“Qanuni oğru”lar səsvermə keçirdi - “Quli” niyə yoxdur?
30-03-2018, 16:31
Rusiya kriminalının lideri “Şakro Molodoy” ləqəbli "qanuni oğru" Zaxari Kalaşovun məhkəməsi gözlənilən kimi yekunlaşdı.2016-cı ilin yayından həbsdə olan “Şakro” məhkəmənin hökmü ilə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Təxmini hesablamalara görə, o, 2023-cü ildə azadlığa buraxıla bilər. Əlbəttə, Kalaşovun kriminal aləmə içəridən rəhbərlik etməsi bundan sonra mümkünsüzdür və bu səbəbdən onun əmrlərini yerinə yetirəcək şəxs olmalıdır. Yəni “Şakro” kriminal aləmdən təcrid edilməyib, əksinə, indi o kriminal dünyanı əsl “qanuni oğru”nun olduğu yerdən - yəni həbsxanadan yönəldəcək. Amma Kalaşov kimi “qanuni oğru” həbsxanada özünü nə qədər “evində” olduğu kimi hiss edəcəksə, azadlıqdakı kimi hərəkət sərbəstliyi olmayacaq. Bu səbəbdən də aylardır ki, Kalaşovu kimi əvəz edəcəyi geniş müzakirə mövzusu idi.
Musavat.com ötən günlərdə “qanuni oğru”lar “nömrə 1” statusunu Oleq Şişkanova həvalə edilməsinə razılaşdığı xəbərini vermişdi. Məlumat üçün deyək ki, Oleq Şişkanov 1964-cü ilinin 19 iyulunda Remelskidə anadan olub. Kriminal aləmdə “Şişkan” və ya “Şişkan Remelski” ləqəbi ilə tanınır.
1980-cı ildə “Şişkan” qətlə görə həbs edilib və onu Mordoviyada ən ağır şəraitli cəzaçəkmə müəssisəsinə göndəriblər. Burada o, “Jequn” ləqəbli avtoritet Vyaçeslav Jequnovla tanış olub. “Jequn”un diqqət mərkəzinə düşən “Şişkan” acımasız qanqster roluna çox uyğun gəlirdi. “Şişkan”ın cinayət aləminə yolu da bu tanışlıqdan başlayıb. “Jequn” azadlığa çıxdıqdan sonra “Şişkan”ın “qanuni oğru”adı alması üçün hazırlıqlara başlayıb.
1992-ci ildə “Şişkan” azadlığa buraxılır. O, azadlığa buraxıldıqdan dərhal sonra kriminal aləmin “generallarından” sayılan “Şakro Molodoy”, “Şakro Qoca” və “Qlobus” ləqəbli “qanuni oğru”lar onu himayəyə götürüb və “qanuni oğru” adı verib. Taclandırma mərasimində ona Oleq Remelski ləqəbi verilib, amma kriminal aləm onu əbədi olaraq “Şişkan” adlandırıb.
“Şişkan”ın rəhbərlik edəcəyi slavyan qruplaşmasının maliyyə məsələlərinə (obşaka) Piçuqa ləqəbli Vasili Xristoforov nəzarət edəcək. Regionlarda isə bu işə “Meliya” ləqəbi ilə tanınan Merab Qoqiya nəzarət edəcək. Onların hər ikisi “Şakro”nun ən yaxın adamları kimi tanınırlar.
"Şakro”nun hökmü elan edildikdən sonra “Şişkan”ın namizədliyinin təsdiqlənməsi üçün video-konfrans keçirilib. Video-konfransa slavyan qruplaşmasının ən nüfuzlu üzvlərindən hesab olunan Aleksey Petrov və Sergey Aksyonov qatılıb. “Petrik” hazırda Soçidə məskunlaşıb, “Aksyon” isə Moskvadadır.
“Şişkan” üçün rəyi soruşulanlardan biri də “Mişa Lujnetski” kimi tanınan “qanuni oğru” Mixail Voevodina olub. O da gah Moskvada, gah da İsveçrədə yaşayır. “Şişkan” üçün səs verənlərdən biri də “Şakro” nun boşalmış kreslosuna ən real namizəd olan “Tyurik” ləqəbli Vladimir Tyurin olub.
“Şişkan”la bağlı rəy bildirənlər sırasında Andrey Miroyedov (“Mirıç”), Şalva və David Ozmanov da olub. David Ozmanov “Şakro”nun qohumudur və bu səbəbdən onun da “dobro”su istənilib.
Rusiya KİV-ləri yazır ki, “Şişkan”la bağlı hazırda Yunanıstanda yaşayan “qanuni oğru” Laşa Şuşanaşvilinin də rəyinin alılnacağı gözlənilirdi. Rəyi soruşunlanlar arasında Donbasda yaşayan Eduard Asatryan da olub.
Onu da qeyd edək ki, Rusiya mənbələri “1 nömrəli” “qanuni oğru” adına hazırda İstanbulda yaşayan azərbaycanlı Nadir Səlifovun (“Lotu Quli”) da iddia etdiyini yazırdı. Bəzi yerli saytlar “Şişkan”ın “Şakro”nun yerini tutmasını “Quli”nin məğlubiyyəti kimi izah edir ki, bu da doğru yanaşma deyil. Çünki “Şakro” “Ded Xasan”ın yerini tutsa da, onun kimi birləşdirici fiqur ola bilmədi. Bu səbəbdən də “Şişkan” indi “nömrə 1” olsa da, o daha çox slavyan qruplaşmasının lideri kimi qəbul edilir. Amma o da faktdır ki, nüfuzlu azərbaycanlı “qanuni oğru”ların (“Hikmət Sabirabadlı”, “Rövşən Lənkəranski” və sair) qətlindən sonra azərbaycanlı kriminalların mövqeyi xeyli zəifləyib.