Gömrükdə 300 dollarlıq limit ləğv oluna bilər - AÇIQLAMA

19-07-2022, 16:38           
Gömrükdə 300 dollarlıq limit ləğv oluna bilər - AÇIQLAMA
2020-ci ilin 23 avqust tarixində gömrük limiti barədə Dövlət Gömrük Komitəsinin və Nazirlər Kabinetinin qərarı ilə xaricdən gətirilən malların limiti 1000 dollardan 300 dollara endirildi. Həmin qərarda həmçinin qeyd edilirdi ki, vətəndaş ay ərzində bir neçə dəfə sifariş verə bilər amma gətirdiyi malların ümumi həcmi 300 dolları keçməməlidir. İlk günlər ciddi etirazlar olsa da qərara heç bir təsir etmədi. Hazırkı durumda komitə rəhbərliyindəki həbslər və istefalar bu qərarı yenidən gündəmə gətirə bilərmi? TEREF.AZ_ın məlumatına görə, iqtisadçı ekspert Akif Nəsirli mövzu ilə bağlı Yenisabah.az-a bildirib ki, qərar birbaşa komitənin təkbaşına verdiyi qərar olmadığı üçün bu barədə konkret iddia irəli sürmək çətin məsələdir. O qeyd edib ki, Dövlət Gömrük Komitəsi heç nəyi özfəaliyyət nəticəsində təyin etmir:

“Hazırda ölkəni daha çox narahat edən daha böyük problem var. O problem gömrükdə idxal mallarına qiymət bəyannaməsinin özlərinin tərtib etməsidir. Xaricdən hər hansı avadanlıq gətiriləndə Gömrük Komitəsi vətəndaşın tərtib elədiyi qaimələri bir kənara atıb özü həmin məhsula qiymət qoyub qaimə tərtib edir. Və o qiymətə uyğun vergi və rüsum tutur. Hazırda gömrükdə ən vacib və ən neqativ hal budur. Məhz bu, ölkədə mütəmadi qiymət artımına səbəb olur.

Siz elə bilirsiniz ki, Gömrük Komitəsində hansısa qurum bu işlə məşğul olur və dövlət də buna göz yumur? Əlbəttə yox. Bu qərarlar birbaşa olaraq siyasi hakimiyyət tərəfindən qəbul edilir. Əgər belə olmasaydı gömrük yığımlarının 2 milyardı keçməsi sorğulanardı. Soruşardılar ki, sənin planın filan qədərdir, bu qədər yığımı, bu qədər rüsumu haradan və necə əldə etmisən? Hesab edirəm ki, artıq bunu dövlətin sorğulaması üçün ən münasib vaxtdır və təcili bu məsələ üçün hökumət hərəkətə keçməlidir”.

Ekspert hesab edir ki, komitədə baş verən bu özbaşınalıqlar rüşvət və korrupsiyanın yaratdığı nəticələrdir:

“Mən hesab edirəm ki, bu və digər məsələlərin yenidən baxılması və düzəliş edilməsi gömrükdəki problemləri həll etməyəcək. Çünki gömrükdə hər zaman rüşvət olub və olduğu qədər də bu və digər yeni acı nəticələrlə qarşılaşacağıq”.

Sonda ekspert yeni sistem qurulandan sonra bəzi güzəştlərin edilməsinin gözlənildiyini ehtimal edir:

“Gömrükdə rəhbərlik yenilənəndən sonra böyük ehtimal yeni güzəştlər gözlənilir. Necə ki, Səfər Mehdiyev yeni gələndə Aydın Əliyevin qara hesab kassasını yığışdırdı, bəzi güzəştlər edildi zamanla hər şey əvvəlki vəziyyətə düşdü. Hazırda da bu güzəştlər gözlənilir. Hətta ehtimal var ki, 300 dollar limitinə yenidən baxılsın və ya bu barədə güzəşt imkanları verən yeni qərarlar verilsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.