“Qarabağ müharibəsi əlilləri və veteranları cəmiyyətləri nə işlə məşğuldurlar?” - ETİRAZ
13-07-2022, 19:02

İkinci Qarabağ müharibəsi qazisi Elvin Cəfərovun faciəli ölümü hər kəsi sarsıdıb və təəssüf ki, baş verən hadisəyə hüquqi qiymət verilmədən, intihar faktının ətrafında məqsədyönlü şəkildə və yaxud xüsusi peşəkarlıqla hazırlanmış emosional təsir vasitələrinin formalaşdırdığı əhval-ruhiyyənin diqtəsi altında yaradılan atmosfer, hələlik gerçək, pafosdan, ritorikadan uzaq cavab tapmağa imkan vermir.
Suallar isə çox sadədir: Elvin Cəfərovun intihardan öncə səsləndirdiyi fikirləri qeydə alan və ona təhrikedici suallar ünvanlayan, qızışdırıcı şüarlar səsləndirən şəxs kimdir? İntihar hadisəsi baş verən kimi sosial şəbəkələri başına götürən, İran boğazlarıyla ifa olunan mərsiyələrlə müşayiət olunan videolar kimlər tərəfindən və harada hazırlanıb?
Bu sözləri boşuna yazmıram. 44 günlük Vətən müharibəsində Azərbaycanın qalib gəlməsinə maneə yaratmaq üçün əlindən gələni əsirgəməyən, qələbəmizdən sonra da erməniyə dəstək, bizə göstək olmağa çalışan molla rejiminin tör-töküntüləri uzun müddətdir ki, şəhid ailələri, qazilər və müharibə iştirakçılarını öz təsir dairələrinə salmaq, yaxud saxlamaq üçün dəridən-qabıqdan çıxırlar.
Başqa bir sual: Ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərən Qarabağ müharibəsi əlilləri və veteranları cəmiyyətləri nə işlə məşğuldurlar? Nə üçün şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının kağız üzərində yox, gerçəkdən təşkilatlanması üçün iş aparılmır? Onların yaradıcı potensialları, maraq dairələri öyrənilmir və buna uyğun dərnəklərin, birliklərin yaradılmasına cəhd göstərilmir?
Ayda-ildə, bayramda-seyranda konsert verib şablon və bəzən də əttökən, bəsit mətnlərə “bəstələnmiş” mahnılarla qulaqları yağır etmək “asudə vaxtın təşkili” deyil. Məsələ artıq “quş qoymaq” mərhələsini keçib və təhlükəli həddə çatıb. Qələbəmizi həzm edə bilməyənlər istənilən ideoloji boşluqdan yararlanmağa çalışır, ölkənin ən həssas təbəqəsini emosional ideoloji təsir mexanizmləri vasitəsilə uğrunda savaşdıqları dövlətlə qarşı-qarşıya gətirməyə çalışırlar.
Hardadır bizim axund və mollalarımız, gerçək din xadimlərimiz? Nə işlə məşğuldurlar? Hanı onların Vətən və Millət təəssübkeşliyi? Nədən aramıza bölücülük toxumu səpənlərə qarşı dirəniş göstərmir, molla rejiminin ideoloji təxribatlarına cavab vermir, öz fəaliyyətsizlikləri və bəzən də “fəaliyyətləri” ilə meydanı dünyagörüşümüzü qarşı-qarşıya gətirmək istəyənlərə buraxırlar?
Qazilərlə, şəhid ailələri ilə ayrı-ayrılıqda görüşmək, onların qayğılarını, düşüncələrini, hədəflərini, yaradıcılıq və iş potensiallarını, istək və arzularını öyrənib dərindən təhlil etmək və buna uyğun da təxirəsalınmaz tədbirlər həyata keçirmək lazımdır. Bu prosesdə peşəkar medianın da fəal iştirakının təmin edilməsinə böyük ehtiyac olduğunu düşünürəm. Problemlərlə bağlı məlumatlar da, onların həlli istiqamətində görülən işlər də açıq, şəffaf, əlçatan olmalıdır. Həm də fərdi qaydada... Ümumi statistik göstəricilərin tərkib hissəsi kimi yox!
Son faciənin fonunda nəzərə çarpan ürpədici məqamlardan biri də bəzi siyasi qrupların baş verən hadisədən yararlanmaq, yaxud üzərilərinə qoyulan ənənəvi missiyanı “icra etmək” cəhdləridir. Bu qrupların ənənəvi anti-Azərbaycan təbliğatının təməlində hakimiyyətə qarşı sivil mübarizənin deyil, dövlətə qarşı savaşın dayandığını, düşünürəm ki, sübut etməyə ehtiyac yoxdur. İndiki şəraitdə dondan-dona düşən, sağdan sola, soldan sağa yuvarlanan, vahid ideoloji platforması olmayan bu qrup təmsilçilərinin əsas məqsədinin Azərbaycan dövlətçiliyini gözdən salmaqdan ibarət olduğu göz qabağındadır. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra bunlar necə yasa batıblarsa, hələ də çıxa bilmirlər. Hətta ölkəmizə düşmən kəsilən dairələrin istifadəsində olan media resursları belə Azərbaycan əleyhinə bu qədər aqressiv və qərəzli təbliğat aparmır. Hədəfdə Azərbaycan dövlətçiliyi, Zəfərimiz və Qarabağa qayıdışımızdır. Düşünürəm ki, bu təxribatçı qrupların da təhrikedici əməllərinə hüquqi qiymət verilməsinin zamanı çatıb və hətta müəyyən qədər gecikib də...
Elçin Mirzəbəyli //qafqazinfo.az//