Həmyerlimizin Almaniya səfəri: - dələduzluq, “yoxa çıxan” pullar, yoxsa oğurluq?

1-08-2017, 16:56           
Həmyerlimizin Almaniya səfəri: - dələduzluq, “yoxa çıxan” pullar, yoxsa oğurluq?
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 62 yaşlı Əliqulu Novruzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ənvər Seyidov sədrlik edib.

İttihama görə, Əliqulu Novruzov tanışı Ağadadaş Həsənovun etibarından sui-istifadə edərək Almaniyanın Nürnberq şəhərində satışa çıxarılmış “Lexus İS 250” markalı avtomaşını alıb, Bakıya gətirəcəyini deyib, aldatmaqla ona külli miqdarda maddi ziyan vurub.

Törətdiyi cinayət əməlinə görə Ə.Novruzova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Əliqulu Novruzov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində 15 ildir ki Almaniyadan xarici maşınlar gətirib satmaqla məşğul olduğunu, zərərçəkmiş Ağadadaş Həsənovu gəmiçilik sahəsində işlədiyi dövrdən tanıdığını göstərib: “2014-cü ilin may ayında Ağadadaş Həsənovla söhbət zamanı Almaniyadan xarici maşınlar gətirdiyimi dedim. Ağadadaş Həsənov 2012-ci il buraxılışlı “Lexus İS 250” markalı, sedan modelli avtomaşınların qiyməti ilə maraqlandıqda 15 min dollara alıb gətirə biləcəyimi, lakin gömrük rüsumunun onun özü tərəfindən ödəniləcəyini dedim”.

Ə.Novruzovun ifadəsinə görə, bu söhbətdən bir neçə gün sonra A.Həsənovla görüşərək ondan 15 min dollar alıb. Əvvəl Türkiyəyə, oradansa Nürnberq şəhərinə gedib, satışa çıxarılan avtomaşınlarla maraqlanıb. A.Həsənovun istədiyi avtomaşının baha olduğunu görüb. Digər bəyəndiyi avtomaşınların da şəklini çəkib, internet vasitəsilə A.Həsənova göndərib və əlavə 10 min dollar laızm olduğunu deyib. A.Həsənov həmin məbləği Ə.Novruzovun ailə üzvlərinə verib. Ə.Novruzovun oğlu Malik Novruzov həmin pulu götürüb və Almaniyaya atasının yanına yola düşüb.

Ən qəribəsi odur ki, Ə.Novruzov pulun və sənədlərin maşından oğurlandığını iddia edib: ”Oğlumla birlikdə “Avtohouse” avtomaşın bazarına getdik. Pulları və sənədləri əl çantasına qoymuşdum. Oğlum maşınlara baxmaq üçün məndən aralandı. Siqaret çəkmək üçün avtomaşından düşdüm, geri qayıdanda gördüm ki, əl çantası yoxdur. Taksi sürücüsü və oğlumla birgə əl çantasını oğurlayanları müəyyən etməyə çalışsaq da, nəticəsi olmadı. Başıma gələnlər barədə həyat yoldaşıma məlumat verdim, mənə pul göndərməsini xahiş etdim. Həyat yoldaşım da qızıl-zinət əşyalarını girov qoyub, əldə olunan pulu Almaniyaya göndərdi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Almaniyadakı Azərbaycan səfirliyinə müraciət edərək xarici pasportu əvəz edən qayıdış şəhadətnaməsi alıb və oğlu ilə birgə Azərbaycana qayıdıb. Qayıtdıqdan sonra A.Həsənovla görüşüb, pulunu qaytarmaq üçün möhlət istəyib. Amma maddi vəziyyətinə görə qaytara bilməyib.

Ə.Novruzovun ifadəsində göstərdiklərini istintaq özünümüdafiə kimi qiymətləndirib. Onun dedikləri toplanmış sübutlarla təsdiq olunmayıb. Belə ki, Ə.Novruzov 25 min dolların oğurlanması ilə bağlı Almaniya hüquq-mühafizə orqanlarına, həmçinin Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət etməyib.

Zərərçəkmiş şəxs qismində dindirilən Ağadadaş Həsənov ifadəsində ğöstərib ki, Əliqulu Novruzov ona xarici ölkələrdən avtomaşınlar gətirib satdığını, sifarişi olarsa yerinə yetirə biləcəyini deyib. Öz növbəsində ondan “Lexus İS 250” markalı avtomaşını neçəyə gətirə biləcəyini soruşub: “Dedi ki, Almaniyadan həmin avtomobili sənə 15 min dollara gətirərəm. Bu söhbətdən bir neçə gün sonra zəng vurub yaxın günlərdə Almaniyaya gedəcəyini dedi. Əliqulu ilə görüşüb ona 15 min dollar verdim. Almaniyaya getdikdən sonra mənimlə telefon əlaqəsi saxlayıb bəyəndiyi avtomobilin fotoşəkillərini göndərdi. Əlavə olaraq 10 min dollar lazım olduğunu dedi. Razılaşdım. Həmin pulu onun ailə üzvlərinə verdim”.

Zərərçəkmişin ifadəsinə görə, Ə.Novruzov onunla bir neçə dəfə əlaqə saxlayıb, Almaniyadan yola çıxdığını, özü ilə bir neçə avtomaşın gətirdiyini, yaxın günlərdə Bakıya çatacağını bildirib. Lakin Ə.Novruzovdan bir xəbər çıxmadığını görüncə onun ailə üzvləri ilə əlaqə saxlayıb. Nəhayət, dekabr ayında Ə.Novruzov Azərbaycana qayıdıb: ”Bakıya qayıtdıqdan sonra mənimlə görüşəndə dedi ki, sənin verdiyin 25 min dolları Almaniyada itirmişəm. Onun sözlərinə inanmadım və pulu qaytarmasını tələb etdim. Hər dəfə məndən möhlət istədi. Son iki il ərzində pulu ala bilmədim”.

Şahid qismində dindirilən Malik Novruzov ifadəsində pulların və sənədlərin oğurlandığını göstərib: “Atamla birlikdə avtomobil bazarına getdik. Özümə avtomobil almaq üçün götürdüyüm 35 min dollar və sənədlərim atama məxsus əl çantasında idi. Mən avtomobillərə baxırdım. Atamın olduğu yerə qayıdanda məlum oldu ki, sənədlərin və pulların olduğu çantanı oğurlayıblar. Oğruları axtarsaq da, xeyri olmadı. Baş vermiş hadısə barədə atam anama və Əliqulu Novruzova məlumat verdi. Anam qızıllarını girov qoyub bizə pul yolladı. Azərbaycana qayıtmaq üçün səfirliyə müraciət etdik, bizə qayıdış şəhadətnaməsi verdilər, həmin sənədlər əsasında geri qayıda bildik”.

Məhkəmə prosesi avqustun 3-də davam edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.