Sərhəd komissiyası Moskvada “ilişib” - Kremlin BARMAĞI...

20-07-2022, 09:27           
Sərhəd komissiyası Moskvada “ilişib” -
Avqustda Moskvada Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyaların nümayəndələrinin iclası keçiriləcək. Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisinə istinadən “Armenian News” məlumat yayıb. Qeyd olunur ki, görüşün dəqiq tarixi ilə bağlı yekun razılaşma yoxdur.

Mayın 23-də Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının yaradılması haqqında sərəncamları Avropa İttifaqı rəhbərlərindən biri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən Brüssel görüşünün mühüm nəticəsi kimi qiymətləndirilirdi. Azərbaycan tərəfdən baş nazirin müavini Şahin Mustafayev komissiyanın sədri təyin olunub. Ermənistan tərəfdən komissiyaya baş nazir müavini Mher Qriqoryan rəhbərlik edir.

Yada salaq ki, razılaşmaya əsasən, Moskvadan sonra tərəflər Brüsseldə görüşməlidirlər. Amma göründüyü kimi, nə Rusiya, nə Ermənistan sərhəd komissiyasının fəaliyyətində maraqlıdır. Amma bu prosesi nə qədər yubadacaqlar, üstəlik, bu komissiyanın görüşləri olsa belə, yaxın illərdə bəlkə də heç bir nəticə hasil olmayacaq. Bəzi iddialara görə, Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı qaz sazişindən sonra Moskvanın sülh sazişi təşəbbüslərinə əməli dəstək verəcəyi o qədər də real deyil. Teref.az-ın məlumatına görə, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a şərhində bildirdi ki, İkinci Qarabağ müharibəsinin bitməsindən 20 aydan artıq vaxt keçib və bu müddət ərzində 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması da daxil olmaqla, üç dəfə Rusiyanın təşəbbüsü və vasitəçiliyi ilə dövlət başçıları səviyyəsində üçtərəfli qaydada görüşlər keçirilib: “Bundan başqa, ötən il dekabrın 14-dən başlayaraq bu ilin aprelin 22-dək müddətdə bir neçə dəfə Brüsseldə üçtərəfli formatda görüşlər təşkil olunub. Bu görüşlərin təşəbbüskarı isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel olub. İmzalanan bəyanatlarla tərəfləri üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi məsələsində Azərbaycan müsbət dinamik fəaliyyəti ilə seçilib. Ermənistan tərəfi isə bütün vasitələrlə çalışıb və çalışır ki, öhdəlikləri yerinə yetirməsin, məsələ mümkün olduğu qədər uzansın. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanı Ermənistan Azərbaycanın təkid və tələblərindən sonra yaratdı. Yəni İrəvan hətta bu məsələni də reallaşdırmaq istəmirdi. Hələ də Ermənistan həmin komissiyanın tərkibini tam olaraq formalaşdırmayıb. Ermənistan atdığı yarımçıq addımları, iştirak etdiyi görüşləri də görüntü xatirinə, vaxtı uzatmaq üçün edir. Bu bir daha göstərir ki, İrəvan sülh sazişinin imzalanması istiqamətində real addımlar atmaqda maraqlı deyil. Ermənistan bilir ki, sülh sazişinin imzalanması istiqamətində Azərbaycan tərəfinin haqlı olaraq atdığı addımlarda əsas məqsəd beynəlxalq hüququn prinsiplərinə uyğun bir şəkildə sərhədlərin müəyyənləşməsidir. Çünki sülh sazişinin imzalanması gündəmə gəlirsə, bundan öncə ölkələr arasında sərhədlər rəsmi şəkildə müəyyənləşməlidir. Dövlətin atributlarından biri də onun dövlət sərhədləridir. Ermənistan dövlətini isə bu atribut maraqlandırmır, çünki dövlətlərinə hörmətləri yoxdur. Nikol Paşinyan hakimiyyətini qorumaq üçün sülh sazişi və sərhəd məsələsi ilə bağlı həm Avropa İttifaqı, həm Rusiya ilə oyun oynayır. Avropa İttifaqı sülh sazişinin imzalanması və iki ölkə arasında münasibətlərin qurulmasında maraqlı görünür”.

