Ermənistanda özünü azərbaycanlı kimi təqdim edən şəxs niyə saxlanılıb...
16-02-2021, 10:42

Ermənistanda özünü azərbaycanlı kimi təqdim edən şəxs itkin əsgərlərin yaxınlarından pul qopartmaq cəhdlərinə görə saxlanıb.
Teref.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Facebook-da özünü azərbaycanlı Əziz Muradov kimi təqdim edən Ermənistan vətəndaşı bu sosial media platformasında itkin düşmüş əsgərlərin qohumları olan qadınlarla əlaqə yaradıb.
Bunların arasında 16 yaşına çatmamış qız uşağı da var.
Həmin şəxs itkin əsgərlərin qohumlarına onların yeri və saxlanma şəraiti barədə yanlış məlumatlar verib.
O, itkinlər barədə infiormasiyanın müqabilində qadınlardan çılpaq şəkil və videolarının göndərilməsini tələb edib.
Bu şəxs əks halda itkin sayılan əsgərlərin öldürüləcəyi ilə hədələyib.
Ermənistan MTX-nin məlumatına görə, bu Facebook istifadəçisi itkin əsgərlərdən narahat olan qadınların istismarı ilə məşğul olub.
Ermənistan MTX-nin yaydığı videoda söz gedən vətəndaşın saxlanaraq gətirilməsi görünür.
Sözügedən şəxsin kim olduğu açıqlanmır. O təqsirini etiraf edib və və hərəkətlərindən peşman olduğunu deyib.
Onun hansı maddə ilə məsuliyyətə cəlb edildiyi də məlum deyil.
Məhkəməyə ona qarşı həbs-qətimkan tədbirinin görülməsinə dair vəsatət daxil olub.
Bildirilir ki, ilkin istintaqda sözügedən şəxsin hərəkətlərindən zərər çəkmiş 10 qadın ifadə verib.
O da xəbər verilir ki, şübhəlinin evində aparılmış axtarış əsnasında onun istifadə etdiyi mobil telefonlar tapılıb.
Xəbərdə deyilir ki, MTX-nin saxlananın hansı maddə üzrə şübhəli olduğunu bildirməməsinə baxmayaraq, söhbət son dərəcə ağır cinayətdən gedir.
Sözügedən maddə 10-12 il müddətində azadlıqdan məhrum edilməni nəzərdə tutur.