəni, onun fikrincə, kainat heç vaxt yaranmayıb və heç vaxt da məhv olmayacaq. Platon isə kainatın “Deminra” adlandırdığı ali bir varlıq tərəfindən yaradıldığı fikirini irəli sürmüşdü. Görünür ki, kainatın yaranması məsələsi həm elmi, həm də dini baxımdan fərqli şəkildə izah edilir. Elmi araşdırmalar kainatın böyük partlayış nəticəsində təsadüfi yarandığını və zamanla məkanın bu anın içində meydana gəldiyi fikrini ortaya qoyur. Bir sözlə, elm kainatın tək bir nöqtədən yayılmasını, cazibə qüvvəsinin əmələ gəlməsini və nəticədə qalaktikaların, ulduzların formalaşmasını müxtəlif texniki vasitələrlə müşahidə etməyə çalışırlar. Digər tərəfdən isə dini araşdırmalar, o cümlədən din adamları kainatın yaranmasını Allahın iradəsi və mütləq gücü ilə bağlı olduğunu bildirirlər. Onlar kainatın yaradılışını məqsədli və planlı bir hadisə kimi izah edir, insanları bu yaradılışın məqsədini anlamağa çalışdıqlarlarını qeyd edirlər. Elm kainatın necə və nə zaman yaranmasını izah etməyə çalışarkən, dinlər kainatın yaranışını bir yaradıcı gücün iradəsi və məqsədilə izah edir. Hər iki yanaşma bir-birini tamamlayan şəkildə qəbul edilə bilər. Belə ki, əgər insan kainat və həyat haqqında daha geniş bir biliyə sahib olmaq istəyirsə, həm elmi, həm də dini baxışları paralel olaraq öyrənməyə çalışmalıdır.
Gülbəniz Səfərova