Soyqırım günü acı ironiya: Xocalıda evlər tikirlər, Araikin terrorçuları və “sülhməramlı” rus alayı yenə orada, bizsə...

16-02-2021, 11:04           
Soyqırım günü acı ironiya:
Rusiya və Dağlıq Qarabağdakı ermənilər bu ərazilərdə yeni “Abxaziya”, yaxud “Kosovo” modeli hazırlamağa çalışırlar.
Moskva heç bir dövlətin prosesə müdaxiləsini istəmədən, Minsk Qrupu və Qərbin iştirakını yaxın buraxmadan Qarabağ məsələsini öz orbitində saxlamağa can atır, ermənilər isə “artsax” arzularını davam etdirirlər.
Anaxeber.info xəbər verir ki, ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma rejimin xunta başçısı Araik Aryutunyanla görüşü və Dağlıq Qarabağda “infrastruktur layihələri icrasını” müzakirə etməsi onların nələrə hazırlaşdığını göstərir.
Bununla paralel Xocalının “Ovsepavan” adlandırılmış Daşbulaq kəndində son müharibədə “köçkün düşmüş” ermənilər üçün tez tikilən taxta evlər qurulmağa başlanıb.
Bu haqda Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən “Şen Artsax” şirkətinin direktor müavini Mger Derdzyan məlumat verib.
Eyni zamanda Rusiya sülhməramlılarının patronajlığı altında Laçın dəhlizindən keçərək ermənilərin Xankəndinə qayıdışı səngimək bilmir.
Xocavənddə isə faşist Qaregin Njdenin heykəli hələ də sökülməyib və bu haqda iddialar öz təsdiqini tapmır.
Azərbaycanın suverenliyini təhdid edən bu hallara qarşılıqda rəsmi Bakı hələ ki sükutu pozmayıb. Yalnız iki fransız jurnalistin geri qaytarılması ilə rus sülhməramlıları azərbaycanlıların könlünü xoş etməyə çalışıb.
Ancaq reallıqda Ermənistan tərəfi özünün belə tanımadığı “dqr”-dən əl çəkməyib, Rusiya isə bu məsələdə ikibaşlı oynayır, hətta status verilməsini tez-tez dilə gətirirlər.
Sonuncu dəfə XİN rəsmisi Rudenko D.Qarabağın statusuna Minsk Qrupu çərçivəsində baxıla biləcəyini söyləmişdi. Rusiyanın 44 günlük müharibəyə müdaxilə etmədiyi haqda miflər də dağılmaqdadır.
Savaşdan sonra istefa vermiş müdafiə naziri David Tonoyan etiraf etmişdi ki, Rusiya hərtərəfli hərbi dəstəyini vermişdi.
Azərbaycan hakimiyyəti bu açıqlamalara, davranışlara qarşı praqmatik addımlar atmır. Hələ də bizim Dağlıq Qarabağa necə köçəcəyimiz barədə mexanizmlər açıqlanmır.
Ümumiyyətlə, nə 44 günlük müharibədə, nə 10 noyabr sənədindən sonra hakimiyyət yetkililərinin, o cümlədən siyasi rəhbərliyin çıxışlarında Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərə adları çəkilməyib. Və bu gün də həmin ərazilərimizin müqəddəratı, suverenliyimizin bu şəhərlərdə bərpası barədə hakimiyyət susur.
Üstəlik, qarşıdan Xocalı soyqırımının 29 illiyi gəlir və müharibədən qalib çıxan ölkənin ordusunun hərbçiləri, vətəndaşları həmin gün Xocalıya gedə bilməyəcəklər. Əksinə, ermənilər Xocalıda taxta evlər tikməkdədir.
Taleyin acı ironiyasına baxın, Xocalıda soyqırımı törədən erməni terrorçuları və rusların 366-cı motoatıcı alayı idi, illər keçir, yenə bu ərazilərdə Araikin silahlı terrorçularıdır, yenə rus ordusu “sülhməramlı” adı ilə ağalıq edir, o qətliam zamanı əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Bizsə Hollandiyanın Haaqa şəhərində Xocalı abidəsi qoya bilirik, Ordumuzun müharibədən qalib çıxmasından sonra Xocalıda yox...
