Füzuli Ələkbərovu Cüdo Federasiyandan niyə uzaqlaşdırmırlar?

2-09-2015, 10:28           
Füzuli Ələkbərovu Cüdo Federasiyandan niyə uzaqlaşdırmırlar?
Cüdoçular sabiq nazirin qurumdan kənarlaşdırılmasını istəyir

Cüdo üzrə gənclərdən ibarət millimizin üzvləri onlara sayğısız münasibətdən narazıdırlar. Onlar problemlə bağlı prezident İlham Əliyevə müraciət ediblər. Lakin hələ ki, cüdoçular Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərovun “tilsimindən” qurtula bilmirlər.

Cüdonu Azərbaycanda ən çox inkişaf etmiş, maraq göstərilən idman növlərindən biri hesab etmək olar. Elnur Məmmədlinin 2008-ci ildə olimpiya çempionu olması bu idman növünə marağı daha da artırmışdı. Amma bu uğurun davamı gəlmədi. 2012-ci il London Yay Olimpiya Oyunlarında cüdoçularımız heç bir nəticə əldə edə bilmədi.

Cüdoda sonuncu ən yaxşı nəticə isə Rio-de-Janeyroda keçirilən böyüklər arasında dünya çempionatında oldu. Elxan Məmmədov dünya çempionu olaraq adını tarixə yazdırdı.
Azərbaycanda cüdonun qara günləri isə Füzuli Ələkbərovun nazir vəzifəsindən uzaqlaşdırılmasından sonra başladı. Federasiyanın saytı da sonuncu dəfə 2013-cü ilin sonunda yenilənib. Cüdo ilə bağlı ən son xəbər 2013-cü ilin noyabrın 23-də yerləşdirilib.
Son iki ildə cüdoçulara soyuq münasibət göstərilməsi ilə bağlı dəfələrlə mətbuatda məlumatlar yer alıb, idmançıların narazılıqları gündəmə gəlib.

Bu il Azərbaycanda keçirilən I Avropa Oyunları isə cüdoçuların durumu da dəqiqliyi ilə göründü. Avropa Oyunlarında çıxış edən 18 cüdoçumuzdan yalnız biri medal qazana bildi. Bu nəticədən sonra idmançıların verdiyi açıqlamalar isə federasiyada olan vəziyyətin hansı həddə çatdığını göstərdi.

İlk olaraq cüdoçu xanımlar Füzuli Ələkbərova qarşı üsyana qalxdılar. Cüdoçu xanımlardan Kifayət Qasımova, Aişə Qurbanlı, Xanım Hüseynova, Nərgiz İbrahimova Avropa Oyunlarında medalsız qalmalarınının səbəbini cüdo millisində baş verən özbaşınalıqlar və diqqətsiliklə bağlı olduğunu açıqladılar.

Daha sonra cüdoçu kişilər aksiya ilə gündəmə gəldilər. Avqustun 17-də aksiya keçirən gənc cüdoçular qayğısızlıqdan şikayətləndilər. Onlar beynəlxalq yarışlara aparılmadıqlarını, heç bir maddi dəstək görmədiklərindən şikayətləndilər. Avqustun 31-də isə cüdoçular prezidentə müraciət edərək kömək istədilər.

Qarşıdan gələn Avropa və dünya çempionatlarına hazırlaşa bilməyən cüdoçular 2016-cı ildə Rio-De-Janeyroda keçiriləcək olimpiya oyunlarından da kənarda qalmaq istəmirlər. Əgər onlara dəstək göstərilməsə, bu ay keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcklər.
Narazı cüdoçular “Yeni Müsavat”a danışarkən bildirdilər ki, onlara Avropa çempionatında iştirak etmək üçün 1900 manat pul lazımdır. Federasiyadan isə cüdoçulara bildirilib ki, onlara heç bir maddi yardım göstərilməyəcək. İdmançıların da heç birinin bu yarışda öz hesabına iştirak etmək imkanı yoxdur. Əgər sentyabrın 7-dən maliyyə məsələsi həll olunmasa, cüdoçular Avropa çempionatından kənarda qalacaqlar.

Son məlumat isə bundan ibarətdir ki, federasiya artıq fəaliyyətini dayandırıb. İdmançılar federasiyanın binasına getsə də, orada onları qəbul edəcək kimsə tapılmayıb.

Cüdoçularla söhbətimizdə onu da öyrəndik ki, Füzuli Ələkbərov sonuncu dəfə cüdoçularla 3 il bundan əvvəl görüşüb. Diqqətsizlikdən ciddi nailiyyətləri olan gənc cüdoçuların bəziləri artıq idmandan uzaqlaşıb. İmkanı olanlar isə öz hesablarına ayrı-ayrı zallarda məşq edirlər.
Cüdo üzrə gənclərdən ibarət millimizin baş məşqçisi Fərhad Məmmədov və köməkçisi Elçin İsmayılov gənclərlə maraqlansa da, bu diqqət onlara uğur qazanmağa imkan vermir.
Maraqlıdır ki, cüdoçuları və bu sahəni çıxılmaz duruma salan Füzuli Ələkbərov Federasiya rəhbərliyindən kənarlaşdırılmır. İdmançılar hesab edir ki, quruma idmanı və idmançıları sevən biri rəhbər gətirilsə cüdo inkişaf edər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.