Rus general qorxuya düşən Ermənistan üçün hərəkətə keçdi

30-03-2018, 14:50           
Rus general qorxuya düşən Ermənistan üçün hərəkətə keçdi
Azərbaycan müdafiə nazirinin Türkiyədə yüksək səviyyəli görüşlər keçirməsi, Qarabağ cəbhəsində artan hərarət düşmən ölkədə gərginlik yaradıb; politoloq: “Rusiya Ermənistanın Azərbaycan qarşısında məğlub olmasını istəmir”
Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak üçün qardaş ölkəyə səfər edən müdafiə nazirimizin bu səfəri işğalçı Ermənistanda da həssaslıqla izlənilir.

Türkiyə prezidentinin rəsmi saytının yaydığı məlumatda deyilir ki, cənab Ərdoğanla görüşdə regional təhlükəsizlik, Azərbaycanla Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub (“Report”). Görüşdə Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli də iştirak edib. Bundan bir neçə saat əvvəl isə Z.Həsənov elə türkiyəli həmkarı ilə bir araya gəlmişdi. Müdafiə Nazirliyindən “Yeni Müsavat”a verilən məlumatda deyilir ki, əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparılır. Qeyd olunub ki, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daim inkişaf edir. Görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

Son zamanlar terrora qarşı zəfərləri ilə bütün dünyanın diqqətini özünə cəlb etmiş qardaş Türkiyədə Azərbaycan müdafiə nazirinin yüksək səviyyədə, hərarətlə qarşılanması, bu görüşlərdə heç şübhəsiz işğal altındakı ərazilərimizin də müzakirə mövzusu olması Ermənistanda və Qarabağdakı separatçı rejimdə narahatlıq doğurmaya bilməz.

Xüsusilə də dünyanın 20-dən artıq ölkəsinin Rusiya diplomatlarını “persona non-qrat” elan etməsi şəraitində Moskvanın daha öz problemlərinə diqqət etməsi Ermənistanda qəfildən Azərbaycanla üzbəüz qala biləcəyi qorxusunu yaradıb. Paralel olaraq Azərbaycan ordusunun qüdrəti haqqında yayılan məlumatların Rusiya dairələrində də özünə yer alması işğalçıları panikaya salıb.

****

Belə bir situasiyada Ermənistanda gah Rusiya, gah da Qərbə doğru vurnuxmalar müşahidə olunmaqdadır. Eyni zamanda işğalçı ölkə bölgənin təcrid olunmuş ölkəsi olaraq dalandan çıxmağı həsrətlə gözləyir. Məsələn, erməni mənbələri mayın 27-28-də Cenevrədə keçirilən Rusiya-Gürcüstan görüşündən də yaxşı xəbər ala bilmədiklərindən dolayı pərtliyi açıq nümayiş etdirirlər. Düzdür, tərəflər güc tətbiq etməməklə bağlı razılığa gəliblər. Lakin yeni anlaşmanın imzalanacağı barədə vədlər Ermənistan üçün hələ heç nə demək deyil. Elə Gürcüstan XİN-in Cenevrə görüşündən sonra yaydığı bəyanat da Ermənistanın üzərinə soyuq duş ələnməsi kimi bir hadisədir. “Yeni Müsavat” xatırladır ki, rəsmi Tiflis 2008-ci il razılaşmasına uyğun olaraq Rusiyanın Cənubi Osetiya və Abxaziyadakı qoşunlarını çıxartması zərurətini xatırladıb. Medvedyev və Sarkozi arasında əldə olunan həmin razılığa bu günə qədər əməl olunmayıb və nəticədə Ermənistana alternativ yolun açılması də həllini tapmır. Üstəlik, Ermənistan narahatdır ki, Gürcüstanın NATO-ya üzvlüyü Rusiya üçün gözlənilməz zərbə ola bilər. Ancaq bu, həm də işğalçı Ermənistanı sarsıdan addım olardı.

