Moskva-Bakı münasibətlərində YENİ MƏRHƏLƏ? - NƏ BAŞ VERİR?

19-07-2022, 09:17           
Moskva-Bakı münasibətlərində YENİ MƏRHƏLƏ? - NƏ BAŞ VERİR?
Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikovun Şuşa ziyarəti, gözlənildiyi kimi, Ermənistanda əməlli-başlı isterika yaradıb. Düzdür, hələlik bu, media səviyyəsindədir. Halbuki bənzər faktlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyi utanıb qızarmadan dərhal bəyanatlar verib. Bununla da bir daha Azərbaycana qarşı ərazi iddiasını rəsmən, həyasızcasına, beynəlxalq hüququ saya salmadan ortaya qoyub.

Son olaraq Ermənistan parlamentinin sədri Alen Simonyan ötən həftə Estoniya səfirinə bu ölkə parlamentinin spikerinin Şuşa səfərinə etiraz bildirmişdi.

Amma rəsmi İrəvan Rusiya səfirinin eyni addımına münasibətdə analoji de-marşdan çəkindi. Cürəti çatmadı. Tanınmış rusiyalı analitik İqor Korotçenko isə deyib ki, Rusiya səfirinin Şuşaya getməsi İrəvana siqnaldır ki, özünü ağıllı, konstruktiv aparsın. Aparacaqmı? İrəvan Boçarnikova etiraz bildirməkdən niyə qorxdu?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikovun Şuşa səfəri “ömrünü bizlərə bağışlamış” Minsk Qrupunun keçmiş həmsədrlərinin arasında olan ciddi fikir ayrılığını bir daha ortaya qoydu. Rusiyanın mövqeyi əvvəllər yalnız danışıqlarda iştirak edən liderlərə məlum idisə, indi geniş ictimaiyyətə də məlum oldu: “Bu məsələyə Azərbaycan Prezidenti yarım ilin yekunlarına həsr olunmuş iclasdakı çıxışında bir daha aydınlıq gətirdi, xüsusilə son vaxtlar Ermənistan rəhbərliyinin status haqqında danışmağa başlamasına münasibət bildirən dövlət başçımız - Ermənistan kapitulyasiya aktına məcburən imza atanda Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında status məsələsinə toxunmamaq barədə şifahi razılaşmanın olduğunu xatırlatdı.

ABŞ-ın və Fransanın açıq ermənipərəst mövqe tutduğu şəraitdə Rusiyanın məsələyə münasibəti, onu təmsil edən şəxslərin bizi razı salan davranışı şübhəsiz ki, ümidlərimizi artırır. Ancaq çox təəssüf ki, Rusiya da tam güvəniləcək dövlət deyil və onun bundan sonra necə davranacağı ilə bağlı kifayət qədər narahatlıqlar mövcuddur. Elə son müşavirədə Rusiyanın ünvanına tənqidi fikirlər söyləyən Prezidentimiz bir daha onlara verdiyi vədləri xatırlatmaq məcburiyyətində qaldı.

Rusiya səfirinin Şuşaya getməsi şübhəsiz ki, İrəvana siqnaldır ki, özünü ağıllı, konstruktiv aparsın. Aparacaqmı? Güman etmirəm. Çünki bir tərəfdən, Qərbdəki havadarlarının dəstəyi erməniləri çaşdırır və onlara reallıqları anlamağa imkan vermir. Digər tərəfdən, Ermənistanda ciddi dəstəyi olmayan Nikol Paşinyan verdiyi sözləri tutmaqdan, cəsarətli addımlar atmaqdan çəkinir".

A.Səmədovun sözlərinə görə, İrəvanın səfir Boçarnikovun Şuşa səfərinə görə etiraz bildirməkdən qorxması bir daha onu göstərdi ki, Ermənistan hakimiyyəti Rusiyadan çəkinir: “İrəvan Moskvanın hazırkı qəzəbli halında ona qarşı çıxmağın ağır bədəlinin ola biləcəyindən ehtiyatlanır. Kənar qüvvələrin təzyiqi olmadan Azərbaycanla Ermənistan arasında sülh sazişinin bizim istədiyimiz şərtlərlə imzalanmasının mümkün olmayacağını nəzərə alıb elə etməliyik ki, ermənilər istəməsə də bu danışıqlar Rusiyanın vasitəçiliyi və Türkiyənin aktiv iştirakı ilə keçirilsin. Yalnız ciddi təzyiqin göstərilməsi halında Nikol Paşinyanın istədiyimiz sülh sazişinə imza atması mümkündür. Bu təzyiqi göstərmək imkanına isə hələlik yalnız Rusiya malikdir. Ermənistanın dünyada ən çox qorxduğu qüvvə Rusiyadır. Səfir Boçarnikova etirazdan çəkinmələri də bunu bir daha təsdiqləmiş oldu”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.