Macarıstanda elit döyüşçülərə məxsus xəzinə üzə çıxdı
Bu gün, 09:34

Macarıstanda arxeoloqlar 3400 illik tarixi olan yüzlərlə metal dəfinələr aşkarlayıblar.
Patrulaz.az “Live Science” Macarıstanın qərbində yerləşən Somlo adlı vulkanik təpədə arxeoloqlar minilliklər əvvələ gedib çıxan yüzlərlə metal əşya tapıblar. Araşdırmalar bu bölgənin Tunc və Dəmir dövrlərində sirli və mühüm yaşayış məskəni olduğunu göstərir.
Metal detektorlarla aparılan araşdırmalar nəticəsində ərazidə 300-dən çox artefakt, o cümlədən zərgərlik məmulatları, hərbi bəzək əşyaları, silahlar, kəhrəba muncuqları və dəri parçaları tapılıb. Əşyaların əksəriyyəti eramızdan əvvəl 1080-900-cü illərə aid olsa da, ən qədim tapıntılar eramızdan əvvəl 1400-cü ilə qədər gedib çıxır.
Macarıstan Milli Muzeyinin arxeoloqu Bence Soos bildirib ki, bu tapıntılar hələ də kimliyi bilinməyən qədim bir cəmiyyətin varlığından xəbər verir. Tapılan əşyaların dəqiqliyi və zənginliyi bu ərazidə elit bir təbəqənin yaşadığı ehtimalını gücləndirir.
Arxeoloqların fikrincə, Somlo təpəsi təkcə coğrafi baxımdan deyil, həm də sosial və siyasi baxımdan mühüm bir yer olub. Əvvəlki tədqiqatlarda bölgədə monumental kurqanlarda erkən Dəmir dövrünə aid məzar əşyaları aşkarlanmış, bu da ərazinin elit döyüşçü liderlərin iqamətgahı ola biləcəyini göstərmişdi.
Qeyd edək ki, Somlo bu gün daha çox şərab istehsalı ilə tanınsa da, artıq bir əsrdən çoxdur ki, arxeoloji maraq dairəsindədir. 19-cu əsrdə yerli fermerlər və üzümçülər tərəfindən aşkar edilən artefaktlar ərazinin qədim tarixə malik olduğunu göstərmişdi.