Psixoloq “İŞİD-ə qoşulan azərbaycanlılar daha qəddar olub” iddiasından danışdı

27-12-2017, 09:24           
Psixoloq “İŞİD-ə qoşulan azərbaycanlılar daha qəddar olub” iddiasından danışdı
Gülnar Orucova: “Belə insanlar valideyn diqqətindən kənarda qalıblar”

CurrentTime.TV-nin xüsusi müxbiri Şahida Yakub özünün “Kadr arxasında” layihəsi çərçivəsində Suriya rəhbəri Bəşər Əsədlə vuruşmuş və hazırda vuruşan insanlarla hazırladığı müsahibə Azərbaycanda da ciddi müzakirələr doğurub. Buna səbəb də müsahibədə Azərbaycanla bağlı hissələrin olmasıdır.

Belə ki, müsahiblərdən Tunisdən olan 27 yaşlı keçmiş İŞİD yaraqlısı Abdallanın bu fikirləri diqqət çəkib. Sitat: “Özbəkistan, Qazaxıstan, Tacikistan, Azərbaycandan gələnlər ayrı vuruşurlar. Onların öz batalyonları var, başqalarına qarışmırlar. Azərbaycandan gələnlər başqalarından çox radikaldırlar”.

Azərbaycanlıların bir təhlükəli terror təşkilatının tərkibində belə aqressiyaları, radikal olmaları ilə fərqlənmələri bəzi suallar yaradıb. Əslində son illərdə ölkəmizdə vətəndaşların aqressiyasının, qəddarlığının getdikcə artması barədə tez-tez psixoloqların, sosioloqların dilindən fikirlər səslənir. Baş verən bir sıra dəhşətli qətl hadisələri də bunu sübut edir. Nə üçün vətəndaşlarda bu hisslərin artdığı barədə də fikirlər birmənalı deyil.

Psixoloq Gülnar Orucova bu cür hisslərin uşaqlıq vaxtından insanlarda formalaşdığını düşünür: “Uşaqlarda aqressiyanın iki səbəbi olur. Birincisi, özünə diqqət çəkmək istəyirlər, ikincisi, istədiklərinə nail olmağa çalışırlar. Belə insanlar valideyn diqqətindən kənarda qalıblar. Biz daha çox uşaqlarda aqressiya axtarırıq, amma unutmaq olmaz ki, əslində aqressiya daha çox valideynlərdə olur. İnsan daim gərginlikdə olanda onda aqressiya daha çox formalaşır. Xüsusilə çox işləyən və gərginlikdən istirahət edə bilməyən insanlar aqressiyanın qurbanına çevrilirlər. Düzgün qidalanmamaq, rejimsiz həyat sürmək, yuxusuzluq, stress aqressiyaya yol açır. Belə halda bəzən ən sakit insan belə aqressiv olur. Aqressiya müxtəlif yaşlarda təzahür etməyə başlayır. Unutmaq olmaz ki, aqressiya bir çox hallarda yad insanlara qarşı daha çox yönəlsə də, yaxın insanlara, ailəyə qarşı da olur. Özünü idarə edə bilmir və sonucda hər gün ailədə narazılıqlar olsun, bu da ailənin dağılması ilə nəticələnir. Yəni insanlardakı aqressiya bu şəkildə olur. Bunu tək İŞİD-də döyüşən insanların fonunda izah etmək olmaz. Aqressiya aşağı yaşlarda formalaşıb, yuxarı yaşlara doğru gedir. İnsandakı tənhalıq hissi ətrafdakı insanlara qarşı da aqressiv olmağa gətirib çıxarır. İnsan gərək həyatda tənha olmasın. Bu cür hallarla tək mübarizə aparmaq mümkün deyil. İndidən gələcəkdə bu cür halların yaranmaması üçün valideynlərə uşaqlarını mütəxəssislərin yanına aparmağı məsləhət görərdim. Qışqırıq eşidən uşaq bunu cəmiyyətə aparacaq, söyüş eşidən də eyni ilə. Uşaq nə görürsə, gələcəkdə də elə davranır. Aqressiv olmağın müddəti də önəmli faktordur. Bununla mübarizə aparmaq çox çətindir. Uzun müddət davam edən aqressiya getdikcə güclənir və sonunda qarşısıalınmaz problemə çevrilir. Digər tərəfdən, insan qəlbində bunu boğmağa çalışırsa, daha pis nəticələr verir. Nifrət hissi elə bir hissdir ki, birbaşa aqressiya yaradır. Ermənilər bizim düşmənimizdir, torpaqlarımızı işğal ediblər. Amma bu o demək deyil ki, uşaqlarımızı düşməni öldürmək ruhunda təbliğ edək, vətən sevgisindən daha çox onlara erməniləri öldürməyi onlara təbliğ edək. Uşaqlarımıza ən çox vətən sevgisi aşılamalıyıq, onları daha çox bu ruhda böyütməliyik. Çünki bizim üçün müqəddəs vətəndir, bu vətəni də sevmək insanı nifrətdən uzaqlaşdırır, amma yenə deyirəm birində kiməsə qarşı nifrət hiss oyatmaq eyni zamanda onda aqressiyanın bünövrəsini qoyur. Bu sevgini kiçik yaşından uşaqda formalaşdıranda, böyüyəndə ancaq o düşüncədə olacaq ki, vətənimi qorumalıyam. Vətəni qorumaq da elə onu sevmək deməkdir. Sonda onu bir daha deyirəm ki, kiçik yaşlardan formalaşan aqressiya böyüyəndə bu cür terror təşkilatında döyüşmək və bu kimi hallar yaradır”.musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.