Rusiyaya arxayın olan Şuşasız qalar... - Əyilən atı isə daha çox minirlər

18-07-2022, 17:48           
Rusiyaya arxayın olan Şuşasız qalar... -
Ermənistanın uzun önilliklər boyu Rusiyaya arxayın olub beynəlxalq hüququ görməzdən gəlməsi İrəvan üçün sonunda fəlakətlərə gətirib çıxardı. Son əsrdə əldə etdiklərini Vətən Müharibəsi nəticəsində itirən Ermənistan, indi də ən yaxın strateji müttəfiqinin itirilməsi şokunu yaşayır. Buna həm də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun Şuşaya səfəri və oradakı qala önündə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə gülərüzlü fotosesiyası səbəb olub.

Müharibədə uduzan Ermənistanın son 30 ildə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, hər imkanda Rusiya ilə “yatağa girmək” və təhlükəsizlik məsələlərində 102-ci hərbi bazanın komandirlərinə tam etibar etmək taktikası da İrəvana çox baha başa gəlib.

Müharibə və ondan sonrakı dövrdə Ermənistanda anti-rus əhval-ruhiyyəsi bu faktlar olmadan da sürətlə artırdı. Nədənsə ermənilər düşünürdü ki, rus ordusu Ermənistan əvəzinə Azərbaycanla savaşmalı və status-kvonu saxlamalıdır. Bunu Ermənistanın keçmiş müdafiə naziri D.Tonoyanın “Yeni müharibə - yeni ərazilər” bəyanatı da sübut edirdi. Çünki hərbidən az-çox anlayan hər bir kəs bilirdi ki, yerləşdiyi əlverişli mövqelərə baxmayaraq, erməni ordusunun Azərbaycana qarşı ümumi müqavimət potensialı bir neçə saatı keçə bilməz. Aprel Müharibəsində bu müddət 40 dəqiqə, Vətən müharibəsində isə 2 saata qədər oldu.

Rus səfirin Şuşaya səfəri isə Ermənistan cəmiyyətində ciddi depresiya hissi yaradıb. Əslində bu hisslər daha əvvəl yaranmalı idi. Çünki, Ermənistan 30 il işğal altında saxladığı ərazilərə bir nəfər də olsun səfir və ya dövlət rəsmisi apara bilməmişdi. Hadisələrin inkişafı fonunda erməni ictimiyyətində anti-rus şüarlarının sayı sıçrayışla artır. Bir zamanlar ruslarla münasibətləin qorunmasını ən yüksək səslə bəyan edən qatı ruspərəst ermənilər, hazırda İrəvanın açıq şəkildə Qərbə yönəlməsini tələb edirlər. İşalçı maraqlarının təmin edilməsi məqsədilə “əks sahillər arasında üzən yelkənsiz gəmiyə” bənzəyən və müəyyən zaman fasilələri ilə mütrəfiqlərini dəyişən Ermənistan hələ də anlamır ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmədən mövcud münasibətləri normallaşdırmaq və regionda sabitliyin təmin etmək mümkün deyil. Bir sözlə desək, bu gün erməni cəmiyyəti həqiqətən də Moskvanın Ermənistanla bağlı siyasətindən son dərəcə narazıdır. Hətta rus səfirin Şuşaya səfərini Ermənistana xəyanət adlandıranlar da az deyil. Çünki, Ermənistan rəhbərliyi uzun illər boyu ictimaiyyəti əmin etmişdi ki, Rusiya erməniləri heç vaxt tək qoymayacaq, ruslar “qardaş” erməni xalqını hərtərəfli dəstəkləyəcək, zərurət yaranarsa rusların 102-ci hərbi bazası Azərbaycana və Türkiyəyə qarşı silahlı mübarizə də aparacaq. Belə bir sadəlövh erməni mifi də əvvəlkilər kimi Silahlı Qüvvələrimizin qəhrəmanlığı sayəsində darmadağın oldu. Yaradılan saxta erməni mifləri Ermənistana çox baha başa gəldi.

