Göyçayda dövlət tenderlərini kimlər udur? - SİYAHI

Bu gün, 00:05           
 Göyçayda dövlət tenderlərini kimlər udur? - SİYAHI
Göyçayda dövlət satınalmaları ilə bağlı araşdırmalar göstərir ki, bəzi şirkətlər rayonda keçirilən tenderlərdə mütəmadi olaraq qalib gəlirlər.

FED.az xəbər verir ki, say baxımından ən çox tender qazanan şirkət “Retro Holding” MMC-dir. Bu şirkət əsasən Göyçay Suvarma Sistemləri İdarəsi ilə əməkdaşlıq edir və ümumilikdə dörd tenderin qalibi olub. Qalib gəldiyi satınalmalara cari və əsaslı təmir işləri, mal-materialların və ehtiyat hissələrinin alınması daxildir. Ümumi məbləğ 811 min manatdan artıqdır.

“Retro Holding”dən sonra “ATF” MMC gəlir. Şirkət Göyçay Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərdə üç dəfə qalib olub. Bu tenderlər əsasən şəhərdə asfalt örtüyünün əsaslı təmiri ilə bağlıdır. Şirkətin ümumi tenderlərdən qazandığı məbləğ 2,4 milyon manatdan çoxdur.

Qeyd edək ki, “ATF” MMC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Hüquqi ünvanı AZ2318, Göyçay Rayonu, Çayarxı ünvanında yerləşir.

FED.az xəbər verir ki, üçüncü yerdə “Turan İnternational Company” MMC dayanır. Şirkət suvarma arxlarının lildən təmizlənməsi və çay məcrasının tənzimlənməsi işləri üzrə üç tenderin qalibi olub. Onun qazandığı tenderlərin dəyəri 268 min manatdan artıqdır.

Qeyd edək ki, “Turan İnternational Company” MMC 1993-cü ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vidadi Əhmədov Bayraməli oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, İslam Abışov, ev 16N ünvanında yerləşir.

Sayca çox tender udan şirkətdən biri də “Həyat Rezidence Constraction” MMC-dir. Bu şirkət də əsasən yol təmiri və şəhər abadlığı sahəsində ixtisaslaşıb. İki tender müqaviləsi çərçivəsində ümumilikdə 1 milyondan çox dəyərində işləri icra edib. Bundan əlavə, “Huseynli Partners Architecture and Construction” MMC də iki tenderdə qalib gəlib. Bu müqavilələr Göyçay şəhərindəki prospektlərdə və küçələrdə aparılan təmir və abadlıq işlərini əhatə edir. Ümumi məbləğ 694 min manat civarındadır.

Qeyd edək ki, “Huseynli Partners Architecture and Construction” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şaiq Hüseynli Ağaməli oğludur. Hüquqi ünvanı AZ1102, Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal , ev 52, m. 64 ünvanında yerləşir.

FED.az xəbər verir ki, “Qadir-Ti” MMC, “Zahir Tikinti” MMC və “Premium Təchizat” MMC Göyçayda keçirilən dövlət tenderlərində iki dəfə qalib olublar. “Qadir-Ti” MMC İcra Hakimiyyətindən ümumilikdə 208 min manat dəyərində mal-material təchizatı üzrə sifarişlər alıb. “Zahir Tikinti” MMC isə bina təmiri sahəsində ixtisaslaşıb və iki tender çərçivəsində 133 min manatlıq müqavilə imzalayıb. “Premium Təchizat” MMC isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına dəftərxana və təsərrüfat malları üzrə 81 min manatlıq təchizat həyata keçirib.

Qeyd edək ki, “Premium Təchizat” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yasin Mansurov Arix oğludur. Hüquqi ünvanı AZ0112, Abşeron rayonu, Ceyranbatan ştq, İ.Təhməzov, ev 32 ünvanında yerləşir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.