Azərbaycan Ermənistan ordusunu parçalayıb

19-12-2017, 11:38           
Azərbaycan Ermənistan ordusunu parçalayıb
İşğalçılıq siyasətini davam etdirən Ermənistanda əhalinin acınacaqlı durumda yaşadığını bu ölkənin rəsmi qurumları da etiraf edir. Ermənistanın Milli Statistika Xidmətinin yaydığı 2016-cı il üzrə yoxsulluq hesabatı da gerçəkliyi əks etdirir. Hesabatda qeyd olunur ki, ötən il Ermənistanda yoxsulluq həddi 29,4%-ə çatıb. Bu, 2015-ci illə müqayisədə 0,5% çoxdur (Novator.az).

Hətta ölkə paytaxtındakı əhalisinin dörddə biri yoxsullar sırasına aid olan ölkənin özünü “Qarabağ müharibəsinin qalibi” adlandırmasının özü absurddur. Ona görə də bir sıra erməni ekspertləri Dağlıq Qarabağ müharibəsində Ermənistanın qalib tərəf olmadığını ara-sıra etiraf edirlər. Əslində hər kəs bilir ki, müharibə bitməyib və bir gün Azərbaycan ordusu düşmən tapdağındakı torpaqlarımızı azad edəndən sonra onsuz da regional layihələrdən kənarda qalmış, faktiki olaraq təcrid vəziyyətinə düşmüş Ermənistan daha fəlakətli tale ilə üz-üzə qalacaq. Hər halda, eks-prezident Levon Ter-Petrosyanın Serj Sərkisyana fürsətdən istifadə edib güzəştlər yolu ilə Azərbaycanla sülh bağlamaq çağırışının arxasındakı məqsəd də erməni xalqını gözləyən dəhşətlərdən sığortalamaq cəhdi idi.

Lakin təkcə Azərbaycan xalqına qarşı deyil, erməni xalqı əleyhinə də xeyli cinayətlərə yol vermiş Sərkisyan üçün əsas məsələ hakimiyyətini qoruyub-saxlamaqdır. Hakimiyyətinin ömrünü uzatmaq üçünsə o, Qarabağdakı status-kvonun uzadılmasını yeganə çıxış yolu sayır.

Ermənistan prezidenti ötən həftə “Armeniya” telekanalına müsahibəsində Azərbaycan ordusunun daha güclü olduğunu etiraf edib. Sərkisyan Ermənistanın hərbləşdirilmiş dövlətə çevrilməsi barədə bəyanatdan narahat olmadığını da bildirib. Sitat: “Bir tərəfdən bizi Azərbaycandan zəif olmaqda ittiham edirlər, digər tərəfdən hərbləşməkdən danışırlar. Biz təhlükəsizlik məsələlərimizi həll etmək imkanı verəcək addımı atmağa məcburuq. Aprel (aprel döyüşünü nəzərdə tutur-red) göstərdi ki, biz bunu etməmişik” (azvision.az).

2018-ci ildə prezidentlik kürsüsünü baş nazirliyə dəyişməyi hədəfləyən Sərkisyanın Qarabağ məsələsində hansı mövqedə dayanacağı suallar doğurur. Şübhə yox ki, Sərkisyan ən azı aprelədək Qarabağla bağlı sərt ritorikasını davam etdirəcək. Hətta cəbhədə təxribatlara da əl atıla bilər. Deməli, Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbə vurmaq üçün şans da əldə edə bilər.

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın 2018-ci ilə yönələn Qarabağ strategiyası hakimiyyətin yeni idarəetmə formasına keçməsi şəraitində tamamilə iflasa uğraya bilər: “Çünki ənənəvi dövlət modeli mərkəzləşmiş qaydada bütün iqtisadi və siyasi axınlara nəzarət etməkdən və sistemdənkənar ssenariləri amansızlıqla yatırmaqdan ibarət idi. Lakin parlamentli respublika halında hökuməti və xalqı bir əldən yönəltmək çətin olacaq. Deməli, Qarabağ vasitəsilə iqtidarın dayanıqlığını sarsıtmağa çalışan bütün narazı liderlər və protest elektoratı ayağa qalxa, yeni hərbi-siyasi şəraiti meydana çıxara bilərlər. Nəticədə regionda təhlükəsizlik şəraiti pozula bilər və Ermənistan 90-cı illərin Azərbaycanına çevrilər. Müasir erməni elitasının 1-ci Qarabağ savaşının məhsulu olması inkaredilməzdir və konstitusiyanı hətta mexaniki olaraq dəyişəndə belə qüvvələr nisbəti keçmiş səhra komandirlərin xeyrinə olmayacaq”.

Z.Oruc əlavə etdi ki, hərçənd ki, ATƏT çərçivəsində Azərbaycanın əl-qolunu bağlamaq və Vyanada rəsmi Bakının “müharibə hüququ”nu əlindən almaq siyasəti baş tutmadı: “Gördüyünüz kimi, Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson komandasının guya Qarabağ münaqişəsini dondurmaq və silahlı toqquşmaları tamamilə ləğv etmək üçün regiona xüsusi nəzarət mexanizmlərini gətirmək planı Anjiy Kasprşikin məhdud saylı qrupunu 10-15 nəfər artırmaq qərarı ilə yekunlaşdı. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini gücləndirməklə İrəvana qarşı xüsusi bir təzyiq silahını işə saldı. İndi Ermənistanın Qarabağ üzərindən Azərbaycanın iqtisadi-siyasi planlarını bloklamaq xətti əvvəlki qədər effektli olmur, çünki Sərkisyan rejimi milli resurslarının mühüm bir qismini bölüb Naxçıvanla sərhəd ərazilərdə yerləşdirməyə məhkumdur. Ona görə də ölkə rəhbəri İlham Əliyevin 2018-ci ildə Qarabağ cəbhəsində yürüdəcəyi siyasət bir sıra beynəlxalq dairələri dərindən narahat edir. Bakı neft hövzəsini hava hücumundan qorumağa tam əmin olandan sonra hərbi təhdid siyasətini daha da gücləndirərsə, belə olan şəraitdə çoxlarının seçki amilinə görə proqnozlaşdırdığı hərbi sabitlik nəzəriyyəsi, əksinə, işin faydasına olar. Rəqibdəki psixoloji arxayınlıq Bakının xeyrinə işləyər”.

XİN rəhbəri Elmar Məmmədyarov deyib ki, qarşıda bizi Qarabağla bağlı kritik bir ay gözləyir. Bu haqda danışan deputat Z.Oruc əmindir ki, 2018-ci ilin Qarabağ cəbhəsindəki vəziyyətə təsir göstərən amillərdən biri də Rusiya-ABŞ arasındakı qarşıdurmanın hansı fazaya qədər inkişaf edəcəyidir: “Gələn ilin 1 fevralından sonra ən ağır sanksiyalar Moskvanı müxtəlif assimetrik hərbi addımlara təhrik edə bilər. Türkiyənin Moskva və Vaşinqtonla münasibətlərindən də çox şey asılıdır. Əgər rəsmi Ankara Cənubi Qafqazda hərbi mövcudluğuna can atmaq üçün Qarabağdan faydalanmaq xəttini bir qədər intevsivləşdirsə, o halda heç olmasa, işğal altında müəyyən bölgələrin işğaldan azad olunması və çözümün start götürməsi reallaşa bilər. Hər halda, Elmar Məmmədyarovun ”bir aylıq" proqnozunun kodu Putinin yenidən seçilməsindən sonraya qədər uzanacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.