Politoloq hesab edir ki, Azərbaycanla Avropa İttifaqı arasında iyulun 18-də mühüm sənədin imzalanması Brüsselin bu məsələyə marağını və dəstəyini artıracaq: “Rusiyanın məhz bu amilə görə sülh sazişinin imzalanmasına mane olacağı və ya dəstək verməyəcəyi barədə deyilənlər isə sadəcə, ehtimallardır. Ancaq bu o demək deyil ki, həmin ehtimal yüz faiz doğrulacaq. Çünki Azərbaycan Avropa İttifaqı ilə yaxınlaşmaqla Rusiyaya qarşı fəaliyyət göstərmir. Azərbaycanın Rusiya ilə əlaqələri yüksək səviyyədə davam edir və Bakı bu əməkdaşlıqda maraqlıdır, Rusiyaya qarşı sanksiyalarda iştirak etmir. Şübhəsiz ki, Moskvanın sərhədlərin delimitasya və demarkasiyası, həmçinin sülh sazişinin imzalanması üçün ciddi real təsir göstərməsi məsələnin tez bir halda həll olunmasına gətirib çıxara bilər. Lakin Moskva İrəvana bunun üçün təzyiq göstərmir. Ermənistan isə bu vəziyyətdən sui-istifadə edərək prosesi mümkün qədər uzatmaq yolunu seçib. Məsələyə bu rakursdan yanaşsaq, iddia oluna bilər ki, sərhəd məsələsi Moskvada ilişib qalır. Amma mən əminəm ki, Azərbaycanın yürütdüyü uğurlu diplomatik siyasət nəticəsində həm Ermənistanın, həm də ona gizli dəstək verən dövlətlərin çıxış yolu qalmayacaq.

Politoloq İlyas Hüseynov isə bildirdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya olunması ilə bağlı proses Vətən müharibəsinin geosiyasi reallıqlarına əsasən icra olunur: “Çünki 30 ilə yaxın zaman kəsiyində danışıqlar prosesində beş rayonun ilkin mərhələdə Azərbaycana qaytarılması nəzərdə tutulurdu, Laçın və Kəlbəcər gələcək dövrdə danışıqların predmeti olacaqdı. Lakin müzəffər Azərbaycan Ordusu öz gücü hesabına Laçın və Kəlbəcər rayonlarını da işğaldan azad etməklə yeni geosiyasi formasiyanı formalaşdırdı. Hazırda Azərbaycanın diktə etdiyi proseslər içərisində sərhədlərin delimitasiyası bir sıra problemlərin həll olunmasına xidmət edəcək. İlk növbədə sülh müqaviləsinin imzalanmasının bir bəndinə çevriləcək, ikincisi Azərbaycana qarşı ərazi iddialarını sonlandıracaq və separatizm meyllərinin kökünü kəsəcək. Çünki Laçın yolu da daxil olmaqla, Azərbaycan-Ermənistan sərhədləri delimitasiya olunur. Sonrakı prosesdə isə demarkasiya icra edilməlidir. Eyni zamanda biz Zəngəzur dəhlizinin açılması nəticəsində sərhədlərin müəyyənləşməsini qəbul edə bilərik”.

Politoloq xatırlatdı ki, məhz Brüssel formatında keçirilən görüşlərin nəticəsi olaraq mayın 22-də Azərbaycan və Ermənistan liderləri görüş keçirdi və bu görüşdən bir gün sonra mayın 23-də sərhədlərarası prosesi nizamlamaq üçün xüsusi komissiya yaradılması qərarı verildi: “Azərbaycan proseslərə kompleks yanaşmağın tərəfdarıdır. Çünki maraqlı tərəflər bu prosesin iştirakçısına çevrilməlidir. Lakin Ermənistan tərəfi bu prosesi yubatmaqla məşğuldur. Mümkün qədər vaxt udmağa çalışır və üzərinə götürdüyü ödəliklərdən boyun qaçırır. Moskvadan isə buna görə İrəvana ciddi təzyiq edildiyi müşahidə olunmur. Azərbaycan bütün mümkün imkanlardan istifadə edərək həm sərhədlərin delimitasiya olunmasına, həm də iqtisadi nəqliyyat əlaqələrinin bərpa olunmasına çalışır. 10 noyabr bəyanatının bütün maddələrinin həyata keçirilməsi bizim üçün prioritet təşkil edir. Avropa İttifaqı Azərbaycanın təşəbbüslərini dəstəkləyir. Düşünmürəm ki, Azərbaycanın Avropa İttifaqı ilə qaz sahəsində imzaladığı anlaşma memorandumu sülh prosesinə mənfi təsir göstərəcək. Rusiya tərəfi də bu prosesi dəstəkləməli və regional sülhün qorunması ilə bağlı səyləri gücləndirməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.