Azərbaycanda gəmilərin ilkin dövlət qeydiyyatı asanlaşdırılıb

25-12-2017, 00:07           

Azərbaycanda gəmilərin ilkin dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin sayı azaldılıb.


APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən gəmilərin ilkin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin sayı 13-dən 11-ə enib. Bundan sonra gəmilərin ilkin qeydiyyatı üçün gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə və gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə və notariat qaydasında təsdiq edilmiş surəti tələb olunmayacaq.

Beləliklə, bundan sonra gəmilərin ilkin dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

- Gəminin mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər tərəfindən doldurulmuş ərizə-anket;

- Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi və surəti (müvafiq olaraq Azərbaycan ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

- hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti;

- Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gəmiyə mülkiyyət hüququnu və gəmiyə digər əşya hüquqlarını təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı, habelə qeyd edilən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti;

- xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənədin əsli və ya apostil edilmiş surəti;

- gəminin BDT (İMO) nömrəsinin alınmasına dair sənəd;

- çağırış siqnalının alınmasını təsdiq edən sənəd;

- gəminin istismara yararlı olmasına və dəniz nəqliyyatı sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılmasına dair akt;

- ölçü şəhadətnaməsi və notariat qaydasında təsdiq edilmiş surəti;

- gəminin təsnifat şəhadətnaməsi və notariat qaydasında təsdiq edilmiş surəti;

- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.