"Yeni portallar, saytlar hazırlanır"

14-07-2022, 10:46           
"Yeni portallar, saytlar hazırlanır"
Ceyhun Məmmədov: "İşğaldan azad edilmiş torpaqlarda erməni vandalizmin ifşası mühümdür"

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği:

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hazırlanan işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı “heritage.gov.az” saytının təqdimatı keçirilib. Sayt haqqında məlumat verən Dövlət Xidmətinin əməkdaşı Fariz Hüseynli bildirib ki, saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan Respublikası tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilmiş qanunsuz əməllər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

Təqdimat mərasimində çıxış edən Mədəniyyət naziri Anar Kərimov yeni yaradılan portalın işğaldan azad olunan Azərbaycan Respublikasının ərazilərində yerləşən tarix-mədəniyyət abidələrinin real mənzərəsinin geniş ictimaiyyətə çatdırması baxımından əhəmiyyətindən danışıb. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən mədəni irsimizin böyük hissəsi dağıdılıb, vandalizmə və özününkiləşdirməyə məruz qoyulub. Ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri içərisində məscidlər, türbələr və digər inanc yerləri xüsusi yer tutur. Nazir vurğulayıb ki, yeni yaradılan sayt işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz tarix-mədəniyyət abidələri ilə bağlı portal rolunu oynayacaqdır.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytı bu istiqamətdə mühüm informasiya resursudur. Qeyd edib ki, Prezidentin 29 oktyabr 2020-ci il tarixli Fərmanının icrası üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri işğaldan azad olunmuş rayonlara ezam edilmiş və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsinə başlanılıb. Vurğulayıb ki, həyata keçirilən monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edib. Azad Cəfərli bildirib ki, heritage.gov.az saytında azad olunmuş ərazilərdə aparılan tarix-mədəniyyət abidələrinin monitorinqinin nəticələri geniş şəkildə öz əksini tapıb:

“Saytda işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin işğaldan əvvəl, sonrakı və bərpa görüntüləri, arxiv fotoları və cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar öz əksini tapıb. Eyni zamanda abidələrin yerləşdiyi məkanlar müvafiq xəritə üzərində də qeyd olunub”.

Vurğulanıb ki, internet resursu istifadəçilərin rahatlığını təmin etmək baxımından müasir tələblər səviyyəsində hazırlanıb. Saytın hazırlanmasında müasir proqram təminatlarından istifadə olunub.

Sayt “google”ın seo (search engine optimization - axtarış motoru optimizasiyası) standartlarına cavab verir. Bu da axtarış sistemlərində əlaqəli olan açar sözlər axtarıldığı zaman saytda olan məlumatlar istifadəçilər üçün ən ön sırada göstərilməsinə imkan yaradır. Bildirilib ki, məzmun baxımından daha dəqiq, elmi, əsaslandırılmış məlumatlarla zənginləşdirilən internet resursu işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri haqqında məlumatları və bu sahədə olan yeniliklərin də operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək. İctimaiyyət nümayəndələri də hesab edirlər ki, Azərbaycanın qədim tarixinin, milli-mədəni irsimizin daha yaxşı təbliğ olunması, ölkəmizlə bağlı həqiqətlərin, eyni zamanda erməni vəhşiliyinin geniş dünya ictimaiyyətinin diqqətinə daha ətraflı çatdırılması üçün bu cür portalların hazırlanması və fəaliyyətə başlaması təqdirəlayiqdir. Həmçinin, mədəniyyətimizlə, irsimizlə bağlı belə portalların təsis olunması və ələlxüsus müxtəlif dillərdə ictimaiyyətə təqdim edilməsi müsbət addımdır.

Millət vəkili Ceyhun Məmmədov da “Şərq”ə açıqlamasında bildirib ki, Vətən müharibəsindən sonra qarşıda duran ən mühüm vəzifələrimizdən biri erməni vandalizminin ifşası və işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan xalqına məxsus tarixi-mədəni irsimizin təbliğatını daha geniş platformada təşkil etməkdir. Deputat vurğulayıb ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırıqları və göstərişləri olub:

“Məhz dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Yəni söhbət müxtəlif saytların, xəbər portallarının yaradılmasından və kitabların, ədəbiyyatların dərc olunmasından gedir. Hesab edirəm ki, yüksək peşəkarlıqla hazırlanmış “heritage.gov.az” kimi saytların fəaliyyəti çox önəmlidir. Xüsusən, işğaldan azad edilmiş torpaqlarımızda erməni vandalizminin ifşası mühümdür. Təbii olaraq, bu təşəbbüs həm də imkan verəcək ki, Azərbaycan həqiqətlərini, tariximizi, mədəniyyətimizi dünyada təbliğ edək. Bu istiqamətdə hazırda yeni portallar hazırlanır. Müxtəlif kitablar yazılma ərəfəsindədir”.

C.Məmmədov vurğulayıb ki, ermənilər uydurma təbliğat aparırlar:

“İddia edirlər ki, guya, Azərbaycan erməni mədəniyyətinə qarşı hansısa addımlar atıb. Saxta məlumatların dünya ictimaiyyəti arasında yayılmaması, özünə yer etməməsi üçün Azərbaycan tərəfinin təsis etdiyi xüsusi portallar, yaxud ədəbiyyat nümunələri xüsusi önəm daşıyır. O baxımdan bu istiqamətdə daha çox çalışmalı, səylərimizi artırmalıyıq. Ermənistan bütün dini-tarixi abidələrimizi vəhşicəsinə dağıdıb. Davamlı olaraq Azərbaycanı ittiham edib, bizə məxsus tarixi-mədəni irsi öz adlarına çıxmağa çalışıblar. Ona görə də belə tədbirlərin görülməsi, saytların yaradılması, kitabların dərc olunması olduqca əhəmiyyətlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru