İlham Əliyev baş konsulu geri çağırdı - 4 sərəncam, 1 fərman

10-09-2015, 20:28           
İlham Əliyev baş konsulu geri çağırdı - 4 sərəncam, 1 fərman
Prezident İlham Əliyev H.N.Nəcəfovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Hüseyn Nizami oğlu Nəcəfov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın". *** 19:03 İlham Əliyev R.F.İsmayılovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Rəşad Fail oğlu İsmayılov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin". *** İlham Əliyev R.F.İsmayılova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Rəşad Fail oğlu İsmayılova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilsin". 19:48 İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şahdağ Qış-Yay Turizm Kompleksinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın. 2. Müəyyən edilsin ki, Cəmiyyət Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfathesablı Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılmış, həmçinin tikintisi başa çatdıqca mərhələlərlə turizm və digər infrastruktur obyektlərini, nəqliyyat və kommunikasiya xətlərini istismara qəbul edir, həmin obyektlərin idarə edilməsini, o cümlədən müstəqil surətdə hüquqi və fiziki şəxslərlə müqavilə bağlayaraq istifadəyə (icarəyə) verilməsini təmin edir. 3. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin: 3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə: 3.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; 3.2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə: 3.2.1. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi; 3.2.2. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi; 3.2.3. Cəmiyyətin işçilərinin say həddinin və xərclər smetasının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilməsi; 3.2.4. Cəmiyyətin sədrinin və sədrin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 3.2.5. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli; 3.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə: 3.3.1. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi. 4. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. 5. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 5.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu iki ay müddətində təsdiq etsin; 5.2. Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən tikintisi başa çatdırılmış obyektlərin Cəmiyyətin balansına verilməsini bir ay müddətində təmin etsin; 5.3. Cəmiyyətin ərazisinin hüdudlarını müəyyənləşdirərək təsdiq etsin; 5.4. Cəmiyyətin balansında olan, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına inşa edilmiş obyektlərə çəkilən xərclərin onun nizamnamə kapitalına yönəldilməsini təmin etsin; 5.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 5.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 5.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 5.8. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi cari ildən başlayaraq, Cəmiyyətin büdcəsinin formalaşdırılması və maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Cəmiyyətin və onun səhmlərinin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirsinlər. 8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin". *** İlham Əliyev “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 555; 2003, № 3, maddə 153, № 10, maddə 570; 2005, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007, № 6, maddə 618, № 8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə 969, № 12, maddə 1059; 2009, № 2, maddə 64, № 3, maddə 163, № 8, maddələr 619, 621, № 10, maddə 785, № 11, maddə 884; 2010, № 2, maddə 80, № 3, maddə 180, № 9, maddə 776, № 12, maddə 1061; 2011, № 2, maddə 85, № 4, maddə 288, № 6, maddə 491, № 8, maddə 752, № 10, maddə 896; 2012, № 11, maddə 1114, № 12, maddə 1241; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 7, maddə 810, № 9, maddə 107, № 10, maddə 1222) aşağıdakı dəyişikliklər edilsin: 1.1. Fərmanın 1 nömrəli əlavəsinə - “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin: “2.1-1. “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının 15.2-ci (sellülar (mobil) – (texnoloji standartın adı göstərilməklə) bəndi üzrə lisenziyanın verilməsi (qüvvədə olma müddətinin uzadılması) üçün lisenziya verən dövlət orqanı ilə ərizəçi arasında lisenziya müqaviləsi imzalanır.”; 1.2. Fərmanın 2 nömrəli əlavəsinin - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 15.2-ci bəndinə “sellülar (mobil)” sözlərindən sonra “- (texnoloji standartın adı göstərilməklə)” sözləri əlavə edilsin və 15.9-cu bəndi ləğv edilsin; 1.3. Fərmanın 3 nömrəli əlavəsinin - “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin siyahısı”nın 8.2-ci bəndinə “sellülar (mobil)” sözlərindən sonra “- (texnoloji standartın adı göstərilməklə)” sözləri əlavə edilsin və 8.7-ci bəndi ləğv edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. sellülar (mobil) – (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.