Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycana casusluq edən daha bir əsgərin həbs edildiyini açıqlayıb

15-07-2022, 08:39           
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycana casusluq edən daha bir əsgərin həbs edildiyini açıqlayıb
Agentliyin məlumatına görə, o, “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə əməkdaşlığa cəlb olunub və pul müqabilində Ermənistan silahlı qüvvələri, zabitləri, silah-sursatları, bölmələrin yerləşdirilməsi və onların sayı barədə məlumatları əks tərəfə ötürüb.

Öz növbəsində, Ermənistan Baş Prokurorluğu müraciət yayaraq bildirib ki, bu gün Azərbaycan kəşfiyyatının ifşa olunmuş agentlərinin ümumi sayı 43 nəfərdir. Onlar İkinci Qarabağ müharibəsindən əvvəl və sonra əməkdaşlığa cəlb olunublar. Nəticədə müharibə zamanı erməni qoşunlarına xeyli ziyan dəyib.

İddiaya görə, şübhə altına düşən hərbçilər və mülki şəxslər Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və Moldovada olduqları müddətdə, eləcə də sosial şəbəkələr vasitəsilə əməkdaşlığa cəlb edilib. Belə ki, hərbçilər internetdə guya erməni qadınları ilə tanış olub, onlarla özləri və ordu haqqında məlumatlar paylaşıblar. Daha sonra pul müqabilində məxfi məlumatları bildirmək təklifi alıblar.

Erməni tərəfi iddia edir ki, bir sıra hallarda işə cəlb olunan hərbçilər yuxarıda adıçəkilən ölkələrdə Azərbaycan kəşfiyyatı ilə görüşüb, pul və yeni tapşırıqlar alıblar. Hazırda 44 günlük müharibə zamanı dövlətə xəyanətlə bağlı 10 cinayət işi araşdırılır, 43 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. 12 nəfər barəsində 3 cinayət işi artıq məhkəmələrə göndərilib.

Ermənistan və Qarabağda Azərbaycana casusluq edən agentləri tutmaq, görünür, erməni milli ənənəsinə çevrilib. Hətta iddia olunur ki, guya bəzi “casuslara”, göstərdikləri xidmət müqabilində, bank köçürməsi ilə 200 dollar ödənilib. Ermənistanın kəşfiyyat xidmətlərinin “ucuz qiymətə satqın” oyununun anlamı nədir? Azərbaycanın Şuşanın bir addımlığındakı Xankəndində və ətraflarda məskunlaşan ermənilər, eləcə də qanunsuz silahlı birləşmələr haqda müfəssəl məlumatı var. Üstəlik, gediş-gəlişin olduğu Laçın koridorunda da müvafiq müşahidələr aparılır ki, bu barədə rəsmi Bakıdan zaman-zaman verilən açıqlamalarda da bildirilib. Yəni bunun üçün Azərbaycanın orada yaşayan ermənilərdən, həm də keçi qiymətinə “agent” ələ almağa qətiyyən ehtiyacı yoxdur. Belə güman etmək olar ki, rəsmi İrəvan və Qarabağdakı qondarma qurum əhalini qorxu altında saxlamaq üçün bu cür oyunlar uydururlar. Dia.az-ın məlumatına görə, hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, “keçi qiymətinə agent” oyunu məğlub olmuş tərəf kimi Ermənistan hərbi-siyasi rəhbərliyinin öz günahlarını fərdlərin üzərinə yükləmək cəhdidir: “Ermənistanda illərlə təbliğat aparıb güclü ordu qurmaları ilə öyünüblər. 2020-ci ildə isə 30 illik təbliğatları Azərbaycan Ordusu tərəfindən 44 günə yerlə bir oldu. Ermənilərin öyündükləri ordu darmadağın edildi. Əlbəttə ki, bu gedişatda kimsə ”günah keçisi" rolunda ayağından asılmalı, mühakimə olunmalıdır. Odur ki, irili-xırdalı 43 erməni həbsçisini agent çıxarıb 44 günə erməni ordusunun darmadağın edilməsini onların ayağına yazıblar".

Hərbi ekspert deyir ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti mənasız işlərlə məşğul olmaqdansa, konstruktiv mövqe nümayiş etdirməlidir: “Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ermənistan rəhbərliyi də bunu gözəl başa düşür. Anlayırlar ki, güclü Azərbaycanla düşmən olmaqdansa, dost, mehriban qonşuluq münasibətləri saxlamaq ümumilikdə Ermənistanı düşdüyü çıxılmaz vəziyyətdən çıxara bilər. Onu da qeyd edək ki, bu gün Ermənistanda revanşist qüvvələr var. Onların təzyiqləri nəticəsində belə ”agent" oyunları uydurulur ki, guya casusluq olub və Ermənistan ordusu darmadağın edilib. Başa düşmürlər ki, Azərbaycan Ordusu son 10 ildə ən müasir standartlara uyğun silahlarla təchiz edilib, hərbçilərin peşəkarlıq səviyyəsi dünyanın qabaqçıl ordularının səviyyəsinə çatdırılıb. Ermənistan ordusu isə bu gün də sovetdənqalma üsul-idarə və silahlarla əlləşir. Belə bir ordunun Azərbaycan Ordusu qarşısında məhvi labüd idi və bu, 44 gün ərzində baş verdi. İndi düşüb agent axtarmaqları da başa düşüləndir. Müharibənin bütün ağır yükünü agentlərin üzərinə yükləmək cəhdinə baş vurublar. Nə xoş bir iş! Azərbaycan Ordusunun qabağından qaçan erməni hərbçilərini elə özləri həbsə salmaqla neytrallaşdırırlar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.