Beləliklə, faşistin heykəli Xocavənddə, əli qana batan, soyqırım törədənlərin törəmələri isə Xocalıda qalmaqdadırlar.
Bizsə Bakının Xətai prospektində qoyulan Xocalı abidəsini yenə ziyarət edib evimizə qayıdacağıq.
Halbuki rəsmi Bakı bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməliydi. Ən azı Xocalının azad edilmiş kəndlərindən birində soyqırım abidəsi, yaxud memorual kompleksi yaradılmalıydı.
Bizim Xocalıya necə qayıdacağımız haqda təsəvvürlər belə yaradılmır. Düşmənə gözdağı vermək, soyqırım qurbanlarının qisasını almaq üçün bu şəhərə nəzarəti götürməliydik.
Anaxeber.info yazır ki, fevralın 10-da 3 ayı tamam olan üçtərəfli bəyanatdan bəri Dağlıq Qarabağ ərazisində yalnız əleyhimizə fəaliyyətin şahidiyik.
Rus sülhməramlıları ermənilərə hər cür yardım daşıyır, Laçın dəhlizinə nəzarət edə bilmirik, orada sərhəd və gömrük xidmətimizi qurmamışıq, İrəvandan rəsmi şəxslər Xankəndinə gələ, görüşlər keçirə bilir, bizim nazirlərdən isə heç biri ayağını o torpaqlara basa bilmir.
Ona görə də “təmas xətti yoxdur” deməklə məsələ bitmir, faktiki təmas xətti var. Ermənilər də rus ordusuna güvənərək hoqqadan çıxırlar, razılaşmanın bəndlərinə əməl etmədən silahlı dəstələrini saxlayırlar.
Azərbaycan may ayına qədər bu problemləri həll etməlidir, yoxsa getdikcə ermənilər kök atacaqlar, möhkəmlənəcəklər, status iddiaları gündəmdə olacaq, həmsədr ölkələr yenə Dağlıq Qarabağın statusunu müzakirə edəcəklər, ermənilər sarsaq “artsax” utopiyalarını dünyaya car çəkəcəklər, beləcə yuxarı Qarabağ əraziləri haqda “Kosovo” imici formalaşdırılacaq.
Hakimiyyət Böyük Britaniyanın, Türkiyə və Pakistanın dəstəyindən istifadə etməlidir, fürsəti dəyərləndirməli və yaz aylarında Xankəndi, Xocavənd və Xocalı məsələsinə son qoymalıdır.
Söhbət oradakı qondarma rejimin təxliyə olunması, silahlı dəstələrinin evakuasiyasından gedir, dinc erməni sakinlərinə isə hansısa humanitar muxtariyyat verilə bilər - erməni dilində tədris, bayramların və dini ritualların keçirilməsi, mer seçkilərində iştirak, müəyyən vəzifələrdə təmsil olunmaq şansı...Yəni 50-60 minlik əhaliyə hansı status yaxud muxtariyyat verilə bilər ki?
Bu mövzuda REAL Partiyasından Natiq Cəfərli etirafedici bir çıxış yayıb. Onun sözlərinə görə, “Bəs Xocalı, Xankəndi, Xocavənd?!” legitim suallardır, amma artıq hökumətin edəcəyi bura qədər idi və çox şey etdi, Ordumuzun sayəsində inanılmazı başardı, indi biz - vətəndaşlar təşəbbüs göstərməliyik.
Xankəndinin deputatı orda ofis açmalı, əhali ilə görüşməli, Xocalı camaatı bizim hökumətın rəsmi kanalları ilə Rusiya sülhməramlılarına müraciət etməli, onlar təhlükəsizliyə zəmanət verməli, Ağdamdan, Şuşadan Xocalıa yol açılmalı, orda məktəb, xəstəxana, polis idarəsi, bank şöbəsi açılmalı, camaat da yavaş-yavaş ora köçməlidir.
Ancaq indi Dağlıq Qarabağda bir yox, iki ordu olan - rus və erməni silahlıları buna imkan verəcəkmi...Əgər rus sülhməramlısının missiyası hər iki tərəfdən köçkünlərin torpaqlarını qayıdışını təmin etməkdirsə, niyə təkcə ermənilər İrəvandan Xankəndinə qayıdır, azərbaycanlılar nə üçün köçürülmürlər???












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru