Ziya Məmmədovun qalmaqallı müşavirinin vəkili danışdı

26-12-2017, 10:15           
Ziya Məmmədovun qalmaqallı müşavirinin vəkili danışdı
Ceyhun Yusifov: “Qoy məhkəmə olsun, sübutlara qiymət verilsin; bundan niyə qaçırlar?”

“Onun bu cinayəti törətməsinə dair bir çox mötəbər sübutlar var. Özünün bundan xəbəri olandan, yəni biləndən sonra ki, cinayət yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarını kimə satıb, hansı əmlakları alıb bundan xəbərimiz var başladılar ssenari qurmağa”.

Bu sözləri “Yeni Müsavat”a sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov deyib.

Vəkilin sözlərinə görə, Rövşən Əhmədov Çingiz Baxşıyevin ona etibar etdiyi qızıl-zinət əşyalarını mənimsəyib. Bundan sonra məsuliyyətdən yayınmaq üçün müxtəlif yollara əl atıb: “Əvvəlcədən planlı şəkildə belə bir hadisəni ortaya atdılar. 2-3 yuxu dərmanı içib və özünü xəstəxanaya salıb. İndi də istəyir ki, onu psixiatriya şöbəsinə köçürsünlər. Məhkəmə də yarımçıq qalır. Yəni bunu əvvəlcədən planlaşdırıblar. Plan budur. Bunu müxtəlif yerlərdə də çatdırmışıq”.

Ceyhun Yusifov deyib ki, Rövşən Əhmədov məsuliyyətdən yayına bilməz: “Ona etibar edilmiş əmlakı ələ keçirib. Məhkəmə ona bəraət verəndə Azərbaycan məhkəmələrini göyün 7-ci qatına qaldırmışdı. Ədalətli hökm çıxarıldığını deyirdi. Biz də sübutlar ortaya qoyuruq. Qoy məhkəmə olsun, sübutlara qiymət verilsin. Bundan niyə qaçırlar? 1 günün içində qızının adına 3 əmlak alıb. Hansı pulla alıb? Qızıl-zinət əşyalarını satıb və alıb. Görürlər ki, işin üstü açılır, onu aparıb yıxıblar xəstəxanaya. Məhkəmədən də yayınırlar”.

Qeyd edək ki, Çingiz Baxşıyevin həbs etdirmək istədiyi qohumu Rövşən Əhmədov dekabrın 21-də intihara cəhd edib. Müxtəlif dərman preparatları qəbul edən R.Əhmədov komada 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. İntihardan öncə məktub yazaraq özünü öldürmə həddinə çatdırılmasında Çingiz Baxşıyevin suçlu olduğunu qeyd edib. Rövşən Əhmədov sabiq nazir müşavirinin 800 min manatlıq qızıl-brilyantını ələ keçirməkdə suçlanaraq həbs olunmuşdu. O, ittihamları qəbul etmirdi, deyirdi ki, Çingiz Baxşıyev onu susdurmaq, narkotik alveri etməsi haqda məlumatları ictimiləşdirməmək üçün saxta ittihamla həbsə aldırıb. Təxminən 1 il həbsdə saxlandıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verildi və azadlığa buraxıldı. Hökmdən narazı qalan dövlət ittihamçısı protest və zərərçəkmiş Çingiz Baxşıyev apelyasiya şikayəti verdi. Hazırda işə Bakı Apelyasiya Məhkəməsində baxılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.