Kremldən ərazi bütövlüyümüzə qarşı “pasport tələsi”

6-06-2017, 11:00           
Kremldən ərazi bütövlüyümüzə qarşı “pasport tələsi”
Rusiyanın milli azlıqları “rus pasportu” ilə təmin etmək planının arxasındakı təhdidlər; Dağlıq Qarabağ erməniləri Moskvanın yeni layihəsində rol ala bilərmi? Politoloq: “Bu şantajdan çəkinsək, torpaqlarımızın geri qaytarılması çətinləşəcək”

Rusiyanın Azərbaycana qarşı təzyiq siyasətinin arxasında Avrasiya planları ilə yanaşı, Qarabağ təslimçiliyini qəbul etdirmək niyyətinin də olması çoxlarına məlumdur. Moskva xüsusilə də ötən ilin aprel döyüşlərində forpostu Ermənistanın işğalçı ordusunun burnunun ovulmasını sinirə bilmədiyindən bölgədəki situasiyanı tam şəkildə ələ almaq üçün çeşidli planlar işə salıb.

Faktiki olaraq Dağlıq Qarabağın “müstəqilliyi”nə aparan, şərti adı “Lavrov planı” olan təkliflərin Bakı tərəfindən qəbulolunmazlığını anlayandan sonra Rusiya işğalçını yeni silahlarla təchiz etmək siyasətini daha da sürətləndirmək qərarını verdi. Rusiyanın Azərbaycana gerçək münasibətini nümayiş etdirən təkcə “İsgəndər” raket-komplekslərinin Ermənistana verilməsi, yaxud azərbaycanlıların ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi kimi faktlar deyil. May ayında Azərbaycan ordusu işğalçı ordunun Qarabağdakı “OSA” qurğusunu məhv edəndə Moskvanın aşkar etirazını da gördük.


Şimal qonşumuz açıq bəyan etməsə də, dolayısı ilə Azərbaycana qarşı təzyiqlərini davam etdirir. Bugünlərdə isə ölkəmizin təhlükəsizliyini təhdid edən növbəti addımların atılması barədə xəbərlər yayılıb ki, artıq “Yeni Müsavat” bu məsələni geniş şəkildə ictimailəşdirib. Söhbət Moskvada kürdlərə, ləzgilərə, talışlara, abxazlara, osetinlərə Rusiya pasportu paylanmasından bəhs edən materialdan gedir. Sözügedən layihədə Kremlin SSRİ-nin bərpası ideyasını yeni variantda gündəmə gətirməsi də diqqət çəkir. Əməkdaşımızın da müşahidələrindən belə aydın olur ki, Avrasiya Xalqlarının İ qurultayı Kremlin qonşuluq siyasətinə heç bir korrektə etmədiyini, üstəlik, postsovet məkanında separatizmin əsas dəstəkçisi rolunu davam etdirdiyini bir daha üzə çıxarıb. O da məlum olub ki, Moskva son aylarda yuxarıda adıçəkilən xalqların təmsilçilərinə kütləvi şəkildə Rusiya pasportları paylayır.


Bizi daha çox narahat edən isə əlbəttə ki, Qarabağın taleyidir. De-fakto itirilmiş torpaqlarımızın de-yure mənimsənilməsi istiqamətində cəhdlər hələ ki Bakının prinsipiallığı sayəsində mümkün olmayıb. Ancaq vaxtaşırı Rusiyanın Qarabağ ermənilərinə də rus pasportları paylaya biləcəyi haqda narahatlıqlar gündəmə gəlir. Düzdür, Rusiya açıq şəkildə hətta prezident Putin tərəfindən bölgədə rolu yüksək qiymətləndirilən Azərbaycana qarşı bu kimi addımlar atmaqdan çəkinir. Ancaq Rusiyanın Qarabağ separatçılarına vaxtaşırı öz ərazisində meydan verməsi də hər kəsə məlumdur.


Ancaq təhlükə təkcə bununla bitmir. Pasport məsələsindən görünən budur ki, Rusiya 1993-cü ildə ortaya atdığı “talış kartı” və ya “ləzgi kartı”nı yenə də dövriyyəyə buraxmağa çalışır. Şübhə etmirik ki, bu planlar növbəti dəfə iflasa uğrayacaq. Çünki zaman-zaman Azərbaycanda yaşayan millətlərin təmsilçilərindən ərazi bütövlüyümüzə qarşı istifadə cəhdləri olub, ancaq son nəticədə sağlam düşüncə qalib gəlib. Düzdür, elə bu il Talış Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü Şahin Mirzəyev ölkəmizə xəyanət edərək Ermənistana sığındı. Ancaq belə istisnalar hər zaman hər yerdə olur, bu mənada bir fakta görə hansısa etnik qrupu ittiham etmək yolverilməzdir. Elə talışların özü, hətta atası Ş.Mirzəyevi lənətlədi. Qarabağ döyüşlərində, həmçinin Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə talışlar, ləzğilər də digər millətlərin nümayəndələri ilə birlikdə fədakarlıq göstəriblər, şəhidlər veriblər, sağlamlıqlarını itiriblər. Amma mümkündür ki, Rusiya öz ərazisində yaşayan Azərbaycan vətəndaşlığı daşıyan etniklərin təmsilçilərinə hansısa məqsədlər üçün vətəndaşlıq versin və onlardan Azərbaycan ərazisindəki planlarını reallaşdırmaq üçün istifadə etmək istəsin. Düzdür, Azərbaycanda ikili vətəndaşlıq qanunla qadağandır. Bununla belə, hesab olunur ki, istənilən halda şimaldan gələn təhlükələri gözardına almaq olmaz, məsələyə daim həssas münasibət göstərilməsinə ehtiyac var.


Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, postsovet respublikalarının ərazisindəki ayrı-ayrı etnik qrupların təmsilçilərinə Rusiya pasportlarının paylanılması Moskvanın ənənəvi siyasətidir: “Kreml bu vasitə ilə pasport payladığı şəxsləri özünün nüfuz müvəkkillərinə çevirir və ehtiyac duyulduqda onları hərəkətə gətirir, guya ”vətəndaşlarının hüquqlarının pozulduğu" barədə rəy formalaşdırır və təzyiq mexanizmlərini işə salır. Azərbaycan bu prosesin hüquqi müstəvidə qarşısını çoxdan alıb. Ölkəmizdə ikili vətəndaşlıq qadağandır. Başqa ölkənin vətəndaşlığını qəbul edən və bu barədə Azərbaycanın müvafiq qurumlarına məlumat verməyən şəxslər isə cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Hesab edirəm ki, qanundan irəli gələn hüquqi mexanizmlər işə salınmalı, qanunvericiliyi pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır ki, başqalarına da dərs olsun. Bundan başqa, düşünürəm ki, başqa ölkənin vətəndaşlığını qəbul edən şəxslərin mülkiyyət hüquqları ilə bağlı məsələlərə də yenidən baxılmalıdır. Məsələn, onların torpaq üzərindəki mülkiyyət hüquqları ləğv olunmalıdır. Dünyanın bir çox ölkələrində xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə torpaq üzərində mülkiyyət hüququ verilmir".


E.Mirzəbəyli Rusiyanın işğal altında olan Azərbaycan torpaqlarındakı ermənilərə pasport paylayacağını düşünmür: “Əgər Rusiya belə bir addım atarsa, o zaman münaqişə tərəfi olduğunu daha açıq şəkildə ortaya qoyacaq və erməni separatizmi və işğalı avtomatik olaraq, erməni-rus separatizmi və Ermənistan-Rusiya işğalı adını, yəni əsil adını alacaq. Rusiyanın təzyiqlərinin hansısa qlobal geosiyasi maraqlardan qaynaqlandığını düşünmürəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, belə təzyiqlər çox zaman iqtisadi və korporativ maraqlardan qaynaqlanır”.


“Rusiya Qarabağ ermənilərinə pasport paylamaq qərarını versə, bu, Kremlin avtomatik Azərbaycanla münasibətlərinin gərginləşməsinə yol açacaq. Kremlin hələ ki Azərbaycanla münasibətlərinin təhlükə altına atacağını düşünmürəm. Sadəcə, Moskvada bu cür ssenarilərin yazıldığını da istisna etmirəm”.

Bu fikirlər isə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur. Ekspert qəzetimizə açıqlamasında xatırlatdı ki, son aylar Moskvada Azərbaycan əleyhinə addımların sayı artıb: “Doğrudur, rusiyalı rəsmilər öz açıqlamaları ilə münasibətlərin yüksək səviyyədə olduğunu deməklə ortamı yumşaltmağa çalışdılar. Ancaq münasibətlərdəki reallıq fərqlidir. ÜAK-ın qeydiyyatı ləğv olunub, erməni separatçıları ”bayraqlarını" Moskvadakı yürüşlərdə dalğalandırırlar, üstəgəl, erməni hərbçiləri deyirlər ki, Rusiya-Ermənistan hərbi birləşmələri Dağlıq Qarabağda Azərbaycan ordusuna qarşı savaşa bilər və s. Qarabağda ermənilərə Rusiya pasportlarının paylanmasına gəldikdə isə bu, Rusiyaya baha başa gələ bilər. Rusiya Gürcüstanı və Ukraynanı itirib, Azərbaycanı itirmək isə Rusiya ilə sıx münasibətləri olan türkdilli dövlətləri də ciddi düşünməyə vadar edəcək. Sadəcə, Rusiyada bəzi mərkəzləri bizi belə şantaj etmək istəyirlər ki, “baxın ha, Dağlıq Qarabağ və ətraf rayonları azad etmək istəsəniz, biz Dağlıq Qarabağdakı ermənilərə Rusiya pasportları verəcəyik”. Bu, bizi torpaqlarımızı istənilən yolla azad etmək istəyimizdən çəkindirməməlidir. Çünki əks halda, bu şantajdan çəkinsək, torpaqlarımızın geri qaytarılması çətinləşəcək. Yəni Rusiyadakı həmin mərkəzlər pasportları vasitəsilə separatçıları qorumaq istəyirlər. Ən maraqlısı odur ki, Ermənistan bu halda nə edəcək? Axı Dağlıq Qarabağın “müstəqil” və ya Ermənistana aid olmasını istəyirlər. Dağlıq Qarabağdakı ermənilərə kütləvi olaraq Rusiya pasportları paylansa, Dağlıq Qarabağ faktiki Rusiyanın nəzarətinə keçəcək. Bu, nə dərəcədə Ermənistanın maraqlarına cavab verəcək?"


