Sentyabrın 2-si şəhid Milli Qəhrəman Tahir Həsənovun anım günüdür
1-09-2015, 23:32
Sentyabrın 2-i şəhid Milli Qəhrəman Tahir Həsənovun anım günüdür!
1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda erməni separatizmi və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı başlananda bir çox vətən övladları buna etiraz olaraq könüllü cəbhəyə yollandı. Belə igid oğullardan biri də Tahir Tofiq oğlu Həsənov idi.
Ailənin yeganə oğlu olan Tahir Həsənov 1970-ci ildə Bakı şəhərində anadan olub. 18 yaşı tamam olduqdan sonra keçmiş SSRİ Silahlı Qüvvələrinə hərbi xədmətə çağırılan Tahir Moskvada hərbi-desant diviziyasında xidmət keçib. İki illik hərbi xidməti başa vurduqdan sonra Azərbaycana qayıdan Tahirin həyatında yeni dövr başlanıb.
Rəhmətlik jurnalist Çingiz Mustafayev belə bir çağırış etdi ki, kim kişidir gəlsin Qarabağa gedək. Tahir də minib avtobusa və onlarla birlikdə Qarabağa yola düşüb. Döyüş yoldaşları danışır ki, iki-üç nəfər şəhər uşaqları silahsız, mülki geyimdə gediblər, bir nəfər silahlı ermənini tutub gətiriblər. Bizimkilər də deyiblər ki, nə yaxşı iş görmüsünüz, bu ermənini azərbaycanlı əsirlə dəyişməliyik. Sonra Tahirə silah veriblər və o döyüşməyə başlayıb. Tahir döyüşlərdən üzü ağ çıxıb.
Tahir Bakı Dövlət Universitetinin tarix fakültəsinin axşam şöbəsinə qəbul olunmuşdu.
Daxili işlər naziri Məhəmməd Əsədovun əmri ilə OMON-a qəbul olundu.
Anası Qalibə xanım deyir: Tahirə deyiblər ki, biz nazirlə danışmışıq, get o səni qəbul edəcək. Tahir də Qarabağdan birbaşa gəlib nazirliyə, orada onu OMOH-a işə götürüblər. Bir də gördüm sevinərək gəldi evə ki, ana, məni OMON-a götürüblər. Beləliklə, 11 ay OMON-çu kimi döyüşdü. Tahir qoşunun önündə gedən kəşfiyyat qrupunun üzvü idi. O, Ağdərənin, Başkəndin alınmasında yaxından iştirak edib. Tahirin döyüş yolu cəbhənin müxtəlif istiqamətlərindən keçib. O Ağdərə, Füzuli, Laçın uğrunda döyüşlərdə iştirak edib, Xocalının müdafiəsində sona qədər vuruşub. Azərbaycan ordusu Ağdərəni azad edəndə Tahir iki döyüşçü ilə Ağdərəyə birinci daxil olub. 1992-ci il sentyabrın 2-də Tahir Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüş əməliyyatlarına başlayır. Döyüş yoldaşı Sahib Nəbiyev deyir ki, kəndə girmək çox qorxulu idi. Hər tərəfdən ermənilər üstümüzə atəş yağdırırdılar. Tahir isə ermənilərin atəş nöqtəsini susdurmağa can atırdı. Yüksəkliklər ermənilərdə olduğundan bu çox çətin idi. Döyüş gərgin getdiyindən heç nədən xəbər yox idi. Bir döyüşçü yaxınlaşıb deyib ki, deyəsən sizin oğlanı vurdular axı? Sonra Tahirin yerini biləni də vurublar. Tahir yoldaşlarına deyib ki, siz gedin, mən sizi qoruyacam. Döyüş yoldaşları danışır ki, yaralı olub, sonra da deyib ki, ölsəm də təslim olmayacam. Nəhayət tank əleyhinə qumbara ilə özünü partladıb və şəhid olub. O, yaralandıqdan sonra düşmənə əsir düşməmək üçün özünü öldürməyi üstün tutub. Həlak olanda özü ilə barəbər 41 nəfər ermənini də məhv edib. Üstündən beş-on gün keçəndən sonra mənə dedilər ki, Tahir hələ Qarabağda döyüşür. Dedim axı, hamı qayıdıb? Mənə heç nə demədilər. Sonra bizim ordu yenidən hücuma keçdi və kəndi azad edərkən Tahirin meyitini tapdılar. Sentyabrın 30-da Tahirin meyitini gətirdilər. Oktyabrın 19-da isə qəzetdə çıxdı ki, Tahirə Milli Qəhrəman adı veriblər".
Bəli bizim Milli Qəhrəman şəhid Tahir Həsənov belə oğlan idi!
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!