“Bu nazirlik əhalinin sosial müharibəsi nazirliyinə çevrilib” - Hərbi ekspert

15-07-2022, 00:01           
“Bu nazirlik əhalinin sosial müharibəsi nazirliyinə çevrilib” -
“Nazirliklərin və dövlət qurumlarının verdikləri məlumatların dəqiqliyinə çox böyük şübhəm var. Əsasən də Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun verdiyi məlumatların demək olar ki, 90 %-i həqiqəti əks etdirmir. Çünki bu insanlar qazilər, ehtiyatda olan hərbçilər və digər hərbi kateqoriyalı insanlar haqqında şablon cavablar verməkdə davamlıdırlar. Bütün bunlar isə heç bir problemi əks etdirmir. Qaziyə filan qədər, ehtiyatda olan hərbçiyə filan qədər vermişik və s.”

Bunu ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov son zamanlar ölkədə qazilərin intihar etməsi və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu intiharlara münasibət bildirməsini Herbiand.az-a şərh edərkən deyib.

Ehtiyatda olan zabit qeyd edib ki, bu gün Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ümdə vəzifəsi adından göründüyü kimi əhalinin sosial müdafiəsidir. Ancaq fakt ondadır ki, bu nazirlik əhalinin sosial müharibəsi nazirliyinə çevrilib:

“Qazilər intihar edir, birazdan ehtiyatda olan və xidmət edən hərbçilər də başlayacaq. Çünki fakt ondadır ki, bu günkü gün sosial kateqoriyalı insanların içində olan hərbçilərin heç birinin sosial müdafiəsi təşkil olunmayıb. Bu, puldan ibarət deyil. Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digərləri və hətta bəzi deputatlar deyirlər ki, bəli, bir çox ölkələrdə belə problemlər olub. Vyetnam müharibəsi sindromu, Əfqanıstan müharibəsi sindromu. Ancaq Vyetnam və Əfqanıstan müharibələri qələbə ilə deyil, məğlubiyyətlə bitib. Azərbaycanın apardığı müharibə isə qələbəylə yekunlaşıb. Onun qazisinə, hərbçisinə daha çox qayğı göstərilməlidir. Bundan əlavə, bu müharibələr neçənci ildə bitib? Ondan sonra tibb, psixologiya və digər məsələlər nə qədər inkişaf edib? Hanı Azərbaycanda o inkişaf? Yoxdur. Qaziyə kömək, qəbul etmək deyəndə gedək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibb Komissiyasının qarşısına baxaq. İnsanlar orada nə əziyyətli gündədir. Bu isti havada belə qəbullar üçün şərait yaradılıbmı? İçəri daxil olandan sonra əlillik, xəstəlik, psixoloji problemin nə qədər olmasını özlərinin təyin edə bildikləri həkimlər hansı bürokratiya yaradırlar? İnsanları tibbi arayış gətirmək, yoxlanışdan keçmək, hansısa xəstəxanada yatmaq adıyla çox yerə göndərirlər. Bu insanın əgər əzası yoxdursa, xəstəliyi, psixoloji problemi varsa bir neçə gün hardasa yatmaqla həll olunacaqmı? Tibb Komissiyasındakı həkimlər bunu təyin edə bilmirlərsə, onda onlar həkimdirlərmi? Bütün bunlar da belə problemlərə gətirib çıxardır”.

Abuzər Əbilov bildirib ki, İcra Hakimiyyətlərində prezidentin fərmanıyla qazilərlə iş aparmaq üçün şöbələr yaradıldı. Hansı şöbələr bu günkü gün qazilərlə iş aparır? Heç biri:

“İcra strukturunda qazilərlə iş aparan şöbə qazilərin harada olduğunu, necə dolandıqlarını, hansı problemlərinin olduqlarının heç birindən xəbərləri yoxdur. Sadəcə şablon sözlər - 10-15 nəfər qəbul olundu, bunları etdik və s. Ola bilsin ki, 15 nəfəri qəbul edəsən və problemi olmasın. Amma 16-cı adamın elə problemi ola bilər ki, o, tək qəbul olunmalıdır. Onun problemi öyrənilməli, ona düzgün yanaşılmalı, onunla qalib, qazi kimi rəftar olunmalıdır. Bütün bunlar isə belə məsələlərə gəlib çıxardır və bundan sonra da davam edəcək. O vaxta qədər ki, bu insanlar individual olaraq qəbul olunmayana qədər, Respublikada hərbi kontingentə qarşı məmurların səlib yürüşü dayanmayana qədər bu hadisələr davam edəcək. Bunun axırı da sosial partlayış olacaq və burada Azərbaycanı gözləyəcək çox böyük faciələr görünür. Mən uzun illər arzulamağıma baxmayaraq nəvəmi hərbi məktəbə qoymadım və qoymayacam. Çünki 2 müharibə keçmiş bir insanın Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən haqlarının tanınmaması, ehtiyatda olan hərbçilərə, qazilərə bu cür münasibət göstərilməsini nəvəmə rəva bilmirəm. Bunun arxasında da heç bir günəş görmürəm ki, günəş doğacaq və bu məsələlər bitəcək. Hal-hazırda davam edir, daha ciddiləşir və pisləşir. Bunun arxasında gənclərimizin ordudan qalması, zabitlərimizin hərbidən getməsi, qazilərimizin bundan sonra da özünü yandırması, onları incidənləri də yandırması və digər hadisələr baş verəcək. Mən dəqiq görürəm”.

Bəxtiyar CƏFƏRLİ












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.