Nazirlərin uğursuz “siftəsi”: İrəvan köhnə havada, Bakı isə... - NƏ ETMƏLİ?

19-07-2022, 10:18           
Nazirlərin uğursuz “siftəsi”:
İyulun 16-da Tiflisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ilk birbaşa görüş olub. Görüş 3 saat davam edib. Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Görüşlərdən öncə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü keçirilib. XİN rəhbərlərinin ilk ikitərəfli görüş faktının özü əlbəttə ki, pozitiv haldır. Türkiyə, ABŞ, İran nazirlərin birbaşa görüşünü alqışlayıb. Lakin Mirzoyan Bayramovla görüşdə yenə köhnə havanı çalıb. Ermənistan XİN-in yaydığı məlumata görə, o, görüşdə “Qarabağ konfliktinin həlli zəruriliyi”ndən danışılıb və üstəlik, “Dağlıq Qarabağ probleminin həllində Minsk Qrupu həmsədrliyinin təcrübəsindən istifadənin vacibliyini” vurğulayıb. Bu, əlbəttə ki, təkcə onun deyil, ümumən Paşinyan komandasının mövqeyidir. Beləcə, rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddiasını həyasızcasına davam etdirir. Elə isə bu təmasları davam etdirməyə lüzum varmı? Nazirlərin görüş anonsunu verən İlham Əliyev Tiflis danışıqlarından bir gün qabaq belə bir fikir söyləmişdi ki, bu görüşdən sonra Azərbaycanın hansı addımlar atacağı məlum olacaq. Belə olan təqdirdə hansı addımlar atıla bilər sualı ortaya çıxır.

Qeyd edək ki, Azərbaycan 44 günlük savaşda əsasən ərazi bütövlüyünü təmin edib, bu istiqamətdə yekun nəticənin əldə olunması üçünsə Rusiyanın vasitəçiliyi əsasında üçtərəfli razılaşma əldə olunub. 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə görə, Ermənistan qalan məsələlərin sülh yolu ilə həlli barədə öhdəliklər götürüb. Lakin 20 aylıq postmüharibə dövründə rəsmi İrəvan nəinki bu öhdəliklərə davamlı şəkildə əməl etməkdən yayınıb, status-kvonun saxlanması istiqamətində manevrləri, hətta gərginliyi tətikləyən addımları ilə diqqət çəkib, bu isə uzun müddət davam edə bilməz.

Ermənilər isə növbəti təxribata hazırlarşır. Belə ki, iyulun 20-də Rusiya ordusunun himayəsi altında Qarabağ və Şərqi Zəngəzurun bir hissəsində qanuni-qanunsuz qalmaqda davam edən haylar işğal dövründə Laçın şəhərində tikdikləri kilsədə növbəti dini mərasim keçirməyi planlaşdırırlar. Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, bu haqda erməni apostol kilsəsinin “Artsax” eparxiyasının facebook səhifəsində məlumat yayılıb. “Liturgiyanın yerli ruhani keşişTer-Beniamin Tsaturyan tərəfindən həyata keçiriləcəyi” bildirilir. 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına əsasən Laçın rayonunun əksər hissəsi Azərbaycana qaytarılsa da, rayon mərkəzi və 6 iri kənd də daxil olmaqla, təxminən 35 kv.km-lik ərazi müvəqqəti(!) olaraq Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin nəzarətinə verilib. 3 il ərzində haylar üçün alternativ “dəhliz” yolu tikildikdən sonra Laçın şəhəri və 6 kəndin Azərbaycanın nəzarətinə keçəcəyi və “sülhməramlı”ların artıq yeni yola nəzarət edəcəkləri qərara alınıb. Artıq həmin yolun əsas hissəsi tamamlanmaq üzrədir... Bir daha xatırladırıq ki, işğaldan öncə tarix boyu Laçın rayonu ərazisində, Laçın şəhərində sovet dövründə işlə bağlı buraya köçmüş bir neçə erməni ailəsi istisna olmaqla, heç bir erməni də yaşamayıb... Belə olduğu halda, ermənilərin təxribatlara ara vermək istəməməsi danışıqların perspektivini də sual altında qoyur və Tiflis görüşündə niyə hər hansı nəticənin əldə olunmamasına aydınlıq gətirilmiş olur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti ötən həftə Ermənistana və onu öz əlində oyuncağa çevirmiş çevrələrə açıq şəkildə mesajını verdi, xəbərdarlığını etdi. Dövlət başçımızın “əgər öhdəliklərə əməl edilməyəcəksə, açıq desinlər, işimizi bilək”-xəbərdarlığı sıradan məsələ deyil. Bu, artıq Azərbaycanın mövcud vəziyyətlə heç zaman barışmayacağını, üstəlik, çox gözləmək, Ermənistanın “nazı” ilə oynamaq niyyətində olmadığını göstərən ciddi faktordur. Bu cür qətiyyətli mövqe Ermənistanın Zəngəzur dəhlizinin açılması, Qarabağdakı terrorçu birləşmələrin çıxarılması ilə bağlı öhdəliklərinə əməl etməsinin alternativinin olmadığını da bir daha ortaya çıxartmış oldu. Düzdür, Prezident İlham Əliyevin xəbərdarlıqlarının ardınca Tiflisdə bir ilkə imza atıldı: Azərbaycan və Ermənistan XİN rəhbərləri təkbətək görüşdülər, vəziyyəti müzakirə etdilər. Amma görüşün nəticəsi barədə uzaqgedən nəticələr çıxartmaq üçün əsasımız yoxdur. Ermənistan üzünü gah Rusiyaya, gah ABŞ-a, gah da Avropa İttifaqına tutaraq, hansısa xəyallarının gerçəkləşəcəyinə ümid edir. Mövcud vəziyyətin sonsuzadək davamında, sərhəd təxribatlarından əl çəkməməsində də əsas məqsəd yenidən dövriyyəyə hansısa qüvvələri qoşmaq, sülh razılaşmasının imzalanmasını uzatmaq, Azərbaycandan nə isə qopartmaqdır. Lakin unudur ki, savaşın qalibi Azərbaycandır və diktə edən də məhz Azərbaycan dövləti, onun lideridir. DİA.AZ-ın məlumatına görə, siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Tiflisdə keçirilən görüşün nəticəsiz qalacağı öncədən bəlli idi: “Çünki görüşdən öncəki zaman kəsiyində Ermənistanın sərgilədiyi davranışlar, həm baş nazir Nikol Paşinyanın, həm də xarici işlər naziri Ararat Mirzoyanın 10 noyabr 2020-ci il bəyanatının və bu bəyannamə əlaqəli digər razilaşmaların, eləcə də Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlərin mahiyyətinə, bəlgədəki reallıqlara zidd olan açıqlamaları pozitiv gözləntiləri istisna edirdi. Mövcud şəraitdə 10 noyabr bəyanatında zəmanətçi tərəf kimi çıxış edən və bölgəyə sülhməramlı missiya göndərən Rusiyanın davranışları da müsbət nəticənin əldə olunmasına imkan vermirdi. Rəsmi İrəvanın mövqeyi belə düşünməyə əsas verir ki, Ermənistan bacardığı qədər vaxtı uzatmaq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək niyyətindədir. Bu ölkənin daxilində revanşçı qüvvələrin ziqzaqvari etirazları da indiki halda daha çox razılaşdırılmış oyuna bənzəyir”.