Azərbaycanın Vətən Müharibəsində ərazilərini işğaldan azad etməsi zamanı Kremlin susqunluğu, ardından isə rus səfirin Şuşaya səfəri həm erməni cəmiyyətinin nə qədər aldandığını, həm də Moskvanın Ermənistana və Qarabağ məsələsinə olan real münasibətini göstərdi.

Ermənistanda olan siyasi şərhçilər Rusiyanın atdığı bu addımlarla kifayətlənmədiyini və iki işğalçı xalq arasında uçurumun dərinləşdiyini qeyd edirlər. “Rossiya 1” telekanalında tanınmış jurnalist Dmitri Kiselyovun işğaldan azad edilən Şuşadan reportaj hazırlamasını da ermənilər Kremlin məqsədyönlü addımları kimi dəyərləndirirlər. Bütün bu depresiyalar fonunda Ermənistan cəmiyyətinin Qərbə daha sürətlə istiqamətlənməsi tələbi də müşahidə edilməkdədir.

Əgər Ermənistan müstəqil sivil dövlət olsadı, Azərbaycana qarşı ərazi iddiaları beynəlxalq hüquqa əsaslansaydı, İrəvan Şuşaya səfər edən səfiri, oradan verliş hazırlayan D.Kiselyovu və ya digər rusları “persona non-qrata” elan etməli idi. Amma bunu edə bilmədi. Çünki, Rusiya Paşinyan hakimiyyətə gələndən sonra dəfələrlə Ermənistanın üzünə tüpürüb, amma İrəvan rəsmilərindən səs çxmayıb.

Ermənistanda olan rus səfirlərindən kiminsə işğal dövründə Şuşaya addım atmaması Kremlin Şuşanın kimə aid olması barədə konkret mövqeyini nümayiş etdirirdi. Amma Ermənistan rəhbərliyi bu məsələnin mahiyyətini daim ictimaiyyətdən gizlədirdi.

Ermənistanda hər bir rəsmi şəxs yaxşı anlayır ki, Rusiyanın Azərbaycandakı səfiri M.Boşarnikov şəxsi təşəbbüsü ilə Şuşaya gedə bilməzdi. Buna mütləq Rusiya xarici işlər naziri S.Lavrov icazə verməli idi. Lavrov isə belə bir həssas məsələyə Kreml ilə razılaşdırmadan və təkbaşına qərar verə bilməzdi. Bu isə bir daha Rusiya üçün də Qarabağ probleminin mövcud olmadığını və münaqişənin həll olunduğunu göstərir. Başqa sözlə desək, Ermənistan Qarabağ məsələsində Azərbaycanla meydanda tək və köməksiz qalmaqdadır. İrəvanın bu məsələdə əsas dayaqları olan erməni kilsəsi və xaricdəki erməni diasporası da artıq Qarabağ məsələsində həm bölünüb, həm də fərqli və daha zəif mövqedən çıxış edir.

Rusiyanın məlum davranışları Azərbaycanı qane etdiyi qədər də Ermənistanı qıcıqlandırır. Amma əzilmiş İrəvanın real şəraitdə nəinki adekvat addım atmağı, hətta rəsmi səviyyədə Kremlə və baş verən hadisələrə qarşı səsini çxarmaq şansı yoxdur. Ümumiyyətlə müharibədə məğlub olan Ermənistanın Azərbaycana qarşı münasibətdə hansısa çıxış yolu yoxdur. 20 aydır dalan dirənən və Azərbaycana əyilən Ermənistan, bu gün də həmin yerdədir. Dalan prosesi Ermənistanın birgə bəyanata uyğun olaraq öhdəliklərini tam yerinə yetirməsinə və sülh müqaviləsinin imzalanmasına qədər istiqamətini də dəyişməyəcək.

Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//
0












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.