İcra başçıları, yoxsa “balaca padşah”lar? - bölgələrdə məmurlar daha aqressivdir

19-07-2022, 10:38           
İcra başçıları, yoxsa “balaca padşah”lar? -
Azərbaycanda orta və aşağı ranqlı məmurlardan narazılıq ciddi olaraq qalır. Bu da faktdır ki, rayonlarda məmurlar özlərini daha aqressiv aparırlar. İcra başçılarının müavinləri, idarə müdirləri və s. insanlarla rəiyyət kimi davranır. Daha aşağıdakı məmurlar da onların bütün qanunsuz tələblərinə tabe olurlar.

Lənkəranda şagirdin icra başçısının müavininin evində direktorun iştirakı ilə döyülməsi də buna sübutdur. Baş Prokurorluq bununla bağlı araşdırmalara başlayıb.

Yada salaq ki, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın yeniyetmə qızı döyməsi ilə bağlı məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə verib. O bildirib ki, hadisə ilə bağlı yeniyetmə qızın dayısı sığınacağa müraciət edib. Dayının sözlərinə görə, Rasilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) qızı döyüblər.

Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın döydüyü iddia edilən qızla bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb, Daxili İşlər Nazirliyinə müraciət edilib.

Ümumən insanların rayonlarda məmurlar tərəfindən incidilməsi faktları çoxdur. Niyə rayonlarda məmurlar özlərini qoçu kimi aparır? Bakıda heç olmasa çəkinirlər, bölgələrdə belə deyil. Rayonlarda ictimai nəzarəti necə gücləndirmək olar?

Yeri gəlmişkən, artıq neçə vaxtdır Azərbaycanda dövlət idarəetməsində ciddi islahatların aparılacağı ilə bağlı söhbətlər gedir. Bir-birini təkrarlayan qurumlar, o cümlədən rayon icra hakimiyyətlərinin ləğv olunacağı barədə danışılır. Bəzi ekspertlər dövlət qurumlarının işinin yenidən qurulmasını, yeni standartların tətbiq edilməsini vacib sayırlar. DİA.AZ xəbər verir ki, Ağ Partiya başqanı Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Konkret Lənkəranda baş verən hadisə ilə bağlı məsələ indi araşdırılır. Amma mən deyilən faktlara inanmağa meyilliyəm ki, heç bir insan durduğu yerdə deməz ki, məni məktəb direktoru, ya da icra müavini döydü. Ortada faktlar da var, tibbi ekspertiza da keçirilib. Uşağın üzərində zorakılıq əlamətlərinin olduğu təsdiq olunub. Burada söhbət ictimai nəzarətin olmasından getmir. İctimai nəzarət olmasa, o deməkdir ki, məmurlar istədiyini etməlidir?! Bu, qanunvericiliklə tənzimlənməlidir. Əgər bir məmur özbaşına fəaliyyətinə, qanunsuzluğuna görə sərt cəzalandırılsa, digərlərinə də görk olacaq. Amma görünən odur ki, məmurlar tayfabazlıqla təyin edildiyi üçün belə hadisələr ört-basdır edilir. Baxırsan icra başçısının oğlu prokurordur, bir oğlu hakimdir, bir əmisi oğlu polis məmurudur. Təbii ki, bunlar bir-birini qoruyurlar, qanunun işləməsinə mane olurlar. Burada ictimai nəzarət deyil, siyasi idarəçilik mexanizmi, yanaşma dəyişməlidir. Yalnız ictimai nəzarətlə dövlət idarə etmək olmaz. Dünyanın heç yerində ictimai nəzarətlə dövlət idarə etmirlər. İcra başçıları məsələsi də eynən bura daxildir. Belə söhbətlər gedir ki, icra hakimiyyəti institutu ləğv olunsun, onun yerinə başqa bir mexanizm tapılsın. Əgər eyni mexanizmləri olacaqsa, eyni insanları tapacaqlarsa, yeni yaradılan institut da gəlib icra hakimiyyətinin indiki funksiyasını yerinə yetirəcək. Burada mexanizm işləməlidir və sistem dəyişməlidir. Sistem dəyişmədikcə, mexanizm işləmədikcə belə hadisələrin qarşını almaq olmayacaq. Burada ən gözəl nəzarət isə müxalifətin iştirakının təmin olunmasıdır. Yaranma fəlsəfəsinə görə müxalifət hakimiyyətə nəzarət etməlidir. Bu gün hakimiyyətin istənilən qoluna, istər ali məhkəmənin hakimlərinə, onların təyinatına baxın, nazir müavinləri, yaxud icra hakimiyyətlərinə nəzər yetirin, harada müxalifətin təmsilçiliyi var, harada nəzarət mexanizmi var?! Elə buna görə də belə vəziyyət yaranıb. Bir il əvvəl deyirdik ki, Gömrük Komitəsində yeyintilər var, amma bizim üzərimizə gəlirdilər. Amma o gün DTX onların əllərini qandallayıb apardı. Bu o deməkdir ki, müxalifətin dövlət idarəçiliyində təmsilçiliyi təmin olunmadıqca mexanizmlər işləməyəcək”.

Deputat Razi Nurullayev da mövzu ilə bağlı qəzetimizə fikirlərini açıqladı: “Lənkəranda baş verən hadisə ilə bağlı maraqlandım. Həm Prokurorluq, həm icra hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən Təhsil Nazirliyi çağırış edib ki, bu məsələ araşdırılsın, doğru məlumat verilsin. Hələ ki bu məsələ mənə aydın deyil, kimin günahı nə qədərdir, bu doğrudurmu? Bunlar aydınlaşmadan kimisə günahkar çıxarmaq istəmirəm. Amma onu deyə bilərəm ki, əgər bir şagird, ya vətəndaş hətta cinayət törədirsə, qanunsuz hərəkətə yol verirsə, orta əsrlərdəki kimi cəzalandırmaq doğru deyil. Biz indi başqa cəmiyyətdə yaşayırıq, qanun-qayda var. Şikayətlərə qanunvericilik çərçivəsində baxılmalıdır. Əlbəttə, buna yaxşı baxmıram. Bəzi məmurların fiziki üsula əl atması heç başadüşülən deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.