Hər yerdən ümidi kəsilmiş İrəvan indi də İran prezidenti Həsən Ruhaninin Bakıda səsləndirdiyi Qarabağ bəyanatına istinad etməyə başlayıb. İran prezidentinin Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunması zərurətindən bəhs etməsi işğalçı ölkədə az qala xilas yolu kimi qəbul olunur. Elə erməni mediasının bu xəbəri geniş tirajlaması da bundan xəbər verir. Ancaq dəfələrlə qeyd olunduğu kimi, Azərbaycanı öz suveren hüquqlarından istifadə etməkdən heç bir qüvvə dayandıra bilməz, o cümlədən ərazilərini hərbi yolla azad etməkdən.

****

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun son bəyanatı isə ziddiyyətli olmaqla yanaşı, çox güman ki, erməniləri sakitləşdirmək məqsədi daşıyır. O, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasında keçirilən konfransda deyib ki, müxtəlif teatrlarda zərbələr formal olaraq bir-biri ilə bağlı olmaya, hansısa ölkə və ya koalisiya ilə əlaqəli görünməyə bilər. “Tutaq ki, Suriyada münaqişənin növbəti kəskinləşməsi Donbasda irimiqyaslı hərbi əməliyyatların bərpa olunması ilə eyni vaxta təsadüf edə bilər. Üstəlik, Orta Asiyada və ya Qafqazda, tutaq ki, Azərbaycanla Ermənistan arasında da müharibə başlayar və bütün bunlar hamısı eyni zamanda baş verər. Tamamilə real ssenaridir. Və bütün bunlara hazır olmaq lazımdır”, - o bildirib.
Politoloq Qabil Hüseynli axar.az-a deyib ki, Gerasimovun son çıxışı müharibəyə çağırış notları ilə doludur: “O qeyd edib ki, Baş Qərargah bütün döyüş əməliyyatlarını eyni mərkəzdən idarə edəcək və əlaqələndirəcək. Zənnimcə, bunlar çox təhlükəli çağırışlardır. Üstəlik, müharibə hədəflərinin birbaşa göstərilməsi və bunların içərisində Ermənistan-Azərbaycan müharibəsinin də yer alması çox ciddi məsələlərdən xəbər verir. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi uğrunda apardığı mübarizəyə əngəllər yaradılır. Gerasimovun nəzərdə tutduğu Ermənistan-Azərbaycan müharibəsi Qarabağ müharibəsinə aid deyil. İrəvan ”müharibə" dedikdə, guya bunun Ermənistana aid olmadığını, bütün proseslərin Dağlıq Qarabağ özünümüdafiə qüvvələri tərəfindən həyata keçirildiyini iddia edir. Azərbaycan birmənalı şəkildə Dağlıq Qarabağa tərkib hissəsi kimi baxır və müharibəni öz ərazisində antiterror əməliyyatları şəklində həyata keçirəcək. Belə şəraitdə Gerasimovun Ermənistan-Azərbaycan müharibəsi barədə fikirləri həqiqəti əks etdirmir. Bakı Ermənistan ərazisinin də qədim Azərbaycan torpaqları olduğu haqqında fikirlər səsləndirib. Bu, ermənilərin bölgəyə gəlmə olduqlarını və ərazi iddialarının əsassızlığını sübut etmək üçündür. Bütövlükdə Azərbaycanın mövcud və BMT tərəfindən tanınan sərhədlərə toxunmaq fikri yoxdur. Müharibə ancaq Azərbaycanın öz daxili ərazisində gedəcək, ona görə də Gerasimovun dedikləri qətiyyən Azərbaycanın apardığı antiterror əməliyyatlarına aid edilə bilməz".

Q.Hüseynlinin sözlərinə görə, bu prosesə müdaxilə Rusiyanın ziyanına işləyə bilər: “Bu, Azərbaycana beynəlxalq təşkilatlara şikayət imkanı verəcək. İnanmıram ki, Dağlıq Qarabağ ərazisində, məsələn, Sərsəng su anbarı üzərində Azərbaycanın öz nəzarətini təmin etmək uğrunda keçirəcəyi lokal əməliyyata Rusiya qarışsın. Çünki bu, indiki şəraitdə heç də təklənmiş Rusiyanın xeyrinə olmaz. Əks təqdirdə, Moskva çox şey itirə bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a açıqlamasında ermənilərin Kremldən uzaqlaşmaq istiqamətində cəhdlərinin məqsədli olduğunu konkret dəlillərlə izah etdi: “Rusiya Qərbin sərt təzyiqi ilə üz-üzədir. Kreml ordunun gücünə və nüvə silahına güvənir. Bəli, Vladimir Putinin prezident və baş nazir olduğu 18 ildə Rusiya ordusu xeyli uğur əldə edib. Bu uğurlar böyük dağıntılar və böyük itkilər hesabına başa gəlib. Putinin əmri ilə ordu 1990-cı illərin sonunda Çeçenistanı ram etdi, daha sonra Gürcüstan torpaqları işğal edildi, bu azmış kimi, Krım ilhaq olundu və Suriyada terrorçuların mövqeləri bombalandı. Putin prezident olduğu illərdə orduya böyük pullar ayrıldı, hərbi-sənaye kompleksinə yatırımlar qoyuldu. Ancaq indi elə bir vəziyyət yaranıb ki, Rusiya bu böyüklükdə yükü daşımaq iqtidarında deyil. Çünki Qərb-Rusiya qarşıdurması və sanksiyalar Rusiyanı taqətdən salır. Bir müddət sonra Rusiyanın maliyyəsi tükənmək üzrə olacaq. Bunu artıq Ermənistanda anlamağa başlayıblar. Ancaq İrəvanın çıxış yolu da yoxdur. Çünki Ermənistanın pulu yoxdur ki, başqa ölkələrdən silah və sursat alsınlar. Ermənistan yalnız Rusiyadan silah dilənə bilər və hansısa kredit ala bilər”. Ancaq E.Şahinoğlu bir məsələni xüsusi qeyd etdi ki, hətta Ermənistan bir başqa ölkədən silah almaq istəsə belə, Moskva onun qarşısını alacaq: “Bu məsələdə İrəvan müstəqil qərar verə bilməz. Ermənistandan fərqli olaraq Azərbaycan istənilən ölkədən silah almaq gücündədir və maliyyə potensialı da buna imkan verir. Son aylarda belə xəbərlər dolaşır ki, Rusiya aprel savaşından çıxış edərək artıq Azərbaycana modern silah satmayacaq. Əlbəttə, bu məlumat dəqiqləşdirilməlidir. Ancaq Moskva bizə silah və hərbi texnika satmasa, özü itirəcək. Azərbaycan Rusiyadan ala bilməyəcəyi silahı başqa ölkədən alacaq. Ermənistanın isə belə seçimi yoxdur”.

Ancaq politoloq Rusiya və Ermənistan arasında ən ziddiyyətli münasibətlərin yaranması halında belə, ehtiyatı əldən verməməyi zəruri sayır: “Bütün bunlara baxmayaraq, bilməliyik ki, yenidən Ermənistanla müharibəyə başlasaq, qarşımızda Ermənistan-Rusiya ittifaqı olacaq. Rusiya Ermənistanın Azərbaycan qarşısında məğlub olmasını istəmir. Elə 2016-cı ilin aprel ayında da Moskva Bakıya təzyiq etdi ki, ordumuz işğalçını daha böyük məğlubiyyətlərə uğratmasın. Ancaq bu o demək deyil ki, sakitləşməliyik. Düşmənə daima hərbi təzyiqi və onun itkilərini artırmalı, məhrumiyyətlərini və təcridini gücləndirməliyik. Bunu isə bizə heç kim qadağan etmir və qadağan edə də bilməz”. Ekspert Moskva-İrəvan əlaqələrinin, hərbi müttəfiqliyinin qarşısında yeganə yol görür: “Türkiyə ilə hərbi ittifaqı mütləq gücləndirmək lazımdır. Başqa alternativimiz yoxdur”.

Hər halda, böyük ehtimalla Gerasimov “Qarabağda müharibə başlasa, KTMT qoşulmayacaq” bəyanatından sonra, həmçinin müdafiə nazirimizin Türkiyədə yüksək səviyyədə görüşləri şəraitində Ermənistanda yaşanan ajiotajı səngitmək istəyir. Əks təqdirdə, belə açıq təhdidlə çıxış etməzdi. Amma istənilən halda Kremlin mövqeyi bizə təəccüblü görünməməlidir. Çünki Qarabağın işğalının uzanmasında Rusiyanın oynadığı rol danılmazdır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.