Dünya bu olaylara görə Bakıdan danışdı - Siyahı

26-12-2017, 09:17           

Bu il ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bir sıra hadisələrlə yadda qaldı. Azərbaycan 2017-ci ildə beynəlxalq yarışlara ev sahibliyi etməklə yanaşı, mühüm müqavilələrə imza atdı.

Axar.az 2017-ci ildə ölkəmizdə baş verən dünya səviyyəli hadisələrin bəzilərini təqdim edir:

2017-ci il 12-22 may tarixləri arasında Bakıda çoxmillətli, multi-idman tuniri olan IV İslam Həmrəyliyi Oyunları keçirildi. İslam Həmrəyliyi İdman Federasiyasının bütün 56 üzvü Oyunlarda iştirak edib. 16 idman arenasında baş tutan yarışlarda iştirakçı ölkələrin nümayəndələri 21 idman növü üzrə mübarizə apardılar. Azərbaycan bu beynəlxalq yarışmaya 325 nümayəndə heyəti ilə qatıldı. Ən çox medal qazanan ölkə qardaş Türkiyə olsa da (195), ən çox qızıl medal qazanan ölkə Azərbaycan (75) oldu. Ölkəmiz yarışı ümumilikdə 162 medalla ikinci olaraq başa vurub.

İyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula-1-in 8-ci mərhələsi - 2017 Azərbaycan Qran Prisi keçirildi. Statistik göstəricilərə əsasən, bu il Azərbaycanda baş tutan Formula-1-də tamaşaçı sayı 2016-cı il mövsümü ilə müqayisədə iki dəfə çox olub.

Sentyabrın 15-də Azərbaycan hökuməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BP, “Şevron”, “Inpex”, “Statoil”, “Ekson Mobil”, TP, “Itoçu” və “ONGC Videsh” şirkətləri ilə birlikdə bu gün “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladı. Saziş Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin nümayəndələri tərəfindən imzalandı. 1994-cü ildə imzalanmış müqavilənin bizim maraqlarımızı tam təmin etməsinə baxmayaraq, yenilənən sazişdə Azərbaycan üçün daha yaxşı şərtlər əks olundu. Belə ki, Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsi, həmçinin növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Sazişə əsasən SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırıldı. Beləliklə Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz təşkil edəcəyi bildirilir.

2017-ci ildə Azərbaycanda baş verən növbəti əlamətdar hadisə oktyabrın 30-da tikintisinə 2007-ci ildə başlanılmış Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun açılması oldu. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak edib.

Bu ildə yadda qalan ən səs-küylü hadisələrdən biri də “Qarabağ” futbol klubunun Çempionlar liqasının qrup mərhələsində iştirak etməsi idi. Bakı Olimpiya Stadionunda “Roma”, “Atletiko” və “Çelsi”ni qəbul edən Qurban Qurbanovun yetirmələri bu qarşılaşmalarda tribunalara 182 min 223 tamaşaçı toplamağa müvəffəq oldu.

Bütün bu turnirlər, müqavilələr milyonlarla insanın diqqət və marağının ölkəmizin üzərində olmasına zəmin yaratdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.