Bir məqamı da unutmaq olmaz. Son vaxtlar Rusiyadan Qarabağa axının olduğunu erməni mənbələri də təsdiqləyir. İşğal altındakı torpaqlarımıza qeyri-qanuni gələn “turistlər”ə Rusiya vətəndaşları başçılıq edir. Həmçinin son illərdə rus milyarder German Sterliqovun Şuşaya ailəsi ilə köçməsi, burada müxtəlif layihələri həyata keçirməsi də ölkəmizə qarşı təxribat idi. Bugünlərdə isə Rusiya yazıçısı Eduard Limonov “türklüyə nifrət”i səbəbindən Qarabağa gəldiyini deyir. Blogger Alksandr Lapşini zamanında Qarabağa qanunsuz səfərlər etməkdən çəkindirməyən, indi isə onun Azərbaycanda məhbusluq həyatı yaşamasından narahatlığını bildirən Rusiyanın Limonov kimilərini bu mövqedən çəkindirməyə həvəsli olmadığı da aydın görünür.


Bu mənada narahatlıqlar var ki, Qarabağda Rusiya vətəndaşlarının yaşaması sonradan ermənilərə rus pasportları verilməsə belə, oraya “təhlükəsizlik” adı ilə müdaxilə üçün Rusiyaya bəhanələr qazandıra bilər. Təbii ki, beynəlxalq qanunlar bunu istisna edir. Amma Ukrayna və Gürcüstan nümunələri göstərdi ki, Moskva beynəlxalq qanunları asanlıqla əzib üstündən keçə bilir.


E.Şahinoğlu isə bu məsələdə nikbindir: “Rusiya vətəndaşı olan Lapşini uzaq Belarusdan həbs edib Azərbaycana gətirə biliriksə, Azərbaycan qanunlarını pozan digər Rusiya vətəndaşlarını həbsxanaya ata bilərik. Digər tərəfdən, Azərbaycan ordusu Dağlıq Qarabağ və ətraf rayonların azad olunması əməliyyatına başlasa, Rusiya rəsmən Ermənistan tərəfdən Azərbaycana qarşı savaşmayacaq. Çünki nə qədər olmasa da, Rusiyanın özü də Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır. Müharibə başlasa, sadəcə xəbərdar etməli olacağıq ki, bölgəyə qeyri-qanuni gələn xarici ölkə vətəndaşlar, o cümlədən Rusiya vətəndaşları Qarabağı tərk etsinlər, yoxsa onların da həyatı təhlükə altında ola bilər”.


*****


Bu arada xəbər yayılıb ki, Ermənistan 8 min əfqan muzdlu əsgəri 5 illik müqavilə ilə Qarabağa gətirib (publika.az). Bunu Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy deyib.


Onun sözlərinə görə, əfqan muzdluları Qarabağda təmas xəttinə yerləşdirilib: “Ötən ilin aprel müharibəsində məğlub olan Ermənistanda valideynlər övladlarını Qarabağda əsgərliyə göndərməmək qərarına gəldilər. Ermənistan rəhbərliyi bu problemi həll etmək üçün pul qarşılığında 8 min əfqan muzdlu döyüşçüsünü ölkəyə gətirərək, təlim keçdi. Muzdlu əsgərlərə 5 il ərzində 3 min dollar maaş veriləcək. Sonda Ermənistan vətəndaşlığı və Avropaya viza sözü verilib”.


G.Göksəl qeyd edib ki, əfqan döyüşçülər İran vasitəsilə Ermənistana gətirilib. “8 min əfqanın Ermənistana gətirildiyini İran vətəndaşlarının sosial şəbəkələrdə yaydıqları məlumatlardan öyrəndik”, - deyə o bildirib. ASİMDER rəhbəri əlavə edib ki, Ermənistan əfqan döyüşçülərdən Türkiyəyə qarşı da istifadə edə bilər.


ATƏT-in Minsk Qrupunun həmsədrləri isə bu həftə Dağlıq Qarabağa - Azərbaycanın işğal olunmuş ərazilərinə gələcəklər. Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, vasitəçilər iyunun 10-da Xankəndində olacaqlar. Əvvəlcədən xəbər verildiyi kimi, həmsədrlər iyunun 19-da Bakıya səfər edəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.