E.Mirzəbəylinin qənaətincə, görünən odur ki, revanşçılar proseslərə Ermənistan hökumətindən daha çox Azərbaycanın təzyiq və tələblərinin temporitminə uyğun reksiya verirlər: “Hər iki tərəfin təlimatlandırıldığı açıq-aşkar hiss olunur. Belə olduğu təqdirdə, təzyiqlərin real və intensiv müstəviyə keçməsi daha real görünür. Bu baxımdan, 10 noyabr razılaşmasında Ağdam, Kəlbəcər və Laçının azad edilməsi ilə bağlı konkret vaxt müəyyənləşdirildiyi kimi, hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasındakı erməni silahlı birləşmələrinin də ərazidən çıxarılması ilə bağlı konkret vaxt verilməli və elan edilməlidir. Məsələn, bütün erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən 10 gün ərzində çıxarılmalıdır. Bu baş verməyəcəyi təqdirdə, Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatına başlamalı, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyyət zonasındakı silahlı birləşmələri tərk-silah edərək məsuliyyətə cəlb etməli, silahlı müqavimət göstərənləri isə zərərsizləşdirməlidir”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılovun sözlərinə görə, Azərbaycan bölgədə reallıqların tamamilə fərqindədir: “Bu gün rəsmi Bakının təklif etdiyi model bölgəyə rifah və gələcək vəd edir. Azərbaycanın addımları beynəlxalq birlik tərəfindən də təqdir olunur. Bütün siyasi güclər fərqindədir ki, Azərbaycan bölgəyə ancaq rifah və təhlükəsizlik bəxş edir. Amma təəsüflər olsun ki, Ermənistanın bugünkü qeyri-konstruktivliyinin də səbəbkarı elə həmin beynəlxalq güclərdir. Hələ də Ermənistandan təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Ermənistanın Qarabağın ”statusu" və Minsk Qrupu ilə bağlı sayıqlamaları təsadüf sayıla bilməz. Paşinyan hakimiyyətinin hansısa tələb irəli sürmək iqtidarı yoxdur. Ermənistan iqtidarı yaxşı başa düşür ki, qalib tərəf kimi Azərbaycanın diqtə etdiyi şərtləri yerinə yetirmək məcburiyyətindədir. Amma prosesi sabotaj edən “bəyanatlar” və Ermənistan XİN-in dağıdıcı mövqeyi bu ölkənin ancaq “dəmir yumruq” istədiyini göstərir". T.İsmayılov qeyd etdi ki, Azərbaycan hələlik səbr nümayiş etdirir: “Prosesin əsas tərəfi kimi regional siyasi güc kimi davranır. Lakin qanunsuz erməni silahlı terrorçularının hələ də Qarabağdan çıxarılmaması və Ermənistanın hansısa ”status" sayıqlamaları yeni hərbi əməliyyatları da labüd edir. Düşünürəm ki, ölkəmiz maksimum dözüm nümayiş etdirərək regionda yeni müharibənin alovlanmağına imkan verməyəcək. Amma eyni zamanda ölkəmiz antiterror əməliyyatlarına da hər an başlaya bilər".

Ekspertlərimizin antiterror əməliyyatları və ya Bakının digər sərt addımları ilə bağlı proqnozları sözsüz ki, ölkə rəhbərliyinin iradəsinə istinad olunan mövqelərdir. Prezident İlham Əliyev ötən həftə keçirdiyi müşavirədə hərbi sahəyə ciddi diqqət yetirilməsi prosesindən bəhs edərkən məhz gözlənilən təhlükəli perspektivlərə işarə edirdi. Sitat: “Bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Büdcəyə əlavələr edildi, dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Nə üçün? Deməli, buna əsas var. Biz hərbi xərclərimizi keçən il bu ilin büdcəsi təsdiq olunanda təsbit etmişdik və hesab edirdik ki, bu, kifayətdir. Ancaq sonra, bax, dediyim məsələlərə görə və digər məsələlərə görə, burada demədiyim məsələlərə görə biz hesab edirik ki, hərbi xərcləri artırmaq lazımdır. Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Mən bunu da demək istəyirəm. Çünki biz görürük ki, yeni imzalanmış kontraktlara ehtiyac var. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək”.

Arifə bir işarə də bəs edər, deyiblər. Amma görünən budur ki, bizim düşmənimiz heç də arif deyil, əks halda, ağıllanardı, heç olmasa 44 günlük döyüşlərdən, ağır məğlubiyyətdən sonra...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.