DYP-nin kobud səhvi – Sürücülərə göndərilən MMX-da 3 yalnışlıq var – FOTO+VİDEO

7-09-2015, 17:25           
DYP-nin kobud səhvi – Sürücülərə göndərilən MMX-da 3 yalnışlıq var – FOTO+VİDEO
Bakı-Sumqayıt yolunda sürücüləri cərimələmək bir yana, cəriməni artıq yazıb 3 bal da tətbiq edirlər
Oxucularımızdan biri Avtosfer.az-a şikayət xarakterli müraciət göndərib. Müraciətə onun barəsində tərtib olunmuş MMX protokol da əlavə edilib. Oxucu deyir ki, protokolun qanuniliyinə ciddi şübhəsi var və şübhələrinin əsaslı olub-olmadığını bilmək istəyir. Onun göndərdiyi MMX protokolu və protokola əlavə olunmuş, qayda pozuntusunu əks etdirən fotoya diqqət etdikdə biz də heyrətləndik. Çünki əlavə olunan fotoda əksini tapan qayda pozuntusu protokolda qeyd edilənlərlə uyğun gəlmir. Məsələni dəqiqləşdirmək üçün hüquqşünas Ərşad Hüseynova müraciət etdik. Hüquqşünasın Avtosfer.az-a açıqladığı fikri olduğu kimi təqdim edirik: “Göndərdiyiniz MMX protokola və ona əlavə olunan fotoya diqqətlə baxdım. Əvvəl elə düşündüm ki, texniki səhvə yol verilib, lakin bir qədər araşdıranda əmin oldum ki, bu, texniki səhv deyil.
Fotodan və oradakı qeyddən aydın olur ki, sürücü Bakı-Sumqayıt yolunda Bakı istiqamətində gələrkən yolun avtovağzala şaxələndiyi yerdə eyni istiqamətli hərəkət zolaqlarını ayıran bütöv düz xəttin (1.1 nişanlanmasının) tələbini pozur. Göstərilən halda və belə vəziyyətdə 1.1 nişanlanmasının tələbini pozma İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulan “yol nişanlanmalarının tələbini pozma” xətasıdır. Bu xətaya görə 40 manat cərimə nəzərdə tutulur. Amma bu qayda pozuntusu ilə bağlı tərtib olunan MMX protokolda sürücünün məsuliyyətini ağırlaşdırmaq məqsədi ilə 3 “səhvə” yol verilib:
1. Yazılır ki, guya, sürücü “Yol hərəkəti haqqında” Qanunun 61-ci maddəsini pozur. Amma istənilən şəxs bu Qanunu açaraq 61-ci maddəyə baxsa görər ki, bu maddədə sürücünün poza biləcəyi hər hansı qayda yoxdur. Həmin maddədə söhbət yollarda neçə növ nişanın tətbiq edilə bilməsindən, onlara dair ümumi məlumatdan, bu nişanların yollarda necə və kim tərəfindən qoyula bilməsindən gedir. Bu maddənin tələbini yalnız DYP əməkdaşları poza bilərlər, çünki yollara nişanları onlar qoyurlar.
2. MMX protokol sürücünün fotoda görünən əməlini İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə tövsif edir. Amma sürücü yolda 1.1 xəttini kəsərək əks istiqamətli hərəkət zolağına çıxdıqda onun əməli 151.2-ci maddə üzrə tövsif oluna bilər. Bakı-Sumqayıt yolunun həmin hissəsində 1.1 xəttinin əks istiqamətli zolaqları deyil, eyni istiqamətli zolaqları ayırdığını bilməyən isə yəqin ki, yoxdur. 3. Protokolda sürücünün bu əməlinə görə 60 manat cərimə nəzərdə tutulduğu qeyd olunur. Amma dediyim kimi, fotoda əks olunan qayda pozuntusunun cəriməsi cəmi 40 manatdır».
Ərşad Hüseynov əlavə etdi ki, bu MMX protokol və bunun kimi protokollar İnzibati Xətalar Məcəlləsinin protokollara dair 410-cu və 429-3-cü maddələrinin tələblərini də aşkar və kobud şəkildə pozulmaqla tərtib edilib.
Bax belə…
Doğurdan da, belə MMX protokolun necə meydana gəldiyini anlamaq çətindir. Axı necə ola bilər ki, eyni bir protokolda əks edilməli olan üç mühüm məlumatda “texniki səhv” buraxılır? Oxucumuz kimi, biz də bunun səhv olduğuna inanmırıq. Bəs onda bu nə deməkdir: Baş DYP İdarəsinin Mərkəzi İnformasiya Sisteminin (sürücülər buranı MMX şöbəsi kimi tanıyırlar) əməkdaşının qanunvericiliyi düzgün tətbiq etməməsi, yoxsa sürücünü bilərəkdən aldatması?
Hesab edirik ki, DYP bu suala aydınlıq gətirəcək.
Bizə müraciət edən oxucuya və belə halla rastlaşmış digər sürücülərə isə bildiririk ki, həmin problemin həlli üçün Baş DYP İdarəsinin adını çəkdiyimiz şöbəsinə müraciət etsinlər. Çünki bu MMX protokolun qanunsuz və əsassız olduğu şübhəsizdir.
P. S. Yeri gəlmişkən, son günlər həmin ərazidə radara düşdüyü üçün MMX radar protokolu alan sürücülərin sayı çoxalıb və hamıya da 60 manat və 3 bal tətbiq olunur…
[media=http://azinforum.az/?p=16187]














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.