"Qızım o evə gedən gündən zülüm çəkib" - alimentə görə qan töküldü

6-06-2017, 12:57           
"Qızım o evə gedən gündən zülüm çəkib" - alimentə görə qan töküldü
Boşanmaq ərəfəsində olduğu arvadının qardaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Hadisə alimentin ödənilməməsi üstündə baş verib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən başqasının sağlamlığına ağır xəsarət yetirməkdə təqsirləndirilən Sadiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Sadiq Məmmədov mübahisə etdikdən sonra qaynı Asəf Həsənova 4 bıçaq zərbəsi endirib. Hadisə Masazır qəsəbəsində baş verib. A.Həsənov bıçaqlandıqdan sonra taksi ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Elan olunan ittihamla özünü qismən təqsirli bildiyini deyən S.Məmmədov əməlini izah edərkən qaynının onu söydüyünü deyib.

Təqsirləndirilən Sadiq Məmmədov sərbəst ifadə verərək hadisənin necə baş verdiyini danışıb: "Mən yoldaşımla Ağcabədidə yaşayırdım. O, küsüb qardaşıgilə gəlmişdi. Mən də uşaqlarımı görmək üçün onlara getdim. Barışmaq istəyirdim. Asəflə görüşüb söhbət etdik, amma o söyüş söydü, mən də əsəbiləşib vurdum".

Bu zaman zərərçəkən Asəf Həsənov yerindən deyib ki, bu işdə S.Məmmədova qardaşı da kömək edib.

S.Məmmədov isə qardaşının hadisə baş verən yerdə olmadığını və ora tək getdiyini bildirib.

Daha sonra zərərçəkmiş Asəf Həsənov məhkəmədə ifadə verib.

O, ailəsindən ayrılan bacısına və onun 2 uşağına baxdığını deyib: "Sadiqlə bacım Günay rəsmi olaraq hələ boşanmayıblar. Amma məhkəməyə müraciət edilib, aliment kəsilib. Qərarda yazılıb ki, Sadiq hələ məni bəçaqlamadığı günə qədr, yəni yanvat ayında 2200 manat alimenti ödəyəndən sonra həftənin şənbə və bazar günləri mənim icazəmlə 1 saat uşaqlarla görüşə biləcək.

Hadisə baş verən gün mən evdə yatmışdım, oyanıb gördüm Sadiq bizdədi. Əsəbləşdim, anamgilə dedim ki, bunun burada nə işi var? Anam dedi, "dəymə, uşaqlarını görməyə gəlib". Heç nə demədim. Sonra birlikdə evdən çıxdıq, Sadiq həyətdə mənə dedi ki, barışmaq, ailəsini bir yerə yığmaq istəyir. Uşağı ilə görüşdü, oyuncaq aldı, 20 manat da pul verdi".

Zərərçəkmiş bildirib ki, bacısının oğlu xəstə olduğundan onun müalicə etdirib və 4500 manat xərc çəkib.

A.Həsənov əlavə edib ki, söhbət zamanı Sadiq Məmmədovdan müəyyən edilmiş alimenti də istəyib: "Dedim ki, gətir 2200 manat alimenti ver, istəyirsən uşaqla 1 ay görüş. Uşaq onundur. Mən də cavanam. Sabah mənim də başıma iş gələr. Dayanacağa çatdıq, mən taksiyə minəndə Sadiq arxadan "var-yoxuna lənət, səndən qisasımı alacam" dedi. Mən də var-yoxuna lənət etməyənin, get nə bilirsən et dedim. Taksiyə minəndə arxadan məni bıçaqla vurdu. 4 bıçaq kürəyimdən, biri də sinəmdən dəydi. Xəsxətanaya apardılar, sağ böyrəyimi götürdülər".

A.Həsənov deyib ki, mühafizəçi işləyir.

Çıxışının davamında A.Həsənov Sadiq Məmmədovun qardaşını da günahlandırıb: "Qardaşı Təyyar bu işdə günahkardır. Sadiqi evdə adam yerinə sayan yoxdur. İstəyirdilər ki, Sadiq məni öldürsün. Həm Sadiqdən, həm də məndən canları qurtarsın. Pulu da verməsinlər".

Şahid qismində məhkəməyə gələn A.Həsənovun anası Ruqiyə Məmmədova istintaqa ifadəsini təsdiq etdiyini bildirib.

O, qızının evləndiyi gündən dərd çəkdiyini söyləyib: "Gedən bir gündən yaxşı gün görməyib. Qızım o evə gedən gündən zülüm çəkib. Sadiqə deyirdim ki, yoldaşının qədrini bil. Öz yoldaşının yükünü çək. Ailən dağılmasın".

S.Məmmədovun həyat yoldaşı, bıçaqlanan şəxsin bacısı Günay Məmmədova hadisə zamanı işdə olduğunu deyib: "Masazır qəsəbəsində marketdə satıcı işləyirdim. Zəng vurub dedilər ki, belə bir hadisə olub. Biz 2 ilə yaxındır Sadiqlə ayrı yaşayırdıq".

Növbəti məhkəmə prosesi iyunun 12-nə təyin edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.